Bazar , 26 May 2024
Drone Cameras

Xocalı və Buça qətliamları: “İkili standartlar və cəzasızlıq yeni soyqırımıların törədilməsinə səbəb olur”

Rusiya Ukraynaya qoşun yeritdiyinə görə demək olar ki, hər gün rəsmi Moskvaya qarşı yeni sanksiyalar tətbiq olunur. Aprelin 7-də Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyü dayandırılıb. Rusiyaya qarşı belə sərt tədbirin görülməsi Ukraynanın Buça şəhərində törədilən qətliamdır. Martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər – mülki əhalinin öldürülməsi, işgəncələr, zorlamalar və talan faktları aşkarlanıb.

Azad edilmiş Buçada jurnalistlərin çəkdiyi və mülki şəxslərin meyitlərinin əks olunduğu fotolar bütün dünyaya yayılıb. Hadisə Rusiya, Ukrayna və müxtəlif ölkələrdə fəallar, siyasətçilər və mədəniyyət xadimləri tərəfindən pislənilib. Bir sıra mötəbər nəşrlər, ekspertlər hadisəni soyqırımı aktı kimi qiymətləndirib və qətliamı törədən hərbçilər nasist Almaniyasının hərbi cinayətkarları ilə müqayisə edilib.

Bəli, dünya, o cümlədən Qərb Buçadakı hadisələrə vahid mövqedən yanaşır, qətliamı pisləyir. Bu, təqdirəlayiq münasibətdir.

Amma yaxın keçmişdə baş vermiş bir çox hadisələr Qərbin hətta soyqırım və qətliamlara da ikili standartlarla yanaşdığını göstərir. Azərbaycanlılar üçün Buçadan yayılan görüntülər tanış mənzərədir. Çünki Buça bizim üçün Xocalıdır. Bu soyqırımı da Ermənistan törədib. Bu gün də Ermənistan BMT İnsan Hüquqları Şurasın üzvüdür. İrəvan rəsmisi bura 2020-ci ildə Şərqi Avropa regionundan seçilib və səlahiyyət müddəti 2022-ci ili də əhatə edir. 44 günlük müharibə dövründə də Ermənistan Şuranın üzvü idi. Gəncə, Bərdə, digər şəhərlərdə dinc sakinləri gecə raketlərlə bombalayan ölkə Şuranın üzvü idi və bu heç kəsi narahat etmirdi. Bu gün Buça kimi faciələrin yaşanmasının səbəbi həm də 1992-ci ildə Xocalı faciəsini törədənlərin cəzalandırılmaması, sanksiyalarla üzləşməməsi, beynəlxalq təşkilatlarda başda əyləşdirilməsidir.

Məsələni “Report”a şərh edən politoloq Elçin Mirzəbəyli deyib ki, bu gün dünyanın gözü qarşısında baş verən faciələr, o cümlədən də Buçadakı durum uzun illərdən bəri beynəlxalq birliyin müharibə və soyqırımı cinayətlərinə münasibətdə sərgilədikləri ikili standartların göstəricisidir.

Onun sözlərinə görə, mahiyyət etibarı ilə bir cinayətə münasibətdə sərgilənən laqeydlik və yaxud hansısa maraqlardan gələn yanaşma sonda cəzasızlıq mühiti yaradıb. Politoloq bildirib ki, cəzasızlıq mühiti də son nəticədə digər müharibə cinayətlərinin mahiyyət etibarı ilə baş verməsinə səbəb olur: “Mahiyyət etibarı ilə əgər azərbaycanlılara qarşı həyata keçirilən soyqırım aktlarına görə Ermənistan BMT-nin müvafiq qurumlarından kənarlaşdırılsaydı, bu dövlətə qarşı müvafiq sanksiyalar tətbiq olunsaydı, həmçinin müharibə cinayətkarları məhkəmə qarşısına çıxarılsaydı, o zaman şübhəsiz ki, daha sonralar baş verən hadisələr, soyqırımlar və müharibə cinayətləri olmazdı”.

“Bu aspektdən, əslində, təkcə Buçada baş verən hadisələr deyil, ümumiyyətlə ötən əsrin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı aktlarının düzgün dəyərləndirilməməsi və daha sonralar baş verən digər müharibə cinayətlərinə münasibətdə sərgilənən ikili standartlar nəticə etibarı ilə həm ötən əsrin sonlarında, həm də XXI əsrdə çoxsaylı müharibə cinayətlərinin baş verməsinə zəmin yaratdı. Deyə bilərəm ki, bu gün əgər eyni yanaşma tərzi ikili standartlardan, konkret olaraq hansısa ölkəyə olan münasibətdən qaynaqlanacaqsa, xristian həmrəyliyindən çıxış ediləcəksə və yaxu da hansısa geosiyasi maraqlar öndə tutulacaqsa, şübhəsiz ki, bəşəriyyət bu cür cinayətləri hələ çox görəcək”, – politoloq E.Mirzəbəyli əlavə edib.

Check Also

Ukrayna səfiri: İrpen və Laçın qardaş şəhərlər ola bilər

Ukraynanın İrpen və Azərbaycanın Laçın şəhərləri qardaşlaşa bilər və bu istiqamətdə müvafiq işlər aparılır. Boyukmillet.com xəbər …