Cümə , 22 Noyabr 2024
Drone Cameras

Vüsal Qasımlı dövlət xərclərinin idarə edilməsində 3 əsas məqsədi açıqlayıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Dünya Bankı ilə birlikdə “İdarəetmənin təkmilləşdirilməsində monitorinq və qiymətləndirmənin rolu” mövzusunda seminar keçirib.

“Report”un Mərkəzə istinadən verdiyi xəbərə görə, seminar Azərbaycanda milli monitorinq və qiymətləndirmə potensialına həsr olunub.

İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Dünya Bankı komandasına Azərbaycanda monitorinq və qiymətləndirmə potensialının qurulması, Strateji Yol Xəritələrinin monitorinq və qiymətləndirmə üçün metodologiya və çərçivənin hazırlanmasında göstərdiyi ekspert dəstəyinə görə təşəkkür edib:

“Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası” ortamüddətli xərclər çərçivəsi ilə vəhdət təşkil edir. Belə ki, qəbul olunan qaydalar dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində irəliyə atılmış daha bir addımdır və bununla da dövlət xərclərinin idarəedilməsində biz üç əsas məqsədə nail olacağıq. Bunlardan biri fiskal intizamın daha da artırılmasıdır. Fiskal intizam dövlətin makroiqtisadi stabillik və dayanıqlı iqtisadi artıma xidmət edən fiskal mövqeyə sahib olmasıdır. İkincisi, resursların dövlətin strateji hədəflərinə uyğun bölüşdürülməsi və ya strateji planlaşdırmadır. Burada əsas şərt dövlət xərclərinin ölkənin strateji sənədlərində müəyyən edilən hədəfi nəzərə almaqla iqtisadi, funksional və proqram təsnifatları üzrə rasional bölüşdürülməsidir. Üçüncü məqsədimiz isə dövlət xidmətlərinin səmərəliliyinin yüksəldilməsi istiqamətindədir. Bu hədəfin reallaşdırılması dövlətin büdcə vasitəsilə təqdim etdiyi xidmətlərin faydalılığının artırılmasıdır”.

Onlayn müzakirədə Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə departamentinin dövlət sektoru üzrə baş mütəxəssisi xanım Kathrin Plangemann və Dünya Bankının dövlət sektoru üzrə aparıcı mütəxəssisi xanım Elena Georgieva-Andonovska iştirak ediblər.

Xanım Plangemann monitorinq və qiymətləndirmə hesabatlarının hazırlanması və nəşr edilməsi, eləcə də dövlət proqramlarının nəticələrə əsaslanan monitorinq və qiymətləndirmə metodologiyası əsasında dünyanın ən qabaqcıl sistemlərindən birinin qurulmasında İİTKM-in rolunu yüksək qiymətləndirib. O qısa müddət ərzində monitorinq və qiymətləndirmə sahəsində dünyanın aparıcı qurumları və şəbəkələri ilə İİTKM-in əməkdaşlığını və monitorinq.az portalı kimi yenilikçi rəqəmsal texnologiyanın tətbiq edilməsinin təqdirəlayiq hal olduğunu bildirib.

Elena Georgieva-Andonovska Dünya Bankının yeni təşəbbüsu olan “Govtech” və eləcə də “Rəqəmsal iqtisadiyyat strategiyası” barədə məlumat verib. O, monitorinq və qiymətləndirmənin təkcə maliyyə xərclərinə nəzarət etmək üçün deyil, həm də idarəetmənin səmərəliliyinin artırılmasında rolundan bəhs edib. Eləcə də e-idarəetmə və elektron xidmətlərin, bir pəncərə xidmətlərinin də monitorinq və qiymərləndirilməsinin aparılmasının proqresi ölçməyə imkan verdiyini qeyd edib.

Check Also

SOCAR Türkiyədəki təbii qaz paylama biznesini satmağa çalışır

Bunun üçün danışıqlara başlanıldığı bildirilir SOCAR Türkiyədəki təbii qaz paylayıcı biznesini satmaq üçün danışıqlar aparır.Qurumun …