Türkiyə Jurnalistlər Federasiyanın (TGF) başqanı Yılmaz Karaca Türkiyənin müxtəlif bölgələrini təmsil edən 50 nəfərlik heyətlə Azərbaycanda səfərdə olub. Yılmaz Karaca səfər təəssüratlarını TNS-ə danışıb.
Boyukmillet.com müsahibəni olduğu kimi təqdim edir:
– Yılmaz bəy, bu səfərinizin məqsədi nə idi?
– Bildirim ki, biz bu layihəyə bir neçə il əvvəl – Əskişəhərin Türk dünyasının paytaxtı elan olunduğu vaxtdan başlamışıq. Həmin vaxt biz Türk Dünyası Jurnalistləri Şurası adında qurum yaratdıq. Şuranın ilk iclasını Əskişəhərdə keçirdik. Həmin tədbirə Türkiyədən 350, Türk dünyasından və Avropadan 150 nəfər nümayəndə qatılmışdı. Həmin iclasda ilk dəfə Qadın Jurnalistlər Şurasını da elan etdik. Sonrakı tədbirlərimiz Tatarıstanın Kazan, Qazaxıstanın Türküstan şəhərlərində olub. Şuranın 4-cü toplantısını Azərbaycan paytaxtında keçirməyə qərar verdik və Bakıya gəldik. Bu layihənin əsas məqsədi Türk dünyası ilə Türkiyənin bir-birini daha da yaxşı tanıması, münasibətlərin daha da inkişaf etməsinə töhfə verməkdir.
– Burada necə qarşılandınız?
– Azərbaycan bizim üçün çox önəmlidir. Burada özümüzü ölkə xaricində kimi hiss etmirik. Bakını da Türkiyənin bir şəhəri kimi görürük. Bu tərəfdən baxanda hər şey gözəldir. Amma bizi burada qonaq edəcəyi deyilən Diasporla İş üzrə Dövlət Komitəsi nümayəndə heyətini pərişan etdi. Səfəri təşkil edən Türkiyə-Azərbycan Dostluq Dərnəkləri Federasiyası bildirmişdi ki, Azərbaycana gəldiyimiz andan etibarən bütün xərclərinizi Azərbaycan dövləti qarşılayacaq. Amma təəssüf ki, bu, belə olmadı. Bir günlük otel xərclərini də bizim ödəməyimiz istənildi. Məsələni səlahiyyətli şəxslərə bildirməyimizə baxmayaraq, bir həll yolu olmadı. Təbii ki, bir günlük xərci ödədik, problem deyil. Amma bizə qarşı edilən hərəkət yaxşı deyildi. Biz TGF olaraq, kritik dönəmində Azərbaycana gələrək, buradakı problemləri dünyaya, Türkiyəyə çatdırmaq istədik. Amma bizə təqdim olunan proqram hər gün ləğv edildi. Məsələn, Şuşa ziyarətimiz vardı. Yağış yağdı, ləğv edildi. Bizim üçün ən önəmli tədbirlərdən biri Şuşaya getmək idi, təəssüf ki, gedə bilmədik. Yəni proqramda göstərilən heç bir tədbir baş tutmadı. Görünür, təşkilatçını doğru seçməmişik. Tərəfdaşımız yanlış olub. Bu da bizə bir dərs oldu.
– Dövlət Komitəsində, Mətbuat Şurasında, Türkiyənin Azərbaycandakı Səfirliyində və digər qurumlarda keçirilən görüşləri necə dəyərləndirirsiniz?
– Əslində Komitədə çox gözəl toplantımız oldu. Xeyli məlumat aldıq, o cümlədən Türkiyə Səfirliyindəki görüş çox önəmli idi. Səfirimiz Hüseyn Bağcı və müşavir Hüseyn Altınalanla görüşlərimiz xoş təəssürat yaratdı. Hüseyn bəyin bizə peşəmizlə bağlı verdiyi məlumatlar da çox önəmli idi. Gerçəkdən çox önəmli tədbirlərimiz oldu. Mətbuat Şurasında Azərbaycan mətbuatının durumu ilə bağlı xeyli məlumatlandıq. Problemlərini, vəziyyətini öyrəndik. Gənclər Fondunda keçirdiyimiz görüş çox vacib idi. Orada Türk Dünyası Jurnalistləri Şurasının 4-cü iclasını da keçirdik. Həmin toplantının bəyanatını yayacağıq. Bütün sıxıntılara baxmayaraq, gözəl səfər oldu. Biz yaşanan bütün neqativ hadisələri görməzdən gəldik, gözəl səfər oldu. Belə başa düşdük ki, təşkilatçılar burada görüşəcəyimiz şəxslərə heç bir məlumat verməyiblər. Çünki görüşdüyümüz şəxslər özləri bizə səfərdən xəbərsiz olduqlarını dedilər. Amma bizə təqdim olunan proqramda siyahıda adı olan şəxslərin hamısı ilə görüşlərin razılaşdırıldığı bildirilmişdi. Buradakı bütün görüşlərimiz şəxsi əlaqələrimiz vasitəsilə baş tutdu. Gördük ki, proqramdan xəbərləri yoxdur. Deməli, bizi buraya gətirən federasiya yetkililəri xəyali proqram hazırlayıblar. Mən 20 ildir, TGF-nin Türk dünyası ilə bağlı tədbirlərinə qatılıram. Avropada tədbirlər keçirmişik, heç birində belə nöqsanlar görməmişik. Təbii ki, biz narahat olduq, amma küsmədik. Əlbəttə ki, bu olayları da aidiyyəti qurumlara çatdıracağıq. Millət vəkili Qənirə Paşayeva bizi çox yüksək səviyyədə qəbul etdi. Onun qonaqpərliyinə görə çox təşəkkür edirəm. Qənirə xanım çox gözəl çıxış etdi. Qənirə xanım Türkiyəni qarış-qarış tanıyır, rayonlarını, qəsəbələri, bələdiyyə başqanlarını, valilərini bilir. Onu noyabrda keçirəcəyimiz TGF Başqanlar Şurasının iclasına dəvət etdik.
Mətbuat Şurasında biz çox isti qarşılandıq. Həmkarlarımızla gözəl söhbətlər etdik, peşəmizlə bağlı qarşılıqlı fikir mübadiləsi apardıq. Suallarımıza cavab aldıq, onlara Türkiyə mətbuatı haqqında bilgi verdik.
Bunu gördük ki, Türkiyə Azərbaycana böyük dəstək verir və verməlidir. Azərbaycanlılar da bunu haqq edir. Dövlətimizin bu xidmətlərinin davam edəcəyini düşünürəm. Türkiyə xalqı Azərbaycana gəlmək, bu ölkəni görmək, gəzmək, xalqı yaxından tanımaq arzusundadır. Dediyim kimi, Türkiyədən gələn hər kəs Bakını bizim bir şəhərimiz kimi görür. Bu baxımdan burada da insanların bizə öz vətəndaşları kimi davranmasının vacibliyinə diqqət çəkmək istəyirəm.
Bakıya 8 il əvvəl gəlmişdim. Bu müddətdə Azərbaycan çox böyük inkişaf yolu keçib, dəyişib. Bu da bizi çox sevindirir. 8 il əvvəlkinə görə müsbət mənada çox böyük dəyişikliklər var.
– Buradan necə ayrılırsınız? Qarşılaşdığınız neqativ hadisələr sizin və gələn heyətin Azərbaycana sevgisini etkilədimi? Gələcək planlarınızı dəyişdirə bilərmi?
– Bu nöqsanların bizim planlarımıza, Azərbaycana olan sevgimizə təsiri olmaz. Biz belə bir proqramı artıq daha etibarlı, tanıdığımız qurum və şəxslərlə hazırlayarıq. Bundan sonra yaxşı təmsilçi seçərik. Belə bir hadisə oldu deyə, bizim Azərbaycana münasibətimiz dəyişməz. Çünki bunun Azərbaycanla bir əlaqəsi yoxdur. Bu bir qurumun xəyali səfər proqramı hazırlanmasından qaynaqlanıb. Yaxın zamanda yeni layihə hazırlayıb, Azərbaycanın başqa bölgəsinə, məsələn Naxçıvana gələ bilərik.
Söhbətləşdi:
Tural Səfərov, Gülşən Hacıyeva