Cümə , 29 Mart 2024
Drone Cameras

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayıb

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayıb.

Boyukmillet.com xəbər verir ki, səhər saatlarında festival proqramı üzrə tamaşaların, iştirakçı ölkələrin sənətkarlıq nümunələrinin və milli mətbəxinin təqdimatı olub.

Qeyd edək ki, festival günlərində şəhərin müxtəlif məkanlarında “Bayraq”, “Qəhrəmanlıq”, “Qarabağ məclisi”, “Poeziya”, “Dədə Qorqud”, “Dərvişlər”, “Molla Nəsrəddin” mövzularında guşələr də yaradılıb. Bu guşələrdə müxtəlif bədii təqdimatlar, tamaşalar göstərilir.

Eləcə də Cıdır düzü, Üzeyir Hacıbəylinin heykəlinin qarşısı, Bülbülün ev-muzeyi və Şuşanın digər məkanlarında keçiriləcək tədbirlər çərçivəsində müxtəlif konsert proqramları, sərgilər və film nümayişləri olacaq.

Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edir.

Üç gün davam edəcək festivalda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olunur.

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …