Boyukmillet.com-un redaktoru Sima Babayeva öz facebook hesabında ölümlə nəticələnən yol qəzası haqda paylaşım edib.
Həmin paylaşımı sizlərə təqdim edirik:
Ağdaş rayonun Aral-2 kəndinin sakini Güləhmədov Mübariz Mahir oğlu boyukmillet.com olaraq bizə müraciət edərək dərdini anlatdı. Şikayətçi bildirdi ki, anası- 04.12.1958-ci il təvəllüdlü, 1989-cu ildən ömrünün sonuna kimi tibb bacısı vəzifəsində çalışmış Kərimova Həqiqət Novruz qızı 21 aprel 2022-ci il səhər saat 10 radələrində Dövlət Sosial Müdafiə Fondunun Ağdaş Rayon İdarəsinin yaxınlığında maşın yolunu keçərkən Yusif Tapdıq oğlu adlı şəxsin idarə etdiyi 90 BS 970 dövlət nömrə nişanlı HUNDAY SONATA markalı avtomobillə vurulub. İddia olunur ki hadisəni törədən sürücü sürət həddini aşıbmış.
Həmin yolda sürət həddi saatda 40 km müəyyənləşsə də Yusif adlı vətəndaş maşını saatda 130 km sürətlə idarə edərək yuxarıda adı çəkilən qadını vurub atıb, üstündən keçib. Həqiqət xanım xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mübariz Güləhmədovun dediyinə görə onların şikayətinə məhəl qoyulmur.
Qardaşı Həmidov Ceyhun və bacısı Əliyeva Rüxsarə ilə birlikdə ataları Güləhmədov Mahirdən narazılıq edirlər. Bildirirlər ki, Mahir kişi 2-ci qrup əlildir, alkoqollu içkilərə meylli adamdır. Onun bu zəif xarakterindən istifadə edərək qarşı tərəf, yəni Həqiqət Kərimovanı maşını ilə vurub qəza törədən Yusif “dil tapıb”,mərhumun ərini, necə deyərlər, razı salıb. Ona görə də Mahir Gülməmmədov həyat yoldaşının ölümünə səbəb olmuş adamla sövdələşərək maddiyyata üstünlük verib.
Həm də üç övladına bu məsələ üstündə qənim kəsilib. Ən qəribə hadisələr Ağdaş Rayon Məhkəməsində cərəyan edib. Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi ilə aparılmış məhkəmə araşdırması, həqiqəti aşkar etməkdənsə, hadisəni törətmiş şəxsin təqsirini malalamağa yönəlib. Maraqlıdır, 21-ci əsrdəyik, ətraf nəzarət, müşahidə kameraları ilə doludur. Elə hadisə də elə yerdə baş verib ki, orada rayon DSMF şöbəsi, su idarəsi və s. obyektlər yerləşir. Bu ərazidə kameralar mövcuddur.
Lakin məlum olub ki, hansısa “sehrli əl” yol-qəza hadisəsinin əks olunduğu videogörüntələri kamera qeydlərindən silib. Gülməli odur ki, məhkəmədə təqsirləndirilən adamın, yəni Yusifin görmə qabiliyyətinin zəif olduğu, bu səbəbdən qəza törətdiyi bildirilib. Hakim elə bu faktı araşdırmağı lazım bilsə idi, bilərdik ki nəyə görə görmə cəhətdən kəm olan kəsə sürücülük vəsiqəsi verilib?
Nəyə görə Dövlət Yol Polisi bu fakt üzrə işə cəlb edilməyib? Yoldakı kameralardan qeydlər necə və kimlərin əli ilə silinib? Axı həmin kadrlar mübahisə predmeti olduğu üçün pozulmamalı idi. İnanırıq ki, bu məsələ lazimi instansiyalar tərəfindən nəzarətə götürülərək obyektiv araşdırma aparılacaq. Şikayətçinin anlada bildiyi qədər mövzunu çatdırmağa çalışırıq. Qarşı tərəfin də mövqeyini əks etdirməyə hazırıq.
Sima Babayeva