Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi,
filologiya elmləri doktoru
Dövri-mətbuatda ardıcıl olaraq müxtəlif publisistika janrlarında çıxış edən Sabir Şahtaxtlının “Yosun ətri” (“Yosun kokusu”) romanı son dövrlərdə qələmə alınmış yeni ümumtürk ədəbiyyatının nümunəsi kimi maraq kəsb edir. Əsərin türk dünyası kontekstində yaranması Sabir Şahtaxtlını ümumtürk yazıçısı kimi qəbul edilməsini təlqin edir. Çünki əsər nə sırf Azərbaycan oxucusuna, nə də ki, Türkiyə oxucusuna deyil, geniş mənada ümumtürk oxucusuna ünvanlanıb. Osmanlı dövləti dağıldıqdan sonra ona daxil olan dövlət və millətlərin öz yerlərini tam şəkildə tapa bilməməsi romanda əks etdirilir. Bu məqam Sabir Şahtaxtlı tərəfindən romanın əsas problematikası kimi də özünü göstərir. Əsərin baş qəhrəmanı Rəsulun Əfqanıstandan olması, Türkiyədə, Liviyada, Azərbaycanda, Rusiyada yaşaması diqqət çəkən məqamlardır. Rəsulun ailəsi ilə Liviyaya getməsi məqamında oxucu qarşısında bir çox suallar yaranır. Niyə Liviya? Rəsulu Liviyaya cəlb edən nədir? Onu vurğulamaq lazımdır ki, Liviya da tarixən Osmanlı dövlətinə aid ərazilərdən biri olmuşdu. Müəllifin əsərdə Əfqanıstana da toxunması bu məkanın babalarımızın torpaqları olmasını təqdim etmək məqsədi güdür. Romanda Əfqanıstanda gedən siyasi olaylar incəliklə açıqlanır. Əfqan xalqının əvvəlcə ABŞ-ın silahı ilə SSRİ-yə qarşı vuruşduğunu, sonrakı tarixi dönəmdə isə rus ordusundan silah alıb ABŞ-a qarşı vuruşması da burada xüsusi qeyd edilir: “Dünyada dəyişməyən bir şey vardısa, o da Əfqanıstanda tökülən əfqan qanının rəngiydi. Qırx il öncə ABŞ-dan silah alaraq Sovetlərlə savaşan əfqanlılar, indi də rusların silahlarına arxalanaraq ABŞ-la vuruşurdu”.
Müəllif istər Əfqanıstanda, istərsə də Liviyada əhalinin pis yaşamasını Qərbin apardığı siyasətin nəticəsi kimi göstərir. Sabir Şahtaxtlı Əfqanıstan, Liviya, Qarabağ müharibəsi və sair məqamlarla göstərməyə nail olur ki, vahid Türk birliyi olmayanda bu belə də davam edəcək, bu cür acınacaqlı durumlar yaranacaq və yaşanacaq.
S.Şahtaxtlı bu məsələlərin Azərbaycana təsir göstərməsi faktına da toxunur. Xalqın tarixi yaddaşına əbədi hopmuş Yanvar faciəsini vurğulayır, 1990-cı illər Azərbaycanını Əfqanıstanla müqayisə edir.
Sabir Şahtaxtlı xalq arasında süni xəstəlik yayılmasını da beynəlxalq miqyasda aparılan məkrli siyasətin tərkib hissəsi kimi göstərə bilir. Bu siyasət nəticəsində dinc əhali arasında insan itkisinin süni surətdə artırılmasını xalqın faciəsi kimi əks etdirir: “Bu sabundan bir milyon gətirdilər. İçində qaşıntı yaradan bir bakteriya var. Yerli xalqa pulsuz hədiyyə edilir. Sonra dərman almaq üçün bizə möhtac olsunlar. Yəni Sovet dövlətinin sözündən çıxmasınlar. Yoxsa qaşıntıdan ölərlər”. Sabir Şahtaxtlı dinc əhalinin rifahının pisləşdirilməsini yalnız bu epizodda deyil, romanın digər epizodlarında da təqdim edir: “1984-cü ildə Qromıkonun “əfqanları özümüzə bağlamağın yolu onları ac buraxmaqdır” sözlərindən sonra Əfqanıstanda siçan kimi gəmiricilər göbələk xəstəliyinin bir növünü yaydılar. Heyvanlara süni peyvəndlər vuraraq bruselyoz xəstəliyinin yayılmasına səbəb oldular”.
Müəllifin romanda ailə başçısı kimi dəyərləndirdiyi Ağa Mehdinin özünü noğay türkü yox, əfqan adlandırması bu xalqın assimilyasiyaya uğramasını əks etdirir: “…Ağamın atasının və qaynatasının Noğay türkü olduqlarını öyrəndim. Bütün bunları mənə anam anladırdı. Ancaq Ağa özünü Türk olaraq görmürdü… Onun öz dilindən heç bir zaman “Türk” olması ilə bağlı bir kəlmə eşitmədim”.
Müəllif bu məqama həm də kökdən uzaqlaşmaq kimi aydınlıq gətirməyə cəhd etsə də, noğay türklərinin assimilyasiyaya uğraması da göz önündə canlanır. Belə ki, hələ 1783-cü ildə II Yekaterina Qara dəniz ətrafı dövlətlərin işğalı, əhalisinin isə Ural ətrafına köçürülməsi haqda manifest qəbul etdikdə noğayların doğma yurdlarından deportasiya olunmasına səbəb olur. Romanda noğay türklərinin Əfqanistanda da məskunlaşmaları faktına toxunulması türkdilli xalqların müxtəlif yerlərdə olmasını açıqlamağa xidmət edir. Noğaylar Rusiyanın Həştərxan vilayətində yaşamış türk dilinin qıpçaq qrupuna daxil olan noğay dilində danışan türk tayfasıdır. Qeyd edək ki, noğay dilinin etnik və linqvistik baxımdan qazax və qaraqalpaqlara ən yaxın xalq olması da vurğulanmaqdadır. Qızıl Orda imperatorluğunun dağılmasından sonra yaranan Noğay Xanlığı da bu xalqın varlığına dəlalət edir. İmam Həşimin qızının Rusiyada, Moskvada yaşayan Oksananın ya da Əfsanənin rus deyil, “Qaranoğay” və ya “Noğay-Qaraqaş” adlandıran noğay türkü olması da anlaşılır.
Müəllif romanda Qafqaz İslam Ordusunun XX əsrin əvvəllərində Azərbaycana yardıma gəlməsini, daha sonra Türkiyə Cümhuriyyətinin İkinci Qarabağ Müharibəsi zamanı verdiyi mənəvi-siyasi dəstəyi də xüsusi şəkildə diqqətə çatdırır. Nuri Paşanın Azərbaycana yardımı ilə bağlı məqamlara aydınlıq gətirməklə türk qardaş yardımını əks etdirir: “Nuri Paşa da daxil olmaqla Qafqaz İslam Ordusunun cəsarəti haqqında kifayət qədər məlumatım vardı”.
Romanda bir atanın, yəni İmam Həşimin iki qız övladının (Oksana-Əfsanə və Sara) fərqli məkanlarda, bir-birilərindən xəbərsiz böyümələrini əks etdirilməsi maraq kəsb edir. Müəllifin İmam Həşimin qızlarını fərqli məkanlarda, həmçinin də bir-birilərindən xəbərsiz təqdim etməsində məqsədi nədir? Əfsanə Moskvada böyüyür, Sara isə Əfqanıstanda Ağaya əmanət edilir. Oksananın Saranın bacısı olması da təsadüfi deyil. Müəllif bunları göstərməklə türkün olduğu məkanlara diqqət yetirir. Müəllif Oksananın Rusiyada olması ilə babalarımızın Sibirdə, Altayda ilkin məskənlərinin olması amilinə diqqət yönəltməyə çalışır. Oksananın adının Əfsanəyə dəyişdirilməsi də bu məqama xidmət edir.
Müəllif Rəsulla Əfsanənin dünyaya gələn oğlunun adını Əfqan adlandırmaqla, romandakı missiyasının nə ilə bitəcəyini açıq şəkildə ortaya qoya bilir. Valideynlərinin Əfqanıstan və Rusiyada anadan olmalarına baxmayaraq, onların nicat və qovuşmaq məkanı İstanbul olur. Osmanlı dövlətinin paytaxtı olan İstanbul… İstanbul əsərdə müəllif tərəfindən məhz vahid bir türk məkanının simvolu kimi təqdim edilir.
Romanda təsvir edilən hadisələrin mahiyyətinin əsərin qəhrəmanlarının adları ilə də təqdim edilməsinə cəhd göstərilir. Adlar adi görünüşdən gündəlik adları əks etdirsə də, mahiyyət etibari ilə isə müəllif ideyalarının açıqlanmasına yardım edir. Məsələn, əsərin baş qəhrəmanı Rəsulun adı, sevdiyi qızın adının Sara olması, Rəsulun Sara adını qızına qoyması, müəyyən səbəblərdən qızının adının Dənizə, oğlunun anası Oksananın Əfsanəyə çevrilməsi, oğlunun adının Əfqan olması, nəvəsinin Səmayə adlanması və sair bundan xəbər verir. Romandakı adların mahiyyətinə vardıqda bunun açıq-aydın şəkildə müəllif ideyaları ilə əlaqəli olması diqqətdən yayınmır. Əsərin baş qəhrəmanının adı Rəsuldur. Rəsul xəbər gətirən, səfir, elçi, nümayəndə deməkdir. Müəllif qəhrəmanını belə adlandırmaqla onu ümumtürk ideologiyasının elçisi kimi təqdim edir.
Maraqlı məqam odur ki, müəllif öz tarixindən, özlüyündən, ailə dəyərlərindən imtina edənləri dənizdə batırır. Dəniz həm də təmizlənmə yeri kimi özünü göstərir. Sevdiyi qızı Saranı, ömür-gün yoldaşı Qumrunu dənizdə itirən Rəsulun qızı Saranı Dəniz kimi tapması da oxucunu düşünməyə vadar edir. Sara sözünün bir mənası da rəngi dəyişmiş olan sudur. Müəllif Saranı, yəni “rəngi dəyişmiş olan su”yu dənizə qərq etməklə, sonra dünyaya gəlmiş körpə qız uşağına Dəniz adı verməklə insanın dənizdə ölməsini deyil, mənəvi cəhətdən yeniləşməsini göstərir. Bu özünü həm dənizdə batması iddia edilən Saranın cəsədinin tapılmamasında, həmçinin sonra adını daşıdığı Saranın dənizdə boğulmaqla üzləşməsi, xilas olduqdan sonra adının dəyişdirilib Dəniz olmasında büruzə verir.
Müəllif xarakter çoxluğu və problemlərin mürəkkəbliyi ilə seçilən epizodları müxtəlif başlıqlar altında təqdim edir: “Yol ayrımı”, “Yayla”, “Qırmızı rüzgar”, “Su sevgisi”, “Sirli dağlar”, “İkinci xəyanətim”, “Sirr ağacı”, “Ulduzlar sönəndə”, “Danışan məzar”, “Qanlı məktub”, “Qızım Sara”, “Su pərisi”, “Həsrət”, “Qaçış qərarı”, “Can bazarı”, “Ana uşağı”, “Abella”, “Buludların döyüşü” və sair. Müxtəlif hadisələrin başlığa çıxarılmış adları müəllifin oxucusuna çox material təqdim etməsi ilə bağlıdır. Bu romandakı hadisələrin daha geniş və ətraflı, xronoloji ardıcıllığı gözləmək əsasında vahid xətt üzrə çatdırılmasına şərait yaradır.
Son olaraq qeyd edək ki, S.Şahtaxtlının türk dilində qələmə alınmış və Türkiyədə nəşr edilmiş “Yosun ətri” (“Yosun kokusu”) romanı ümumtürk ideologiyasının həyata keçirilməsi sahəsində ədəbiyyat vasitəsi ilə atılan bir addımdır. Bu əsər böyük türk coğrafiyasının ortaq talelərini və hədəflərini həm reallıqları və həm də gələcək üfüqləri ilə bir yerdə uğurla əks etdirən yeni ədəbiyyat nümunəsidir. “Yosun ətri” müstəqillik dövründə Azərbaycan ədəbiyyatında yaranmış ilk publisistik romanlardan biri kimi də əhəmiyyətlidir.