Bazar , 22 Dekabr 2024
Drone Cameras

Vasif Talıbovun piara ehtiyacı yoxdur, amma Naxçıvanın var

Aqil Abbas

Milli Məclisin deputatı

“Vasif Talıbovun da necə bir şəxsiyyət olduğunu, bacarığını, qabiliyyətini, işgüzarlığını möhtərəm prezident biz qəzetçilərdən dəfələrlə yaxşı bilir”
Bu günlərdə Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun dəstəyi və təşəbbüsü ilə ölkənin aparıcı qəzetlərinin, informasiya agentliklərinin rəhbərləri və əməkdaşları Naxçıvan Muxtar Respublikasına səfər etmişdi. Məqsəd həm ölkə mətbuatının, həm də Naxçıvan MR-in kütləvi informasiya vasitələrinin icra strukturları ilə, dövlət orqanları ilə birgə fəaliyyətini araşdırmaq, problemləri öyrənmək, bu problemləri aradan qaldırmağın yollarını axtarmaq, əlaqələri möhkəmləndirmək və sair və ilaxır.
Çox təəssüf ki, bu vacib və həm də xoşməramlı bir səfərə bəzi həmkarlarımız kölgə salmağa çalışıblar. Guya burda hansısa məqsəd var və bu məqsədi açıqlayacağıq.
Əvvəla, KİV-ə Dəstək Fondu yaranandan indiyədək Mətbuat Şurası ilə birlikdə regionlardakı vəziyyəti öyrənmək, region qəzetlərinin problemlərinə yardım etmək, bölgələrdə çalışan jurnalistlərin fəaliyyətini gücləndirmək, onların sosial problemlərinə yardım etmək və sair və ilaxırla bağlı belə səfərlərin, belə tədbirlərin həyata keçirilməsi sıradan bir hala çevrilib. Özü də təkcə regionda yox, Bakı şəhərinin rayonlarında da müxtəlif tədbirlər keçirilir. Bütün bunların hamısında əsas məqsəd müstəqil mətbuatımızın inkişafını gücləndirməkdir. Və bu səfərlərdə, tədbirlərdə əsasən müstəqil mətbuatın və müxalif qəzetlərin rəhbərləri və ya nümayəndələri iştirak edirlər, elə bir ayrı-çeçkilik də qoyulmur. Son zamanlar aparıcı saytların əməkdaşları da bu tədbirlərdə iştirak edirlər.
Naxçıvan səfəri də planlaşdırılmış səfərlərdən biri idi. Burda nə isə gizli bir məqsəd axtarmaq, bu səfərin nəyəsə və kiməsə xidməti üçün həyata keçirildiyini qabartmaq boş və mənasız bir məsələdir.
Gəncə səfərində də məqsəd güdülmüşdü, Ağdam səfərində də məqsəd güdülmüşdü, Tərtər, Yevlax, Zərdab, Ağcabədi və sair və ilaxır.
Gələk mətləbə. Səfərə kölgə salmaq istəyənlər iddia edirlər ki, guya bu səfər Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun piarını təşkil etmək üçün həyata keçirilib. Belə ki, guya Vasif Talıbov vitse-prezident olmaq istəyir, bizlər də getmişikmiş onun piarını təşkil etməyə.
Əvvəla, mətbuatın tənqidi yazılarına görə hansısa məmurun, lap nazirin belə işdən çıxarılması hallarına çox rast gəlmişik və indən belə də rast gələcəyik. Amma mətbuatın tərif dolu yazılarına görə kiminsə vəzifəyə gətirildiyinin şahidi olmamışıq. Yüksək vəzifələrə təyinatlar möhtərəm prezidentin müstəsna səlahiyyətinə daxildir. Və möhtərəm prezident də kimlərisə vəzifəyə təyin edərkən qəzetlərin tərifi yazılarını deyil, həmin şəxsin dövlətə və dövlətçiliyə sədaqətini və xidmətini, ləyaqətini, elmini, şəxsi keyfiyyətlərini, bacarığını nəzərə alır. Və kadr məsələləri ilə də mühüm bir dövlət orqanı olan Prezident Administrasiyası məşğuldur. Kimin kim olmağı haqqında arayışları da həmin Administrasiya hazırlayır, mətbuat hazırlamır.
Vasif Talıbovun da necə bir şəxsiyyət olduğunu, bacarığını, qabiliyyətini, işgüzarlığını möhtərəm prezident biz qəzetçilərdən dəfələrlə yaxşı bilir. Əgər bilməsəydi böyük bir respublikanı, özü də çox böyük strateji əhəmiyyətə malik bir respublikanı ona tapşırmazdı.
Qısası, Vasif Talıbovun piara ehtiyacı yoxdur.
Amma Naxçıvanın piyara çox böyük ehtiyacı var, həm ölkəmiz daxilində, həm də sərhədlərimizdən kənarda. Xüsusilə də, deyək ki, Avropada.
Naxçıvan Allahın millətimizə bəxş elədiyi bir möcüzədi. Həm tarixi baxımdan, qədimliyi baxımdan, həm də təbiəti baxımından. Naxçıvandakı tarixi abidələrin siyahısını çıxarsaq görərik ki, Azərbaycanın bütün digər bölgələrindəki tarixi abidələr qədərdi və həm də daha qədimdir.
Bütün xalqlar tarixi abidələri ilə fəxr edir və bunu bütün dünyada reklam etməyə çalışırlar. Naxçıvan da öz tarixi abidələri ilə əvəzsizdir. Dünyanın xilas nöqtəsidir. Nuhun gəmisinin dayandığı bir torpaqdır. Zaman-zaman Azərbaycan dövlətinin paytaxtı olan bir torpaqdır. Nəiminin yatdığı bir torpaqdır. Böyük-böyük imperatorlara can verməyən torpaqdı. Hər dağı, hər daşı bir tarixi abidədi. Yəni mən bütün abidələrin adlarını sıralamaq fikrində deyiləm.
Həm də Naxçıvanın təbiəti bir möcüzədi: şəfaverici sular, mineral sular, dünyanın nadir duz sanatoriyası, Əlincəsi, Gəmiqayası, İlanlı dağı, Əshabi-Kəfi, Batabatı, Üzən adası, Ordubadı, Şahbuzu, Şəruru…
Dünyanın bir çox ölkələri elə təkcə turizmin hesabına yaşayır. Naxçıvan da turizm üçün ən gözəl bir diyardır. Əgər biz Naxçıvanın Azərbaycandan kənardakı piyarını düzgün təşkil edə bilsək on minlərlə yox ey, yüz minlərlə turist axını başlayar Naxçıvana.
Amma gəlin görək biz bunu lazımi səviyyədə təşkil edə bilirikmi? Telekanallarımız Naxçıvanın təbliğinə, turizm məkanlarının reklamına lazımi qədər diqqət ayırırmı? Biz dünyanın öndə gedən kanallarında Naxçıvanın reklamını, piyarını istənilən səviyyədə təşkil edə bilirikmi?! Rusiya kanallarında Naxçıvanın (söhbət təkcə Naxçıvandan getmir, elə Azərbaycanın da) reklamını və piyarını hansı səviyyədə qura bilmişik?! Rusiyanın elə bir kanalı yoxdur ki, hər gün Türkiyənin, Yunanıstanın və sair və ilaxır turizm məkanlarını dəfələrlə reklam eləməsin. Təbii ki, puluna minnət, bizim pulumuzmu yoxdu, imkanımızmı yoxdu?
Gərək ki, ötən il idi, hörmətli Vasif Talıbov kənd turizminin inkişafı ilə bağlı bir məsələni ortaya qoydu. O vaxt da buna ağız büzənlər tapıldı. Halbuki dünyanın bir çox ölkələrində kənd turizmi önəmli yerlərdən birini tutur. Deyək ki, bu ən çox İsveçrədə tətbiq olunur. Qısası, bu nədi? Yəni turist ailəsini götürür, ya tək, gəlir bir kəndə, kəndliyə qonaq. Bir həftə, iki həftə o kəndli ilə bir yerdə, hətta əkinə gə gedir, özünü bir ev sahibi kimi aparır. Kənddə bir xoş istirahətini təşkil edir. Kəndin adamları ilə oturur-durur, axşamlar kəndin çayxanasında dominosunu oynayır, şahmatını oynayır, futbolunu oynayır. Həm özü bu qarmaqarışıq dünyadan qaçır, həm kəndə bir şəhər ab-havası gətirir, həm də kəndli pul qazanır.
Azərbaycanın çox gözəl kəndləri var, Naxçıvanın çox gözəl kəndləri var, mən bu sahənin mütəxəssisi deyiləm, yaxşı olar ki, bu sahənin mütəxəssisləri kənd turizmi haqqında gözəl layihələr həyata keçirələr, bunun təbliğini təşkil edələr, maarifləndirmə aparalar.
Mənim özüm Azərbaycanın kəndlərini, hətta ən ucqar dağ kəndlərini belə gəzməyi sevirəm. Bəzən tanımadığım bir qapını döyüb «Allah qonağıyam» deyib çaylarını da içirəm, dərdləşirəm də. Ola bilər bu mənim yazıçılığımdan irəli gəlir, amma bu belədi.
Bəli, Naxçıvana iki günlük səfər elədik, təbii ki, bu iki gün bizə bəs eləmədi ki, (hərçənd ki, bir saat boş dayanmadım) Naxçıvanı bütünlüklə gəzə bilək, görə bilək, Naxçıvanı daha yaxından tanıya bilək. Belə qərara gəldik ki, may ayında da yenə Naxçıvan səfərinə çıxaq, inşallah.
Naxçıvanda keçirilən görüşlər, tədbirlər haqqında səfər dostlarımız çox maraqlı yazılar yazıblar və yazırlar, mətbuatda da dərc olunur. Bizim qəzet də onlardan seçmələri dərc edir.
Mən özüm iki il bundan öncə Naxçıvan haqqında silsilə məqalələr yazmışam. Elə ötən ay da qəzetimizin birinci müavini, şair Əbülfət Mədətoğlu Naxçıvanda ezamiyyətdə olmuşdu və silsilə yazılar yazmışdı. Buna görə də mən bu səfərlə bağlı nəsə yazmadım.
Bu yazını da səfərimizə kölgə salmaq istəyənlərə bir cavab olaraq yazdım.
Vasif Talıbovun piara ehtiyacı yoxdur! Amma Naxçıvanın piara ehtiyacı var!
Və bir də əgər kimsə qələm dostlarımızın Naxçıvanla bağlı yazdığı yazılara inanmırsa, bizə müraciət eləsin, ezamiyyə xərclərini ödəyərik, getsin, yazılan həqiqətləri öz gözləri ilə görsün.
P.S. Mətbuatda da bir neçə dəfə qeyd eləmişəm, hətta Parlamentdə də təklif etmişəm ki, Naxçıvan MR-in televiziyasına şərait yaradılsın ki, onu nəinki Azərbaycanın bütün bölgələrində izləyə bilsinlər, həm də Azərbaycandan kənarda izlənə bilsin.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir