Boyukmillet.com yap.org.az-a istinadən tarixçi Arzu Abdullayevlə müsahibəni təqdim edir:
Tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev
– Arzu müəllim, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 105 il ötür. Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yerini və rolunu necə dəyərləndirirsiniz?
– Ötən əsrin ikinci onilliyi bir sıra xalqların həyatında mühüm hadisələrlə yadda qaldığı kimi Azərbaycan xalqının da tarixində silinməz izlər qoydu. Bu, o dövr idi ki, çar Rusiyasının devrilməsinin ardından “xalqlar həbsxanası” sayılan böyük bir imperiyanın təsirində olan millətlər öz müstəqillikləri uğrunda mübarizəyə qalxır, istiqlaliyyətləri üçün mücadilə aparırdılar.
1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın tarixində mühüm bir hadisə idi. Belə ki, müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, öz müstəqil dövlətinə sahib oldu. Birinci Dünya Müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq şəraitdə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti öz fəaliyyətinin əsas hissəsini ilk növbədə Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq, qonşu dövlətlərlə münasibətləri qaydaya salmaq təşkil edirdi. Bununla yanaşı, Cənubi Qafqaz respublikaları arasında mübahisəli məsələləri, xüsusilə, Ermənistanın ərazi iddiası məsələsini həll etmək idi. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdı. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi kimi meydana çıxdı.
Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Ancaq mürəkkəb beynəlxalq şəaitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin və xalq maarifinin, eləcə də səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif məktəblər, gimnaziyalar, qız məktəbləri, kitabxanalar və xəstəxanaların açılması o dövrdə sosial-iqtisadi yönümlü islahatların həyata keçirilməsi istiqamətində atılan mühüm addım idi. Bu baxımdan Azərbaycan Parlamentinin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun Cümhuriyyət xadimlərinin xalq qarşısında çox mühüm tarixi xidməti idi.
Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti və Parlamenti bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Bu zaman Azərbaycan Parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etməsi heç şübhəsiz, elm və təhsilə göstərilən böyük diqqət idi.
Bu gün Cümhuriyyətin yaranmasından 105 il ötməsinə baxmayaraq, hər bir azərbaycanlı bu şanlı tarix ilə qürur duyur.
– Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Bu gün müstəqil dövlətimizin inkişafı, beynəlxalq müstəvidə tutduğu mövqe ilə bağlı fikirlərinizi bilmək istərdik…
– XX əsrin sonunda yenidən müstəqillik əldə edən Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin zəngin siyasi təfəkkürü, idarəçilik təcrübəsi və uzaqgörən fəaliyyəti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamaqdan, yəni qısa zamanda müstəqilliyini itirməkdən xilas oldu. Ulu öndər Heydər Əliyev həmin dövrdə ciddi təhdid və təhlükələr qarşısında olan müstəqilliyimizi qorudu və müasir, güclü, nüfuzlu dövlət kimi çıxış edən və böyük bir regionda lider ölkəyə çevrilən Azərbaycanın təməlini qoydu.
Ulu öndər Heydər Əliyev bildirirdi ki, müasir Azərbaycan dövləti məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu nöqteyi-nəzərdən, müasir Azərbaycanın hər bir uğuru tariximizin parlaq səhifəsinə çevrilmiş Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyduğu ənənələri özündə yaşadır və bununla da dövlətçilik ənənələri müasir dəyərlərlə sintez olunaraq inkişaf etdirilir. AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, Cümhuriyyət rəhbərlərinin xatirəsi əziz tutulur. Tarix hər zaman ədalətin gec də olsa, bərpa olunması ilə təkrarlanıb. XX əsrin əvvəlində xalqımız qarşısında tarixi əhəmiyyət kəsb edəcək işlər görməyi qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra xalqımız bir daha müstəqillik əldə etdi.
Ulu öndər Heydər Əliyevin üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində Cümhuriyyətlə bağlı səsləndirdiyi fikirlər olduqca əlamətdar və yaddaqalandır. O, Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi bəyannaməni yüksək qiymətləndirərək sənəddə əks olunmuş prinsiplərin – Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə, qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsiplərinin Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdığını vurğulayıb. Ümummilli Liderimiz həmin çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacağını söyləyib.
Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyi münasibətilə xalqa müraciət edən Ulu öndər Heydər Əliyev Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi kimi xarakterizə edirdi: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Gördüyü bir sıra məqsədyönlü işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir”.
Bu uğurlu siyasəti Prezident İlham Əliyevin hakimiyyəti dövründə həyata keçirdiyi zəngin fəaliyyət konsepsiyası daha da gücləndirdi. Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət, dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli platformada əməkdaşlıq əlaqələrinin qurulması bu sırada əhəmiyyətli yer tutdu. Prezident İlham Əliyev milli mənafelərlə bağlı problemlərin həllində həssas və fəal yanaşma nümayiş etdirdi. Azərbaycan dünyanın maraq dairəsinə əbədi daxil oldu və geosiyasi platformada ölkəmiz güc və nüfuz sahibinə çevrildi. Bu mənada İlham Əliyev faktoru Azərbaycanın xarici siyasət maraqlarının reallaşmasında xüsusi mövqeyi ilə seçildi.
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamında göstərilir ki, “Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı”.
Dövlətimizin başçısı İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişdir. Bu bəyanat da sübut edir ki, ölkəmizdə dövlət səviyyəsində dövlətçilik ənənələrinə, dövlətçilik tarixinə böyük önəm verilir. Cümhuriyyət dövrü tariximizin şanlı səhifələrindən biri hesab edilir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması onun milli-mənəvi dəyərlərimizə, tariximizə, keçmişimizə və bu günümüzə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Sevindirici haldır ki, artıq müstəqil dövlətimiz bir çox mötəbər, beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu isə ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Azərbaycan təkcə regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan ölkə və strateji tərəfdaş kimi tanınır. Fərəhli haldır ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində şanlı Qələbəsi ilə dövlətimizin ərazi bütövlüyü bərpa edildi. Bu isə dövlət müstəqilliyimizin ildən-ilə möhkəmləndiyini, Azərbaycanın qüdrətinin daha da artdığını göstərir.
Bir sözlə əsrin əvvəllərində, 1918-1920-ci illərdə qurulmuş və cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, əsrin sonlarında, 1991-ci ildə müstəqil dövlət kimi tarix səhnəsinə qədəm qoyan Azərbaycan Respublikası artıq öz tarixinin üçüncü onilliyinə qədəm qoyub. Ölkəmizdə milli dövlətçilik günbəgün inkişaf edir və möhkəmlənir. Biz belə bir dövlətin vətəndaşları olduğumuzdan qürur duyuruq.