Cümə , 10 May 2024
Drone Cameras

Vətən müharibəsi şəhidinin xatirə lövhəsinin açılışı olub

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Qənbərli Vüsal İlkin oğlunun xatirəsi ehtiramla anılıb.

Boyukmillet.com şəhidin anım mərasimində rayon ictimaiyyətinin nümayəndələri onun ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər.

Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Tədbir zamanı qəhrəman şəhidimizin yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı olub.

Qeyd edək ki, Vətən Müharibəsi şəhidi Qənbərli Vüsal İlkin oğlu- 30 mart 1995-ci il Biləsuvar rayon Günəşli kəndində anadan olub. 2002-2011-ci illərdə Qaradağ rayon Müşfiqabad qəsəbəsində yerləşən Etibar Şirəliyev adına orta məktəbdə təhsilini başa vurub. 29 mart 2014-cü il tarixindən 1 oktyabr 2015-ci il tarixinədək Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. Şəhid ailəsi ilə birlikdə Müşfiqabad qəsəbəsində yaşayıb.

Vüsal Qənbərli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsinin əvvəlində ilk qoşulan könüllülərdəndir. Qubadlı və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Şəhid Vüsal Qənbərli 20 dekabr 2020-ci il tarixində doğulduğu Biləsuvar rayon Günəşli kənd məzarıstanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Vüsal Qəmbərli ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət etsin!

Check Also

Norveçli səyahətçilər Şuşa şəhərində səfərdədir

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Şuşada səfərdədir. Boyukmillet.com …