Şənbə , 21 Dekabr 2024
Drone Cameras

“Yaxşı pul xərcləməyi bacarmaq heç də yaxşı diaspor lideri olmaq anlamına gəlmir”

Frenk Elkaponinin (Füzuli Məmmədov) rəhbərliyi altında Rusiyada yaşayan azərbaycanlıların yeni diaspor təşkilatının (Rusiya Azərbaycanlıları İttifaqı) yaradılması ilə bağlı məlumat vermişdik.

Qeyd edək ki, yeni yaradılan quruma münasibət birmənalı olmayıb. Təşkilatın yaradıldığı elan olunan elə ilk gündən başlayaraq sosial şəbəkələrdə bu yöndə qızğın polemikalar nəzərə çarpdı. Hətta bir vaxtlar Rusiyada fəaliyyət göstərən ən böyük diaspor təşkilatımız olan və sonra fəaliyyəti dayandırılan Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) rəhbərliyində təmsil olunmuş şəxslər yeni yaradılan təşkilatın heç də Rusiyada yaşayan bütün soydaşlarımızın mövqeyini əks etdirmədiyinə dair fikirlər bildirdilər. Təbii ki, yeni yaradılan qurumda təmsil olunan şəxslər bu ittihamlarla razılaşmadılar. Onlar da yeni təşkilatla bağlı xoş fikir səsləndirməyənləri fəaliyyətsizlikdə, şəxsi maraqlar kontekstindən çıxış etməkdə günahlandırdılar. Ancaq bizim bu vəziyyətlə bağlı marağımızı cəlb edən başqa detallar da oldu.  Kənardan etdiyimiz müşahidələr göstərdi ki, yeni yaradılan quruma, nədənsə, Azərbaycan rəsmi dairələrinin dəstəyi hiss edilmir. Ən azından, bu tip tədbirlərdə əlaqədar dövlət qurumlarının nümayəndələrinin iştirakı olur. Nədənsə, yeni təsis edilən qurumla bağlı biz deyilən halı müşahidə etmədik. Hətta Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) Rusiyada yaşayan azərbaycanlıların yeni diaspor təşkilatının yaradılmasına bildirdiyi münasibətdən də mövzuya bir qədər ehtiyatlı yanaşıldığı hiss edilir.

Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı deyib ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar və onları birləşdirən təşkilatlar son dövrlərdə fəaliyyətlərini mərkəzləşdirməyə və kollegial qərarlar qəbul etməyə üstünlük verirlər. O vurğulayıb ki, ötən ildən başlayaraq bir sıra ölkələrdə azərbaycanlıların koordinasiya şuralarının yaranması və Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbər şəxslərinin də onların yığıncaqlarına dəvət olunması təqdirələyiqdir: “Hazırda yaşadığı ölkədən asılı olmayaraq, soydaşlarımızın təşkilatlanması prosesi davam edir və genişlənir. Bu günlərdə Rusiyada yaşayan azərbaycanlıların və bir sıra diaspor təşkilatlarının yeni bir qurumda birləşməsi də soydaşlarımızın bu yöndə olan təşəbbüslərindən biri kimi qiymətləndirilir”.

Hər halda, bu münasibətdən də görünür ki, yeni qurumun yaradılmasını əlaqədar dövlət qurumu soydaşlarımızın öz təşəbbüsü kimi dəyərləndirir. Analogiya aparsaq görərik ki, elə Rusiyanın özü və başqa ölkələrdə yaradılan böyük diaspor təşkilatlarının təqdimatında biz dövlət qurumlarının bir qədər isti münasibətinin şahidi olmuşuq. Belə olan təqdirdə, maraqlı suallar meydana çıxır. Ola bilərmi ki, yeni qurum Azərbaycan hakimiyyətinin iradəsindən kənar yaradılıb? Ümumiyyətlə, Azərbaycan hakimiyyətinin dəstəyi olmadan Rusiyada bütün soydaşlarımızı öz ətrafında birləşdirə bilən bir təşkilat yaratmaq olarmı?

Boyukmillet.com xəbər verir ki, Diaspor sahəsində böyük təcrübəsi olan Dünya Azərbaycanlıları Konqresi Mərkəzi İcra Aparatının rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onun özünün də bu məsələyə münasibəti birmənalı deyil: “Çox təəssüf edirəm ki, yeni yaradılan təşkilatla bağlı hansısa tənqidi fikir səsləndirən və ya nəyisə orada görmək istəmələri ilə bağlı təklif verən şəxslərin mövqeyi Füzuli Məmmədovun tərəfdarları tərəfindən süngü ilə qarşılanır. Neçə gündür bunu sosial şəbəkələrdə gedən polemikalardan müşahidə edirəm. Bu təşkilatın yaradılacağı ilə bağlı piar işləri xeyli müddətdir aparılırdı. Düzünü deyim ki, mən həmin pafosun müqabilində nəticənin ortaya qoyulduğunu görmədim. Bundan əlavə, bu təşkilat bütün Rusiyada yaşayan soydaşlarımızı öz ətrafında birləşdirdiyini iddia edirsə, niyə dövlətin yüngül də olsa izi, xoş münasibəti orada hiss edilmir? Axı biz bilirik ki, Azərbaycan dövləti daim sağlam diaspor quruculuğu işlərini alqışlayıb və bacardıqca buna dəstək verib. Bununla yanaşı, mən yeni təşkilatın vitrinində heç Rusiyadakı tanınmış simaları da görmədim. Sanki kəmiyyət xatirinə zala çoxlu sayda adam yığılmışdı”.

S.Adıgözəllinin sözlərinə görə, heç Rusiyadakı səfirliyimizin nümayəndəsinin də məlum tədbirdə görünməməsi bu buarədə ciddi düşünməyə əsas verir: “Bəli, şəxsən mən təcrübəmə əsasən deyə bilərəm ki, bu cür işlər dövlətin bəlli qurumları ilə məsləhətli şəkildə aparılmalıdır. Hər halda, bu, Rusiyada hansısa ticarət obyekti açmaqla eyniləşdirilə biməz. Görünür, bu dəstək yeni təşkilatın əsl məram və məqsədi tam bəlli olmadığı üçün ifadə edilməyib. Rusiya elə bir ölkədir ki, orada kimsə təkbaşına nəsə edə bilməz. Azərbaycan diasporunun ən güclü olduğu yer Rusiyadır. Orada hansısa bir diaspor təşkilatını yaratmaq olardı. Ancaq bu miqyasda işlə manipulyasiya etmək, məncə, yolverilməzdir. Mənim mövqeyimdən belə çıxmasın ki, diaspor quruculuğunun, soydaşlarımızın bir yerə toplaşmasının əleyhinəyəm. Bu, məqsədli, məramlı, məsləhətli şəkildə aparılmalıdır. Çünki biz zaman-zaman görmüşük ki, Rusiyadakı Azərbaycan diasporunun üzərindən ölkəmizə hətta siyasi təzyiqlər edilib. Bunlar o qədər də keçmişə təsadüf etmir. Buna görə də ehtiyatlı olmalıyıq. Bu cür həssas məsələdə dövlətin dəstəyi, xeyir-duası mütləq olmalıdır. Hər halda, belə məsələdə kimlərinsə maraqlarının deyil, ölkəmizin maraqlarının hesablanmasını önə çəkməliyik. Bu cür məsələlərdə özfəaliyyət ola bilməz. Yaxşı pul xərcləməyi bacarmaq heç də yaxşı diaspor lideri olmaq anlamına gəlmir. Məndə olan məlumata görə, yeni qurum tərəfindən müəyyən dövlət instansiyalarına dəvətlər göndərilib. Bizim iştirakımız, demək ki, məqsədəuyğun hesab edilməyib. Ancaq, “bizim öz işimizdir” deyib belə ağır bir missiyanı dəstəksiz həyata keçirməyi də doğru saymıram”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir