Azay Quliyev
Milli Məclisin deputatı
Son günlər cəmiyyətin müxtəlif təbəqələri- ziyalılar, elm adamları və siyasətçilər tərəfindən AMEA-nın prezidenti Ramiz Mehdiyevin fəaliyyətinin haqlı tənqid olunması və onun tutduğu vəzifələrdən dərhal istefa verməsi ilə bağlı çağırışlar ictimaiyyətdə geniş müzakirə olunur. Bu çağırışlar artıq ictimai sifarişə çevrilib, belə ki, Ramiz Mehdiyevin istefasını siyasi mövqeyindən və dünyagörüşündən asılı olmayaraq hamı dəstəkləyir, necə deyərlər, cəmiyyətdə bu mövzu ilə əlaqədar bir həmrəylik və konsensus mövcuddur. Səbəb aydındı, bu adam həqiqətən də son illər davranışı, məsuliyyətsiz açıqlamaları, siyasi ambisiyası, hikkəsi və AMEA-da yaratdığı dözülməz vəziyyətlə hamını təngə gətirib. Üstəlik, ağına-bozuna baxmadan onu tənqid edənlərə aşağılayıcı tərzdə və ironiya ilə cavab verməsi, insanlarda ona qarşı olan ikrah və qıcıq hissini daha da artırıb. Ancaq görünür bu, adam hələ, bunun tam fərqində deyil. Bu məsələnin, necə deyərlər, mənəvi tərəfidi. Məsələnin siyasi tərəfi daha dəhşətli və daha vahimdir.
Mən Ramiz Mehdiyevin iki gün öncə mətbuata verdiyi bəyanatla tanış olandan sonra ilk ağlıma gələn fikir bilirsiniz, nə oldu? Düşündüm ki, nə yaxşı ki, Vətən müharibəsi zamanı Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri deyilmiş. Əgər o, bu vəziəfədə qalsaydı, xalqın və millətin Ali Baş Komandanın ətrafında “dəmir yumruq” kimi birləşməsinin, ictimai təşkilatların və siyasi partiyaların dövlətə və orduya verdiyi birmənalı dəstəyinin qarşısını almaq, qəhrəman əsgər və zabitlərimizin döyüş əzmini qırmaq üçün əlindən gələn hər şeyi edərdi.
Baxın, görün uzun illər dövlətin ən mühüm postlarından birini tutmuş, Prezident Administrasiyasına 25 il rəhbərlik etmiş Ramiz Mehdiyev “AMEA-nın mətbuat xidməti” adı altında yaydığı siyasi bəyanatında dövlətə, siyasi institutlara açıq hörmətsizlik edir, Milli Məclisə “özünü buraxmış parlament” deməklə ali qanunvericlik orqanını ələ salır, bir sözlə hakimiyyəti şantaj və təhdid etməkdən çəkinmir. Onu haqlı tənqid edən bütün alimləri və ictimai xadimləri isə savadsıqlıqda, sifariş yerinə yetirməkdə suçlandırır, deputatları isə “saxta” və “troll” adlandırır.
Bundan başqa Ramiz Mehdiyev ölkənin oturuşmuş və kifayət qədər tənqidi fəaliyətləri ilə seçilən müxalifət partiyalarını Vətən müharibəsi dövründə və ondan sonra xalqı, milləti, ordunu və Ali Baş Komandan və ölkə Prezidenti cənab İlham Əliyevi heç bir qarşılıq gözləmədən dəstəklədiklərinə, mənfur düşmənin torpaqlarımızdan qovulması və tarxi qələbəmiz üçün əllərindən gələn köməyi etdiklərinə görə “avtobus müxalifəti”, “cib müxalifəti” adlandırmaqla ölkədəki siyasi mühiti zəhərləməyə, ictimai-siyasi sabitliyi və milli həmrəyliyi sabotaj etməyə cəhd edir. Daha sonra isə özündən razı halda bəyan edir ki, ona yönələn tənqidlər guya ki, “diqqəti son vaxtlar ölkə gündəmini məşğul edən taleyüklü problemlərdən yayındırmağa hesablanıbmış”, yəni, ölkədə durum o qədər pisdir ki, ictimai rəyi başqa səmtə yönəltmək ehtiyacı yaranıb və bunun üçün iqtidar onun istefasını süni şəkildə gündəmə gətirib. Göründüyü kimi, burada hakimiyyət açıq şəkildə hədəf seçilir, dövlət şantaj və təhdid olunur. Bütün bunları deyən Ramiz Mehdiyev sonra isə dövlətə, cənab Prezidentə sədaqətdən, etibardan dəm vurur və onun etimadını doğrultmaq üçün çalışdığını bildirir.
Ramiz Mehdiyevin bu fikirləri, yumşaq desək, ziddiyətli və paradoksal olduğu qədər qeyri-səmimi və yalandır. Çünki, Prezidentə və dövlətə sadiq olan şəxs heç vaxt öz şəxsi maraqları və ambisiyası naminə bu cür siyasi rəzalətə yol verməz, dövlətə qarşı alətə çevrilənlərin “siyasi tezislərini” təkrarlamaz, 5-ci kalonla birləşərək olkəsinin beynəlxalq nüfuzuna zərbə vurmağa cəhd etməz. Demək ki, bu, bəyanat Ramiz Mehdiyevin əsl siyasi portretini, dövlətə və hakmiyyətə olan münasibətini olduğu kimi əks etdirir.
İndi aydın olur ki, Ramiz Mehdiyev nə vaxtilə dövlətdə yüksək vəzifə tutanda, nə də indi səmimi olmayıb, Ulu Öndər Heydər Əliyevə və cənab Prezidentə qarşı münasibətdə siyasi riyakarlığa yol verib, əqidə və siyasi həmfikirlərilə dürüst davranmayıb.
Yaxşı ki, belə adamlar özlərini ifşa etməklə, gec də olsa, həqiqətin ortaya çıxmasına yardım edirlər.