Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin sahilində monitorinqlər keçirib.
Bu barədə Trend-ə ETSN-in mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər görür.
ETSN tərəfindən Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında və “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğu quraşdırılıb.
Nazirlik tərəfindən modul tipli çirkab sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Belə ki, təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb, son 10 il ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen bakteriya olan Escherichia coli-nin (E.coli) miqdarı minimum həddə çatıb. Aparılan tədqiqatların nəticələrinə görə qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi norma daxilindədir. Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi (Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb.
Qeyd olunan bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən olunub.
2017-ci ilin may ayında Xəzər dənizinin sahilində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə, eləcə də digər çimərlik sahələrində aparılan mikrobioloji təhlillərin nəticələri:
s/s | Rayonun adı | Çimərliyin adı | Mikrobioloji çirklənmə dərəcəsi, bağırsaq çöpü bakteriya qruplarının miqdarı (ədəd/litr), norma göstəricisi < 5000 | ||||||||||
2007-ci il | 2008-ci il | 2009-cu il | 2010-cu il | 2011- ci il | 2012- ci il | 2013-cü il | 2014- cü il | 2015- ci il | 2016- cı il | 2017-ci il | |||
1 | Sumqayıt | Sumqayıt | 11 500- 260 000 çirkli | 11 500- 260 000 çirkli | 10 300- 250 000 çirkli | 11 500-320 700 çirkli | 10 800-205 700 çirkli | 10 500-195 200 çirkli | 36 000-198 000 çirkli | 321 000-133 000 çirkli | 410 000-145 000 çirkli | 520 000- 153 000 çirkli | 488000- 169000 çirkli |
2 | Binəqədi | *Novxanı | 10 500-19300 çirkli | 9800-17000 çirkli | 7600- 8900 çirkli | normal | normal | normal | normal | normal | normal | normal | normal |
3 | Sabunçu | *Pirşağı | 12600-21000 çirkli | normal | normal | normal | normal | normal | normal | normal | normal | normal | normal |
4 | Sabunçu | *Nardaran | 8700-14800 çirkli | normal | normal | normal | normal | normal | normal | normal | normal | normal | normal |
5 | Sabunçu | *Bilgəh | 7800-13900 çirkli | normal | normal | normal | normal | normal | normal | normal | normal | normal | normal |
6 | Xəzər | *Zaqulba | 9100-12000 çirkli | normal | normal | normal | normal | normal | normal | normal | normal | normal | normal |
7 | Xəzər | *Buzovna | 8800-12800 çirkli | normal | normal | normal | normal | normal | normal | normal | normal | normal | normal |
8 | Xəzər | *Mərdəkan | 9000-11000 çirkli | normal | normal | normal | normal | normal | normal | normal | normal | normal | normal |
9 | Xəzər | *Şüvəlan | 8100-12900 çirkli | normal | normal | normal | normal | normal | normal | normal | normal | normal | normal |
10 | Suraxanı | Hövsan | 17 900-24 000 çirkli | 15 500 – 13 000 çirkli | 14 300- 11 000 çirkli | normal | normal | normal | normal | normal | normal | normal | normal |
11 | Səbail | Şıx | 8 700- 16 200 çirkli | 7 700- 14 300 çirkli | 7 200- 13 500 çirkli | 6 700- 12 900 çirkli | 6 500- 11 800 çirkli | 6 600- 11 900 çirkli | 69 000- 788 000 çirkli | 71 000- 38 000 çirkli | 263 000- 34 000 çirkli | 284 000- 46 000 çirkli | 276000-53000 çirkli |
12 | Qaradağ | Sahil | 9 600- 13 000 çirkli | 7 600- 11 400 çirkli | 7 500- 10 500 çirkli | 5 800- 15 300 çirkli | 5 500- 15 000 çirkli | 5 600- 15 100 çirkli | 24 000- 71 000 çirkli | 790 000- 350 000 çirkli | 398 000- 150 000 çirkli | 420 000- 167 000 çirkli | 462000-188000 çirkli |
Qeyd: < 5000 – normal, >10000 – çirkli
*- lokal modul tipli təmizləyici qurğuların mövcud olduğu yerlər
Abşeron yarımadasının sahil zolağında modul tipli təmizləyici qurğular quraşdırılmadan əvvəl dənizdən götürülən su nümunələri üzərində aparılmış təhlillər zamanı mikrobioloji baxımdan bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan dəfələrlə artıq təyin edilib. Lakin ETSN tərəfindən modul tipli təmizləyici qurğular quraşdırıldıqdan sonra həmin ərazilərdə mütəmadi keçirilən monitorinqlər nəticəsində çirklilik dərəcəsinin tədricən azalması qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən birgə keçirilən monitorinq zamanı dənizdən götürülən su nümunələri üzərində aparılan laborator təhlillərin nəticələri qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen E.coli-nin miqdarının minimum həddə çatmasını təsdiq edir. Göründüyü kimi, son 10 il ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı norma həddinə çatıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağında aparılan son tədqiqatların nəticələri bunu deməyə əsas verir ki, qeyd olunan qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.