Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

XİN başçılarının Hamburq toplantısı: ATƏT-in acizliyi, alman nazirin “barmağı” – ŞƏRH

Ötən gün Almaniyanın Hamburq şəhərində ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası keçirilib. Bu sayaq beynəlxalq tədbirlərdə Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə bağlı ədalətli qərarın çıxarılacağına bir qayda olaraq ümid edirik. Ancaq təəssüf ki, nəticədə həmişə söz oyunundan başqa bir nəsnə olmur.

Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq vasitəçilik missiyasını ATƏT və onun tərkibində fəaliyyət göstərən Minsk qrupu götürdüyündən bu təşkilatın tədbirləri Azərbaycan tərəfi üçün daha əhəmiyyətli sayılır. Çünki həmin toplantılardan ümidverici, ədalətli bəyanatlar, torpaqların işğaldan azad edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətə təsir edəcək əməli addımların atılacağı gözlənilir.

Ancaq təəssüf ki, ATƏT-in 2016-cı ildə keçirilən son belə toplantısında da işğalçı yenə adı ilə çağırılmadı.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 23-cü iclas çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunub. Ermənistanın destruktiv siyasəti və görüşdən yayınmaq cəhdləri nəticəsində həmsədrlərin təklif etdiyi 3+2 (Rusiya, ABŞ, Fransa və Ermənistan, Azərbaycan) formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmayıb.

Fransanın xarici işlər naziri Jan Mark Eyro iclasda deyib: “Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli işinə sadiqdir”.

Onun sözlərinə görə, Fransa münaqişənin həlli üçün substantiv danışıqların aparılmasını və etimadyaradıcı tədbirləri dəstəkləyir.

ABŞ, Fransa və Rusiya XİN rəhbərlərinin Hamburqda qəbul etdiyi bəyanatda isə bildirilib: “ATƏT-in Minsk qrupu üzvləri yekdilliklə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasının tərəfdarı, Ermənistan və Azərbaycan dövlət başçılarının görüşünü təşkil etməyə hazırdır.

Biz əminik ki, ən yaxın imkan daxilində bu danışıqlar baş tutmalıdır. Həmsədrlərin dəstəyi ilə baş tutan birbaşa dialoq etibarın formalaşdırılmasında və sülh prosesinin davam etdirilməsində ən vacib elementdir”.

Con Kerri, Jan-Mark Eyron və Sergey Lavrovun birgə bəyanatında daha sonra bu ilin aprelindəki döyüşlər vurğulanıb: “Aprel ayında qoşunların təmas xəttində baş vermiş gərginliyi nəzərə alaraq, biz davam edən silahlı insidentlərdən, ağır silahlardan istifadədən, o cümlədən güc tətbiqi barədə yayılan məlumatlardan narahatlığımızı bildiririk və təhdid və ya güc tətbiqini qətiyyətlə pisləyirik”.

Münaqişənin hərbi yolla həlli olmadığını deyən xarici işlər nazirləri dinc əhalinin öldürülməsinin yolverilməz olduğunu bildiriblər.

Elmar Məmmədyarov iclas çərçivəsində Almaniya xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə də görüşüb.

Azərbaycanlı diplomat görüşdə etimad quruculuğu tədbirləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi kimi məsələlərin müzakirəsinin münaqişənin həlli ilə bağlı aparılan substantiv danışıqlar prosesi ilə sinxronlaşdırılmasının və onun tərkib hissəsi olmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, ATƏT-ə Almaniyanın sədrliyi başa çatır. 2017-ci ildən bu quruma alman dilli başqa bir dövlət, Avstriya sədrlik edəcək.

Hamburq toplantısında Dağlıq Qarabağla bağlı verilən bəyanatlar və edilən çıxışlarda yeni heçnə olmadı. Azərbaycan tərəfi istisna (təbii və qanuni olaraq) olmaqla bütün tərəflərin çıxışında problemin həlli ilə bağlı kosntruktiv təklif yenə olmadı. ATƏT-in Minsk Qrupundakı həmsədr dövlətlərin XİN başçıları yenə prezidentlərin görüşlərindən danışmaqla məsuliyyətdən yaxalarını çəkdilər. Beynəlxaq vasitəçilərin danışdığı yeganə mövzu aprel döyüşləri və eskalsiyanın, gərginliyin artmasıdır. Onların heç biri Azərbaycan torpaqlarının işğal altında olması faktını indiyədək dilə gətirməyib. Hərdən Azərbaycanın ərazi bütövlüyündən danışırlar, ancaq işğal faktının yanından belə ötmürlər. Bu, münaqişənin həllində vasitəçiliyi öz üzərinə götürən beynəlxalq ictimaiyyət təmsilçilərinin gülünc məntiqidir.

Aprel döyüşlərinə gəldikdə. İnsan itkisini Azərbaycan tərəfi də istəmir. Ancaq işğal faktı niyə unudulur? Niyə Azərbaycan vətəndaşı olan ermənilər beynəlxaq vasitəçilərin girovuna çevrilir? Belə suallara cavab torpaqların işğaldan azad edilməsindən keçir.

Deməsi belə artıq olsa da atəşkəs ermənilər tərəfindən pozulub. Bu ilk hadisə deyil. Səbəbi də aydındır. Ermənistan havadarları və himayədarlarından daha çox yardım almaq üçün əvvəllərdə bu sayaq addımları atıb. Torpaqları işğal altında saxlamağa imkanı çatmadığından atəşkəsi pozmaqla zaman-zaman təxribata əl atır. Azərbaycan tərəfi isə ona cavab verib.

Məsələyə başqa tərəfdən yanaşsaq, ABŞ, Almaniya, Fransa və Rusiya pozulan ərazi bütövlüyünü necə bərpa edərdisə, yaxud bunu beynəlxalq hüquqla necə əsaslandırardısa, Azərbaycan tərəfi də eyni addımı atır.

Rəsmi Bakı və Azərbaycan ictimaiyyəti Qarabağın işğal faktı ilə bağlı status-kvonu qəbul etmək istəmir. Ermənistanın isə o torpaqları uzun müddətə işğal altında saxlamağa nə maliyyə, nə insani, nə də hərbi gücü var. Buradan belə çıxır ki, torpaqların işğal altında saxlanılmasına yardımı elə beynəlxaq vasitəçilərin arasından bəziləri edir. Daha doğrusu, Minsk qrupundakı üçlük və özünü bu məsələdə çox şübhəli aparan Almaniya.

Belə ki, Ermənistan KİV-ində yayılan bir xəbər üçlüyə Almaniyanın da əlavə edilməsinə səbəb olub.

Məlumata görə, azərbaycanlı bir jurnalist Frank-Valter Ştaynmayerə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların “dalana dirəndiyi”ni deyib.

Almaniyalı diplomat deyəsən bundan çox əsəbiləşib və səhvlər buraxıb.

“Mən barmağımla göstərmək istəməzdim, ancaq buna cavab verəcəyəm. Bu ilin aprelində başlayan münaqişə nəticəsində çoxlu sayda insan əzab-əziyyət çəkdi”, – deyə o vurğulayıb.

Heç şübhəsiz, içində azacıq da olsa ədalət hissi qalan hər kəs Ştaynmayerin barmağının işğalçıya tuşlanmasını istərdi. Ancaq almaniyalı diplomatın buna cürəti çatmır.

O, bunu ATƏT-in zəif qurum olduğunu etiraf etməklə də bəyan edib: “Əlbəttə, ATƏT münaqişələri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini həll edə bilmir. Ancaq riskləri azalda bilir”.

Beləliklə, ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı heç nə ilə yadda qalmadı. Bu tədbirin yadda qalan ən önəmli məqamı iclasdan sonra Ştaymayerin mətbuat konfransında “barmağı” ilə bağlı verdiyi bəyanatıdır. Qalanını isə hamı bilir.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir