Cümə , 19 Aprel 2024
Drone Cameras

Bəhruz Quliyev: “Amerikada demokratik seçki gözləntisi absurddur”

“ABŞ-da prezident seçkiləri ərəfəsində rəqib namizədlər – respublikaçı Tramp və demokrat Klinton arasında baş verən ziddiyyətli məqamları izlədikcə, nəzərə çarpan ilk amil dünyaya demokratiya ixrac etdiyi iddia olunan bir ölkənin görünməyən tərəflərinin ifşasıdır”. SİA xəbər verir ki, bu fikirləri Trendə “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən məsələ fonunda cərəyan edən olayları şərh edərkən deyib.

“İrəli sürdükləri iddialarda daha çox haqlı görünmək üçün seçiciləri qarşısında hətta bir-birlərini təhqir edib, bu vasitə ilə şou yaradan iki əsas namizədin rəqabət tərzi ABŞ-ın prezident seçkilərində uzun illərdir ki, müşahidə olunmamışdı. Əlbəttə ki, ittiham və ziddiyyətlərin yaranmasının köklü səbəblərindən biri ölkə siyasətində buraxılmış ciddi səhvlərdir”.

Bəhruz Quliyev bildirib ki, reallıqda ABŞ-ın seçki marafonu demokratik görünə bilər, amma ölkədaxili cəhətdən demokratiyanın tənəzzülə uğradığını da deyə bilərik: “Artıq Amerikada irqi diskriminasiyaların vüsət alması, zəncilərə qarşı qeyri-sağlam münasibətin yaranması, islamofobiya, ksenofobiya kimi olayların gündəlik tərzə çevrilməsi, KİV-lərin sifarişlərlə işləməsi, media nümayəndələrinin təqibi prosesi gedir desək, heç də yanılmarıq. Bütün bunlar məhz namizədlər tərəfindən də etiraf edilib. Baxın, respublikaçı namizəd Tramp bu günlərdə belə bir çıxış edib ki, prezident Obama Klintonun namizədliyini müdafiə etmək məcburiyyətindədir. Belə ki, Klinton dövlət katibi vəzifəsində işləyərkən, şəxsi elektron poçtunu dövlət işlərində istifadə edib. Bu isə kobud qanun pozuculuğudur. Klinton Obamanın rəhbərliyi altında bu posta sahib olub və indiki prezident bu məsələnin böyüməməsi üçün açıq şəkildə xanım Klintona siyasi dəstək göstərir.

Yaxud, Klintonun Trampı müxtəlif üsullarla ifşa etmək cəhdləri, rəqibini əxlaqsızlıqda günahlandırması, hətta seçicilərini ondan uzaq dayanmasına, siyasi toruna düşməməyə səsləməsi sivil, demokratik və normal seçki mühitinin qaba, qeyri-demokratik mühitlə əvəzlənməsindən xəbər verir”.

“Artıq bütün dünya və siyasi hadisələri doğru istiqamətdə təhlil etməyi bacaran ictimai rəy də etiraf edir ki, ABŞ-da 200 ildir ki, formalaşmış “Amerika demokratiyası” məhvolma prosesini yaşayır”-deyə vurğulayan Bəhruz Quliyev daha bir xatırlatma etdi: “Biz Azərbaycanda keçirilmiş prezident və parlament seçkilərindən, o cümlədən referendum səsvermələrindən sonra daha çox mərkəzi ofisləri ABŞ-da fəaliyyət göstərən bir sıra insan haqları, media azadlığı və başqa qurumların qərəzli hesabatları ilə qarşılaşmışıq. Bu hesabatların hər birində aşkar şər və böhtanların, sifarişlərin olması dəfələrlə sübuta yetirilib. Xüsusilə, Azərbaycan mətbuatında bu ətrafda çoxsaylı ifşa faktları işıq üzü görüb. İndi növbə ABŞ-dadır. Daha dəqiqi, ABŞ-da baş verən qanunsuzluqlardır ki, beynəlxalq aləm bu barədə ciddi açıqlamalar gözləyir. Məsələn, Trampın rəqibi Klintonun seçkilərdə “ölü canlardan” istifadə etməsi ətrafında səsləndirdiyi fikirlər də ciddi ittihamdır. Yaxşı olardı ki, zaman-zaman Azərbaycanı və s. ölkələri qeyri-demokratiyada ittiham edən ABŞ-ın insan haqları təşkilatları özlərində ədalət gücü tapıb, daxilində baş verən reallıqlar ətrafında hesabat və bəyanatlar yaysınlar. Dünya ictimaiyyəti də onlardan bunu gözləyir”.

Bəhruz Quliyev sonda deyib ki, bütün bunları nəzərə alaraq, Amerikada demokratik seçki gözləntisi absurddur: “Maraqlı faktlardan biri də ABŞ-da çoxpartiyalı sistem mövcudluğu ola-ola, orada respublikaçılarla demokratların bir-birlərini əvəzləmələridir. Bu nə cür demokratik dəyərlərə sığan bir hal sayıla bilər?! Bəs digər siyasi partiyalar nəyə görə fəaliyyət göstərir?! Düşünürəm ki, belə bir vəziyyətdə Amerikadan demokratik seçki gözləntisinə ümid bəsləmək sadəcə absurddur”.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir