“Formula 1” üzrə Azərbaycan Qran-prisinin təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Bakının müxtəlif yerlərində ağacəkmə aksiyasi keçirib.
BŞH-dən verilən məlumata görə, məqsəd 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini əbədiləşdirməkdən ibarət olub.
Şirkətin işçi heyəti, marşal və könüllülərindən ibarət bütün kollektivin qatıldığı aksiyaya Bakı Su İdmanı Sarayının yaxınlığında start verilib. Xüsusi ayrılmış yerdə çoxlu sayda ağac əkən aksiya iştirakçıları daha sonra Bakı Olimpiya Stadionuna (BOS) yollanıblar. Burada onlara AFFA-nın könüllüləri qoşulub.
İştirakçılar hər iki məkanda ümumilikdə 321 ağac əkiblər.
Şəhidlərin əziz xatirəsinin qeyd olunduğu xatirə lövhəsi də quraşdırılıb. Əməliyyat şirkətindən bildiriblər ki, şəhidlərdən biri BŞH könüllüsü olub. Əkilən ağaclar idman ictimaiyyətinin 321 şəhidinin simasında bütün şəhidlərə həsr olunub.
Aksiyaya qoşulanlar Vətən uğrunda canından keçənlərin hörmətini hər bir müstəvidə daim əziz və uca tutacaqlarını bildiriblər.