Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Vüqar Oruc və Yaşar Bahçeci Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb – FOTO

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc və Bakıda keçirilən “Türk Dövlətləri Qiymətləndiricilərinin Zirvə Görüşü”ndə iştirak edən Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyində baş tutan görüşdə Türkiyənin Azərbaycandakı Ticarət Müşavirliyinin baş müşaviri Ahmet Erdal və Türkiyə Dəyərləmə Uzmanları Birliyinin İdarə Heyətinin üzvü Emrullah Acar iştirak edib.

Qonaqları salamlayan səfir Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucun və Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçecinin təşəbbüsü ilə Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunmasını tarixi hadisə kimi qiymətləndirib.

Səfir qeyd edib ki, Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin təşəbbüsü ilə türk dövlətləri arasında inteqrasiya bütün sahələrdə davam etdirilməlidir. Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin fəaliyyətinə yaxından dəstək olacaqlarını deyən diplomat əlavə edib ki, Türkiyə və Azərbaycan arasında iqtisadi münasibətlər də keyfiyyətcə yeni mərhələyə qədəm qoyub – səfir söyləyib.

Türkiyənin Azərbaycandakı Ticarət Müşavirliyinin baş müşaviri Ahmet Erdal Türkiyə və Azərbaycan qiymətləndiriciləri arasında Anlaşma Memorandumunun imzalanmasını, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstanın rəsmi üzvlüyü, eləcə də müşahidəçi üzv qismində Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin iştirakı ilə Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin yaradılmasının türk dövlətləri arasında iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfələr verəcəyini diqqətə çatdırıb. Ticarət elçisi rəhbərlik etdiyi qurumun da ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini diqqətə çatdırıb.

Görüşə görə səfirə təşəkkür edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib ki, ötən ilin may ayında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri seçildikdən sonra Türkiyəyə işgüzar səfər edib: “Bu səfər çərçivəsində türkiyəli həmkarım Yaşar Bahçeci ilə görüşdük və strateji qərarlar qəbul etdik. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə Türkiyə Dəyərləmə Uzmanları Birliyi arasında Anlaşma Memorandumu imzalandı. Eləcə də Azərbaycan və Türkiyənin təşəbbüsü ilə Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunması barədə razılıq əldə olundu. Qısa müddətə bu istəyimizi həyata keçirdik və Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Təşkilat Komitəsi fəaliyyətə başladı. Bu ilin iyun ayında Qazaxıstanın Türküstan şəhərində təsis birliyin təsis yığıncağı keçiriləcək.

Bakıda keçirilən “Türk Dövlətləri Qiymətləndiricilərinin Zirvə Görüşü” isə türk ölkələrin qiymətləndiriciləri arasında ilk rəsmi və canlı təmas oldu” –Vüqar Oruc vurğulayıb.

Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci türk dövlətlərin qiymətləndiriciləri arasında əməkdaşlığın gələcək perspektivlərindən bəhs edib. O bildirib ki, qardaş ölkələr arasında qiymətləndirmə sahəsində əməkdaşlığı artırmaq, münasibətləri yüksəltmək, təcrübə, fəaliyyət mübadiləsinə nail olmaq, qarşılıqlı təlimlərin keçirilməsi, vahid məlumat bazasının formalaşdırılması istiqamətində mühüm razılaşmalar əldə olunub.

Habelə birliyin nizamnaməsi qəbul edilib. Türkiyə və Azərbaycan prezidentləri – cənab Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyev türk dövlətlər arasında münasibətlərin inkişafına misilsiz töhfələr verir və biz də türk dünyası qiymətləndiriciləri olaraq liderlərimizin səyinə qoşularaq, türk ölkələr arasında səmərəli iqtisadi əməkdaşlığın qurulmasında fəal iştirak etmək niyyətindəyik” – deyə Bahçeci fikrini tamamlayıb.

Sonda görüş iştirakçıları xatirə şəkli çəkdiriblər.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …