Şənbə , 21 Dekabr 2024
Drone Cameras

“XXI əsr Türk Dünyasının əsri olacaq” – Prezidentdən HƏR KƏS ÜÇÜN örnək sözlər

Son zamanlar bəzi şəxslərin azərbaycanlıların türksoylu xalq olmasına şübhə ilə yanaşan açıqlama və müsahibələri cəmiyyətdə böyük rezonansa səbəb olub.  Bu cür yanaşmalardan uzağagedən nəticələr çıxardan bir para adamlar isə sözügedən çıxışların “yuxarıdan” bir göstəriş olduğu və sistemli xarakter daşıdığı barədə fikirlər səsləndirirlər.

Qeyd edək ki, Azərbaycan dövləti Türk Dünyası, türksoylu xalqların yaxınlaşması, inteqrasiyası və işbirliyi ilə bağlı məsələlərdə daim təşəbbüskar və dəstəkçi rolda çıxış edib. Təsadüfi deyil ki, bu gün TÜRK PA-nın, Türk Mədəniyyəti və İrsi Fondunun baş ofisləri ölkəmizin paytaxtında yerləşir. Ötən müddətdə Azərbaycan Türk dünyası ilə bağlı çoxsaylı toplantılara ev sahibliyi edib.

Azərbaycanın dövlət siyasətinin prioritetlərini müəyyən edən və bu siyasətinə başında dayanan Prezident İlham Əliyev müxtəlif vaxtlarda və məkanlarda Türk dünyasının keçmişi, bu günü və gələcəyi ilə bağlı hərtərəfli və tutumlu fikirlər, ideyalar səsləndirib.

Turkustan.info olaraq İlham Əliyevin həmin çıxışlarından bir neçə örnəyi nəzərinizə çatdırmaqla, hesab edirik ki, Prezidentin bu fikirlərindən hər kəs özü üçün müəyyən dərslər götürəcək.

 

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısından sonra mətbuat konfransında

13 noyabr 2013 Ankara

– Tale elə buyurdu ki, 70 il ərzində biz bir-birimizdən ayrı düşmüşdük. Ancaq bu ayrılıq xalqlarımızın qəlbində olan sevgini söndürə bilməmişdir… Mən deyəndə ki, bizim münasibətlərimizin təməlində qardaşlıq dayanır, bax, həyata keçirilən layihələr bunu təsdiqləyir. Qardaşlıq, dostluq əbədidir, əbədi olacaqdır. İyirmi birinci əsr Türk dünyasının əsri olacaqdır. Türkiyə və Azərbaycan bu istiqamətdə liderlik rolunu öz üzərinə götürüb. Əminəm ki, birgə səylərlə biz böyük uğurlara gələcəkdə də imza atacağıq.

***

Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında

16 sentyabr 2010, İstanbul

– Keçən il Türk dünyasının qədim torpağı olan Naxçıvanda zirvə görüşünün keçirilməsi böyük hadisə idi. O dövrdən bu günə qədər – bu bir il ərzində hesab edirəm ki, aramızdakı əlaqələr daha da sürətlə inkişaf etdi. Aramızdakı dostluq, qardaşlıq əlaqələri həm ikitərəfli formatda, həm çoxtərəfli müstəvidə daha da gücləndi. Keçənilki zirvə görüşü ərəfəsində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) birinci plenar iclası keçirilmişdir. Bakıda TürkPA-nın Baş Katibliyi yaradılmışdır. Artıq Katiblik uğurla fəaliyyət göstərir. Eyni zamanda, Naxçıvan zirvə görüşü zamanı Azərbaycan tərəfi təşəbbüs irəli sürmüşdü ki, TÜRKSOY Fondu yaradılsın. Mən hörmətli həmkarlarıma minnətdaram ki, bu təşəbbüs dəstəkləndi və artıq bütün hazırlıq işləri gedir. Yaxın zamanlarda TÜRKSOY Fondu yaradılacaq və Azərbaycan bu Fondun fəaliyyəti üçün lazımi maddi dəstəyini verəcəkdir. Hesab edirəm ki, bu Fond nəinki türkdilli dövlətlərdə, bütün türk ellərində mədəni abidələrin bərpası, qorunması işinə öz dəstəyini verməlidir.

Bizi ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Xalqlarımız əsrlər boyu bir yerdə yaşamışlar, bir yerdə çalışmışlar, daim bir-birinə arxa, dayaq olmuşlar. Mən çox şadam ki, bu gün ölkələrimiz müstəqil dövlətlər kimi bütün sahələrdə uğurlu əməkdaşlıq aparır, bir-birinə dəstək olurlar. Biz çalışmalıyıq və çalışırıq ki, bütün beynəlxalq təşkilatlarda bir-birimizin mövqeyini gücləndirək, bir-birimizə siyasi dəstək verək və bütün işlərdə bir-birimizin yanında olaq.

… Türk dünyası böyük dünyadır. Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulubdur. Biz xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı. Ancaq buna baxmayaraq, bizi birləşdirən təkcə coğrafi koordinatlar deyildir. Bizi birləşdirən aramızdakı münasibətlərdir, qardaşlığımızdır, ortaq keçmişimizdir, bu günümüzdür. İyirmi ilə yaxındır ki, ölkələrimiz müstəqil dövlətlər kimi yaşayırlar. Bu müddət ərzində ölkələrimiz gücləndi, formalaşdı, dövlətçiliyimizin əsasları quruldu. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr öz növbəsində Türkiyəni gücləndirir, necə ki, böyük və güclü Türkiyə bizi gücləndirir. Bizim gücümüz bizim birliyimizdədir. Biz çalışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da möhkəmləndirək.

***

Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında

16 avqust 2013

– Dünən biz mədəniyyətimizin bir hissəsini əks etdirən gözəl konsertdə də bərabər idik. Bu, əslində türk mədəniyyətinin birliyi, dostluğu konserti idi. Bizim mədəniyyətimiz bir-birinə çox bağlıdır. Bizim köklərimiz də, bayramlarımız da eynidir, dillərimiz də bir-birinə oxşayır. Yəni, humanitar sahə əməkdaşlığımız üçün əsasdır. Yəni, əgər bu olmasaydı yəqin ki, əməkdaşlıq bu dərəcədə inkişaf etməzdi. Ona görə əlbəttə ki, humanitar sahədə aparılan işlərə çox böyük diqqət göstərilməlidir. Mən TÜRKSOY-un fəaliyyətini xüsusi vurğulamaq istəyirəm. TÜRKSOY nəinki türkdilli dövlətlərdə, bütün türk diyarlarında fəal iş aparır və beləliklə, türk dünyasının birləşməsinə xidmət göstərir. Mən çox şadam ki, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüs də artıq reallaşır. Türk Mədəniyyətinə dəstək və Türk İrsinin Qorunması Fondunun tezliklə yaradılması çox önəmli hadisə olacaqdır.

 

Turkustan.info

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir