Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Yanğından “Zəfər tağı” düzəldənlərin külü və vətəndaşın yanında olan dövlət

Prezident İlham Əliyev “Diqlas” Ticarət Mərkəzində baş verən yanğından zərərçəkən icarədarlara dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi ilə bağlı tapşırıq verdi. Bu, bir daha göstərdi ki, dövlət vətəndaşın yanındadır, bu dövlətin rəhbəri vətəndaşın probleminin həllini hər şeydən üstün tutur. 

Baş verən yanğında vurğulanmalı bir sıra məqam var idi:

– Zərərçəkmiş vətəndaşların etirazı haqlıdır. Hətta malların sığorta edilməməsi, baş verə biləcək hadisələrə qarşı önləyici tədbirlərin görülməməsi faktı belə zərərçəkmiş hər bir vətəndaşın tələbini kölgədə qoya bilməz, qoymamalıdır. Dövlət başçısı məhz bu amili nəzərə alaraq operativ şəkildə məsələyə müdaxilə etdi.

– Zərərçəkmişlərin problemin həlli üçün Prezidentə müraciət etməsi, “bizi düşdüyümüz vəziyyətdən yalnız dövlət başçısı çıxara bilər, ümidimiz onadır” fikirlərinin səsləndirilməsi təsdiq edir ki, Azərbaycan vətəndaşı dövlət başçısına inanır. Prezidentin zərərçəkmişlərə dəyən ziyanın dövlət tərəfindən ödənilməsi ilə bağlı tapşırığı vətəndaşın inamının səbəbsiz olmadığını bir daha təsdiqlədi.

Dövlət başçısının tapşırığından sonra problem həll olundu: Zərərçəkmişlərin iştirakı ilə xüsusi komissiya yaradılacaq, hadisə yerinə baxış keçiriləndən sonra dəymiş ziyanın məbləği müəyyən ediləcək və dövlət hesabına ödəniləcək. 

Lakin bu prosesdə baş vermiş yanğından siyasi qazanc götürməyə çalışanlar da diqqətdən qaçmadı və siyasi qüvvə olduqlarını iddia edən belə qruplar sanki ticarət mərkəzinin yanıb kül olmasına, yüzlərlə sahibkarın zərər görməsinə sevinirdilər. 

Əli Kərimli yazırdı ki, “hakimiyyət sahibkarları yola verir, onların probleminin həllindən qaçır”. Daha sonra o artıq kliniki hala çevrilmiş “19 yanvar mitinqi” tezisini – guya hər şey bu mitinqdən sonra həyata keçirildi – təkrarlayır və guya zərərçəkmiş icarədarların müdafiəsinə qalxır.

Doğrudanmı, Kərimli zərərçəkmişlərin birinin dediyi kimi “yanğında əməyi kül olan” bu insanların halına acıyır?!

Doğrudanmı, onları ədalət maraqlandırır? O zaman niyə “ədalət” pərdəsi altında siyasi divident qazanmağa çalışırlar?

“Ədalət siyasətbazlar üçün pərdə olub. Siyasi canilər indi xilaskara çevrilib. Azadlıq isə ağalıq iddiasında olanların gurultulu şüarıdır. Kaş bir az da vicdanları olaydı…”.

Remarkın məşhur “Zəfər Tağı” romanındakı ifadələr bu yanğından da siyasi xal qazanmaq istəyənlərə necədə yaraşır?! Onlar üçün Azərbaycan insanının faciəsi siyasi ambisiyalarından hördükləri “Zəfər tağı”dır. Bu “tağı” başlarına qoyur və deyirlər: “gördünüz, siz zəlzələdə, daşqında, uçqunda öldünüz, yanğında zərər gördünüz, biz qalib gəldik, axı biz sizə demişdik…”.

Halbuki, indiyə qədər baş vermiş ədalətsizlikləri nə bu qüvvələr, nə də “ədaləti” öz ambisiyalarının pərdəsinə çevirənlər bərpa etməyib, vətəndaşların düşdüyü çətinlik onlar üçün “yeni siyasi teatrdan” başqa bir şey olmayıb. Onlar ədaləti yalnız öz siyasətbazlıqları üçün pərdəyə çeviriblər. Çünki ölkədə baş verən istənilən bədbəxt hadisədən siyasi qazanc götürməyə çalışan bu qüvvələr üçün əsas prinsip “daha çox bədbəxtlik, daha çox problem, daha çox siyasi qazanc deməkdir”.

Ədaləti bərpa edən dövlətdir və dövlət başçısı vətəndaşın zərər gördüyü bütün hallarda həmişə Azərbaycan insanının yanında olub, “Diqlas” hadisəsində olduğu kimi… Halbuki, “Diqlas” özəl mülkiyyət idi, orada çalışan icarədarların fəaliyyəti də özəldir və burada zərəri ödəməli olan tərəf dövlət deyil. Lakin Prezident zərər çəkənlərin məhz vətəndaşlar olduğu üçün, məhz ədalətin bərpası üçün prosesə müdaxilə etdi və bir daha göstərdi ki, vətəndaşın rifahı bütün maraqlardan ütündür. Əsas olan budur, əsas olan dövlətin vətəndaşının yanında olmasıdır, qalanı təfərrüatdan başqa bir şey deyil…

Asif Nərimanlı

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir