Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan kapitanı Elçin Ağayevin övladı Şuşaya şəxsiyyət vəsiqəsi verilib.
Boyukmillet.com-un xəbərinə görə, bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edək ki, Şuşa Elçin qızı Ağayeva yanvarın 22-də Cəlilabad rayonunda dünyaya göz açıb. Körpəyə bu ad şəhid atasının bir zamanlar həsrətini çəkdiyi Şuşa şəhəri ilə əlaqədar qoyulub.
Şuşa şəhidin üçüncü övladıdır.
Xatırladaq ki, E.Ağayev 2020-ci il sentyabrın 27-də – Vətən müharibəsi başlayanda torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərə qatılıb. Bir sıra uğurlu əməliyyatlarda fəal iştirak edib. Qəhrəman zabitimiz ötən il oktyabrın 6-da Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. O, oktyabrın 7-də doğulduğu kənddə torpağa tapşırılıb.
E.Ağayev göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.