Sərbəst və yunan-Roma güləşi üzrə 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək. Birinciliyin keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq və yeniyetmələrdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Güləş Federasiyasından (AGF) məlumat verilib.
Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarış iki mərhələdən ibarətdir. İlk mərhələdə AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə region birinciliyi uğrunda yarışlar keçirilir.
Fevralın 11-12-də Sumqayıtda 2 saylı nümayəndəliyin, Balakən və Şəmkirdə isə 6 və 7 saylı nümayəndəliyin seçim yarışları keçirilib. Bakı və ətraf qəsəbələri əhatə edən 1 saylı nümayəndəliyin seçim yarışları fevralın 12-də başlayıb və üç gün davam edəcək. 3 saylı nümayəndəliyin seçim yarışları fevralın 18-də Şamaxıda, 18-19-da isə 4 və 5 saylı nümayəndəliklərin təsnifat yarışları, müvafiq olaraq Sabirabad və Göyçayda keçiriləcək.
İkinci mərhələdə isə regionlararası seçim yarışlarının nəticələrinə əsasən martın 14-dən 16-dək yeniyetmələrin Azərbaycan birinciliyi baş tutacaq. Final yarışlarında ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaq.