Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Yola saldığımız ilə enerjili baxış

2021-ci il dünyada və Azərbaycanda neft-qaz, enerji sektorunda zəngin bir il kimi yadda qaldı. Desək ki, yola saldığımız il çox enerjili keçib, yanılmarıq. Koronavirus pandemiyasının tuğyan etdiyi 2020-ci ilə nisbətən “su qiyməti”nə satılan neft bahalaşdı, qazın qiyməti isə “kəllə-çarxa” qalxdı. Dünya bütün bu növ enerji daşıyıcılarına alternativ olaraq alternativ enerji mənbələrindən özünə enerji almaq üçün daha da dərindən düşünməyə başladı. Bütün bunları nəzərə alaraq, “Report” ötən il neft-qaz və enerji sektorunda ən yadda qalan hadisələri yenidən oxucularına xatırladır.

Avropanı qaza gətirdik…

2021-ci il başlar-başlamaz, Azərbaycan Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə kommersiya məqsədli qazın nəqlinə başlanılması ilə yadda qaldı. Belə ki, tarixdə ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri ilə çıxarmağa nail oldu. TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurlu birləşdirildikdən sonra kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən “SNAM Rete Gas” (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırıldı.

Bununla da, dünyada təbii qazın ən çox idxal edildiyi Avropa qaz bazarına birbaşa çıxış əldə edən Azərbaycan öz ixrac imkanlarını şaxələndirmiş oldu. Bu, ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, həm də Azərbaycanın iqtisadi müstəqilliyinin gücləndirilməsi kimi qiymətləndirilir.

Elə bu ilin əvvəlində də Avropa enerji dünyasında görünməmiş bir hadisə qeydə alındı. Belə ki “köhnə qitə”nin bütün ölkələrini birləşdirən boru kəməri şəbəkəsi inşa edildikdən sonra ilk dəfə olaraq İtaliya qonşu ölkələrdən birinə qaz ixrac etdi. İlk dəfə İtaliya Fransaya 24 milyon kubmetr, ikinci halda isə yanvarda 12 milyon kubmetr təbii qaz nəql edilib. Bu dövrdə İsveçrəyə 4 milyon kubmetrə qədər həcmdə təbii qaz nəql edilib. İtaliyanın Fransa və İsveçrəyə ixrac etdiyi təbii qaz TAP ilə İtaliyaya tədarük edilən Azərbaycan qaz həcmləri olub.

Son məlumatlara əsasən, TAP ilə Avropaya 6,3 milyard kubmetrə yaxın təbii qaz nəql edilib. Hətta qaz bazarının iştirakçıları ümid edirlər ki, bu kəmərlə ilin sonuna qədər 8 milyard kubmetrə qədər Azərbaycan qazı nəql ediləcək.

Elə bu il Yunanıstan parlamenti qazımızın öz ölkələrinə, oradan isə Bolqarıstana ixrac edilməsi üçün nəzərdə tutulan Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (Interconnector Greece – Bulgaria IGB) tikintisinə icazə verən qanun layihəsini də ratifikasiya edib. Bu qaz kəmərinin istismara verilmə tarixləri bir neçə dəfə təxirə salınıb. Layihənin başa çatması COVID-19 səbəbilə materialların idxalının gecikməsindən 2022-ci ilin iyulun 1-nə qədər təxirə salınıb. Buna baxmayaraq yeni təyin edilmiş Baş nazir Kiril Petkov bildirib ki, Bolqarıstan Azərbaycan qazının bütün razılaşdırılmış həcmini almaq üçün əlindən gələni edəcək ki, bu da hazırda digər mənbələrdən əldə edilən qazdan demək olar ki, 60 % ucuzdur.

2021-ci ilin əvvəlindən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Bolqarıstanın “Bulgargaz” şirkəti arasında illik 1 milyard kubmetr həcmində müqavilə əsasında Azərbaycandan Bolqarıstana təbii qaz tədarük edilir.

Bu arada, elə bu il Azərbaycan qazına “göz tikən” Macarıstan da bizimlə qaz almaq üçün danışıqlara başlayacağını elan etdi. Hətta bəyan edib ki, Macarıstan ölkəyə Azərbaycan qazını nəql edəcək boru kəmərinin çatışmayan hissəsinin tikintisini tamamlayacaq. Çünki, Azərbaycan qazının tədarükü Macarıstan üçün milli təhlükəsizlik problemidir.

Qaz qardaşlığı və dostluğu bərkidir

Yola saldığımız 2021-ci ildə Azərbaycan və Türkiyə arasında daha bir yeni qaz müqaviləsi imzalandı. Azərbaycan və Türkiyə 2024-cü ilin sonuna qədər qüvvədə olacaq və Bakı-Tbilisi-Ərzurum xətti ilə nəql ediləcək əlavə 11 milyard kubmetr təbii qaz ticarəti müqaviləsi imzaladılar. Belə ki, 2021-ci ilin aprelində başa çatmış müqaviləyə əsasən, Türkiyə hər il Bakı-Tbilisi-Ərzurum boru xətti ilə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz yatağından 6,6 milyard kubmetr qaz tədarük edirdi.

Hal-hazırda iki ölkə arasında Naxçıvan-İğdır qaz kəməri layihəsi də icra edilir. Bununla bağlı 2020-ci ilin dekabrın 15-də Ankarada Azərbaycanın Energetika Nazirliyi ilə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Bu kəmər 500 min nəfər əhalisi və illik 500 milyon kubmetr təbii qaz tələbatı ilə Naxçıvana qaz nəql ediləcək. Boru kəmərinin İğdırdan Naxçıvana – Sədərək rayonuna qədər olan hissəsi 85 kilometr təşkil edəcək. Bu boru kəməri ilə illik 500 milyon, gündəlik olaraq isə 1,5 milyon kubmetr qaz nəql etmək həcminə malik olacaq ki, bununla da Naxçıvanın qaz tələbatı tamamilə ödəniləcək.

Bu il həmçinin Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı “Dostluq” yatağının birgə işlədilməsi ilə bağlı məsələ də gündəmə gəldi. Yanvarda Türkmənistanın paytaxtı Aşqabadda “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalandı. Xəzərdə iki türkdilli ölkə arasındakı sərhəddə yerləşən bu yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. “Dostluq” yatağının karbohidrogen resursları tərəflər arasında 30 % Azərbaycana, 70 % Türkmənistana nisbətdə bölüşdürüləcək. “Dostluq”dan çıxarılmış, beynəlxalq bazarlara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resurslarının daşınması üçün Azərbaycanın mövcud olan nəqliyyat-tranzit sistemlərindən istifadə olunacaq.

“Qazlı ilin” davamı olaraq, Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalandı. İmzalanma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi iştirak etdi. Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək.

Geridə qoyduğumuz il dünya bazarında təbii qazın qiyməti 2 000 ABŞ dollarını keçərək yeni rekorda imza atmış oldu. Avropada rekord qaz qiymətləri və Avropa İttifaqının Rusiyadan qaz asıllığını nəzərə alsaq, bütün bunlar Azərbaycan qazı və bütövlükdə Azərbaycan üçün yaxşı fürsət kimi qiymətləndirildi.

Yenilənən SOCAR, qazanılan uğurlar

Yola saldığımız ilin ən yadda qalan hadisələrindən biri də Prezident İlham Əliyevin SOCAR-ın idarə edilməsinin təkmilləşdirilməsinə dair fərmanın imzalaması oldu. Bununla da Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradıldı. Bir sözlə, SOCAR-ın idarəetməsi Azərbaycan İnvestisiya Holdinqinə verildi. SOCAR-da bəzi vitse-prezidentləri dəyişdirildi, yeni strukturun yaradılmasına start verildi. Prezidentin imzaladığı sərəncamla iqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın Müşahidə Şurasının sədri təyin olundu.

SOCAR-dan söz düşmüşkən, bu ilin əvvəlində SOCAR-ın törəməsi “SOCAR Trading” şirkəti Belarus Neft Şirkəti (BNK) ilə Azərbaycan neftinin, eləcə də potensial olaraq digər neft növlərinin Belarus neft emalı zavodlarına tədarükü üçün uzunmüddətli müqavilə imzalayıb. Bu müqavilə gələcəkdə daha uzun müddətə uzadılması imkanı ilə bir il müddətinə imzalandı və SOCAR 2021-ci ildə Belarus neft emalı zavodlarına 1 milyon ton neft tədarükünü həyata keçirməli oldu.

Bundan başqa, 2021-ci ildə SOCAR “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrində iştirak payını artırdı. Belə ki, Malaziyanın “Petronas” şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü sazişindəki 15,5 %-lik payını satmağa qərar verəndən sonra layihənin tərəfdaşları – SOCAR, BP və “Lukoil” şirkətləri bu payı satın alıb.

SOCAR “Petronas”a məxsus olan 4,35 %-lik hissəni alaraq “Şahdəniz” layihəsində birbaşa iştirak payını 14,35 %-ə yüksəltdi, BP-nin iştirak payı 28,83 %-dən 29,99 %-ə, “Lukoil”in payı isə 10 %-dən 19,99 %-ədək artdı. Bu şərtlər nəzərə alınmaqla müvafiq sazişin 2022-ci ilin yanvar ayında qüvvəyə minməsi gözlənilir. Bundan əlavə, “Cənub Qaz Dəhlizi” QSC “Şahdəniz” layihəsində 6,67 %-lik iştirak payına malikdir.

Qeyd edək ki, “Şahdəniz” layihəsi üzrə tərəfdaş şirkətlərin iştirak paylarındakı dəyişikliklər Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Cənubi Qafqaz Boru Kəmərində (CQBK) şirkətlərin səhm paylarının bölgüsünə də aid edilib və müvafiq şirkətlərin kəmər üzrə iştirak paylarında da eyni nisbətdə dəyişikliklər təsbit olunub.

Bundan başqa, yola saldığımız ildə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) operatorluğunun “BP Exploration (Shah Deniz) Limited” şirkətindən “SOCAR Midstream Operations Limited” şirkətinə ötürülməsi prosesi də başa çatdı. Bu kəmər təbii qazın Azərbaycandan Gürcüstan ərazisi üzərindən Türkiyə və Avropaya ixracı üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizinin seqmentindən biridir.

Xəzərdəki layihələr

Dünyada çox az layihə tapılar ki, bir ölkənin gələcəyini müəyyənləşdirmək və bir regionun enerji landşaftını dəyişmək gücündə olsun. “Şahdəniz” məhz bu cür layihələrdəndir. “Şahdəniz” layihəsi həm də “Azəri-Çıraq-Günəşli”dən (AÇG) sonra Azərbaycana qoyulan ikinci ən böyük birbaşa xarici sərmayədir. Bu da son iyirmi il ərzində ölkə iqtisadiyyatının daha da güclənməsinə ciddi bir dəstək olub.

Bu il ərzində “Şahdəniz-2” yatağı üzrə fəaliyyət əsasən yeni cinahların işə salınması üçün qalan sualtı tikinti işlərinə və qazma proqramına yönəldilib. Bir neçə ay öncə layihə 2021-ci ilə planlaşdırılan ən mühüm bir işi uğurla tamamladı – suyun 540 m dərinliyində yerləşən Şərq-Cənub cinahından hasilat başladı. Bunun üçün bütün işlər təhlükəsiz, qrafikə uyğun və planlaşdırılmış büdcə daxilində icra olundu və artıq üçüncü rübdə cinah tam hasilat səviyyəsinə çatdı. Bu cinahdan hasilat səviyyəsinin artması nəticəsində 2021-ci ilin iyul ayında ilk dəfə olaraq “Şahdəniz Bravo” platformasından gündəlik hasilat “Şahdəniz Alfa” ilə eyni səviyyəyə çatdı.

Bu BP şirkəti tərəfindən ötən ilin 4-cü rübünə planlaşdırılmış mühüm bir əməliyyatdır və layihə çərçivəsində təhlükəsiz və qrafikə uyğun şəkildə əldə edilmiş daha bir uğurdur.

Mövcud “Şahdəniz-1” və “Şahdəniz-2” qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir. İlin ilk üç rübündə yataqdan ümumilikdə – “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 16 milyard standart kubmetr qaz və 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilib.

2021-ci ildə BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) geoloji-kəşfiyyat layihə”sindəki iştirak payının 25 %-ni “Lukoil” şirkətinə satmağı razılaşdırıb. Alqı-satqı əməliyyatı tamamlandıqdan sonra BP-nin AYDH layihəsində 25 % iştirak payı olacaq. BP həmçinin geoloji-kəşfiyyat dövründə AYDH hasilatın pay bölgüsü haqqında sazişinin (HPBS) operatoru olaraq qalacaq. Sövdələşmə bitdikdən sonra AYDH sazişində iştirak payları SOCAR-ın Ortaq Neft Şirkəti – 50 %, BP – 25 % və “Lukoil” – 25 % olacaq.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yenidən iqtisadiyyatın drayverləri kimi 

Pandemiyanın uzanmasına və nəticə etibarilə, logistika çətinliklərinə və epidemioloji təhlükəsizlik tədbirlərinin artırılması zərurətinə rəğmən Azərbaycanın neft-qaz sektorunun drayverləri olan və xarici tərəfdaşlarla birgə həyata keçirilən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrinin icrası uğurla davam etdirilib və bütün tərəflərə qazanc gətirib. 

Azərbaycanın ən böyük neft layihəsi 2021-ci ildə də ölkənin əsas neft istehsalçısı olaraq qalmaqda davam edib. 
İndiyədək layihə çərçivəsində, təqribən, 545 milyon ton neft hasil edilib. 1994-cü ildə müqavilə imzalanarkən yatağın hasil edilə biləcək ehtiyatlarının bu həcmdə ola biləcəyi güman edilirdi. Bununla belə, hələ əsrin ortalarınadək “Azəri-Çıraq-Günəşli” yatağında xarici konsorsiumun və SOCAR-ın fəaliyyəti davam edəcək. Bu isə o deməkdir ki, həmin vaxt ehtiyatlarla bağlı qiymətləndirmələr son dərəcədə müfahizəkar olub. 

Layihə çərçivəsində yeni Azəri-Mərkəzi-Şərqi (ACE) platformasının tikintisi davam edir. Bu, hasilat platosunu uzatmağa və artıq köhnəlməyə doğru gedən yataqlarda istehsal səviyyəsinin kəskin düşməməsinin qarşısını almağa imkan verəcək. 2022-ci il ACE layihəsi üçün çox vacib olacaq. Belə ki, artıq bir il sonra BP yeni dəniz platformasında hasilata başlamağı planlaşdırır. 

“Şahdəniz” qaz layihəsi də maye karbohidrogen hasilatına öz təsirli töhfəsini verməkdədir. Yataqdan, təqribən, 34 milyon ton (dekabr ayının əvvəlinə olan məlumata görə) əlavə maye karbohidrogen əldə olunub.

Bunun sayəsində “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” dəniz yataqlarında ümumi istehsal həcmi, təxminən, 580 milyon ton neft (kondensat ilə birgə) təşkil edib. 

Yaşıllaşan azad Qarabağ

Ötən il 44 gün davam edən və Azərbaycanın möhtəşəm qələbəsi ilə yekunlaşan savaşdan sonra, dövlət başçısının tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası”nın yaradılmasına başlanıldı. Bu məqsədlə bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı da özəl investisiyaların cəlb olunması üçün investorlarla müzakirələr aparılmağa başlanıldı. Bunlarla yanaşı, ənənəvi enerji resurslarından elektrik enerjisi istehsalı sahəsinə də özəl investisiyaların cəlb olunması istiqamətində işlər davam etdirilir. Bir sözlə, Qarabağda və Şərqi Zəngəzurda “yaşıl məkan” konsepsiyasının hazırlanmasına başlanıldı. Ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, Qarabağ regionunda bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək “yaşıl zona”, yaxud yaşıl məkan konsepsiyasının hazırlanmasına başlanıldı. Bu istiqamətdə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi ilə müzakirələr aparılmaqdadır. İlkin qiymətləndirmələrə görə, bu ərazilərdə 4 000 meqavatdan çox günəş, 500 meqavatadək külək enerjisi potensialı var. Kiçik su elektrik stansiyalarının inventarlaşdırılması işinə başlanılıb.

Bununla yanaşı, bu sahədə pilot layihələr də həyata keçirilir. 2020-ci ilin dekabr ayının 29-da Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı müqavilələr imzalanıb. Layihənin həyata keçirilməsinə ümumilikdə 300 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu, il ərzində 1 milyard kilovat/saata yaxın elektrik enerjisinin istehsalı nəzərdə tutulur. Bu layihənin icrası nəticəsində il ərzində 200 milyon kubmetr qaza qənaət ediləcək, habelə ətraf mühitə atılan tullantıların həcmi ildə 400 min tonadək azaldılacaq.

Həmçinin. 2021-ci ilin aprelində Azərbaycanda günəş enerjisi stansiyasının tikintisinə dair layihənin həyata keçirilməsinə dair müqavilə imzalandı. Azərbaycan hökuməti və BƏƏ-nin “Masdar” şirkəti Ələt yaxınlığında 230 meqavat gücü olan günəş elektrik stansiyası tikintisi üçün müqavilə imzaladılar. Bu günəş elektrik stansiyası Qobustan ərazisində yerləşəcək və layihənin ümumi investisiya dəyəri təxminən 200 milyon ABŞ dolları təşkil edir.

Artıq ölkəmizin hədəfləri ölkənin ümumi enerji istehsalı gücündə bərpa olunan enerjinin payını hazırkı 17,3 %-dən 2025-ci ildə 24 %-ə, 2030-cu ildə isə 30 %-ə çatdırmaqdır. Hətta bu məqsədlə növbəti onillikdə quraşdırılması planlaşdırılan 1 500 MVt-lıq yeni istehsal güclərinin 470 meqavatını “ACWA Power” və “Masdar” kimi tərəfdaşlarla reallaşdırılacaq.

Həmçinin gələn il, Azərbaycanda ölkənin bərpa olunan enerji mənbələri potensialının atlası işləniləcək və müvafiq hüquqi aktların qəbulundan sonra atlasa daxil edilmiş ərazilər investorlara təklif ediləcək. Hərracların keçirilməsi üçün müvafiq sənədlər və müqavilə layihələri artıq hazırdır. İlk hərracın Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) seçdiyi məsləhətçi şirkətin dəstəyi ilə gələn il keçirilməsi planlaşdırılır.

Qələbədən sonra quruculuq

Qarabağda əldə edilən böyük zəfərin ardından işğaldan azad edilmiş bölgələrdə ötən il quruculuq işləri uğurla həyata keçirilib. Bu quruculuq işləri dövründə nəqliyyat vasitələrinin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə “SOCAR Petroleum” düşmən tapdağından təmizlənmiş ərazilərdə yeni yanacaqdoldurma məntəqələri açır. SOCAR ilk əvvəl Qarabağın incisi olan Şuşada, daha sonra Ağdam rayonunda modul tipli yanacaqdoldurma məntəqələrini (YDM) açdı. Azad edilən ərazilərdə üçüncü istismara verilən YDM isə Qubadlı rayonu, Eyvazlı kəndinin ərazisində yerləşir. Qubadlıda, Gorus-Qafan yolunun üzərində, “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verildi. Bununla da “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 41-ə çatdırıldı. Qarabağ bölgəsində isə “SOCAR”ların sayı uçə çatdı.

Həmçinin, bu Qarabağ və Şərqi Zəngəzurda “Azərenerji” tərəfindən 9 yarımstansiya tikilərək istifadəyə verildi. Tikilən yarımstansiyaların hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, tam rəqəmsallaşdırılıb. Belə ki, işğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi, sözügedən rayonların ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması ilə bağlı Prezident İlham Əliyevin enerji strategiyasına uyğun olaraq 2021-ci ildə kompleks işlər həyata keçirilib. Belə ki, Dördüncü Sənaye İnqilabına uyğun olaraq intellektual enerjisistem konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, rəqəmsallaşdırılmış yarımstansiyalar formalaşdırılıb. İstismara verilən rəqəmsal yarımstansiyalarda aktivlərin, proseslərin, resursların idarə edilməsi, açılıb qoşulma əməliyyatları, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırlması, problemlərin tez həlli proqram təminatı vasitəsi ilə avtomatik həyata keçirilir.

Qarabağ və Şərqi Zəngəzurda “Güləbird”, “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları yenidən qurularaq istismara verildi. “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında isə yenidənqurma işləri tamamlanıb. Bu 4 elektrik stansiyasının ümumi gücü 20 meqavatdan artıq olub.

2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurda 110/35/10 kV-luq 9 rəqəmsal yarımstansiya tikilib. Bunlar “Şuşa”, “Füzuli” və “Şükürbəyli”, “Kəlbəcər”, “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyalarının dövlət başçısının iştirakı ilə açılışı Ağdam rayonunda inşa edilən 110/35/10 kV-luq “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Rəqmsal İdarəetmə Mərkəzinin tikintisi yekunlaşıb.

“Şükürbəyli” yarımstansiyasına Beyləqandan 51 km məsafədə 110 kV-luq yeni xətt çəkilib. Ən əsası Şükürbəylidən Şuşaya 75 km, eyni zamanda “Cəbrayıl” və “Qubadlı” yarımstansiyalarına giriş-çıxış olmaqla “Zəngilan” yarımstansiyasına qədər 110 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti çəkilib. Həmçinin “Qubadlı” yarımstansiyasından “Güləbird” SES-ə 19 km məsafədə 110 kV-luq xətt inşa edilib.

Bundan əlavə “Daşkəsən” yarımstansiyasından Murov dağını keçməklə yeni tikilən “Kəlbəcər” yarımstansiyasına 70 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti gətirilib. Həmçinin “Xındırıstan” yarımstansiyasından minalanmış əraziləri keçməklə yeni tikilən “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına 35 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti çəkilib.

Gələn ilə böyük ümidlərlə

Gələn ilə isə çox böyük ümidlər var. Bu ümidlər daha öncəki illərdə və təkcə yola saldığımız ildə görülən işlərə nəzər yetirdikdə daha da artır. Bu ümidlər Azərbaycanın Qarabağda yalnız energetika sektorunda həyata keçiriləcək işlərə diqqət etdikdə daha da böyüyür. Bununla bir daha əminliklə deməyə əsas verir ki, Azərbaycan nəinki regionda, həmçinin dünyada etibarlı enerji tərəfdaşı kimi özünü bir daha sübut edir. Bir enerji ölkəsi kimi də bu sahədə öz mövqeyini günü-gündən daha da gücləndirir.

Qarabağda aparılan quruculuq işlərini nəzərə alsaq demək olar ki, 2022-ci ildə görüləcək işlər çoxdur, xüsusilə də enerji sahəsində. Bütün bunlar isə ölkəmizi enerjinin şaxələndirilməsi baxımdan daha da zəngin və maraqlı edir.

Check Also

Ermənistanda “avanqard müxalifət” boşluğu – Paşinyan cəmiyyəti necə “oyadacaq?”

Ermənistanın siyasi həyatında müxalifət “qıtlığı” özünü daha qabarıq formada göstərməkdədir. Bu da səbəbsiz deyil – …