Cümə , 29 Mart 2024
Drone Cameras

Yüzillik yubileyə sanballı ərməğan

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultan “Müasir Naxçıvan” kitabını mənə “Ön söz” yazmaq üçün təqdim edəndə artıq onu “səhifələyib oxumuşdum”. Yəni, ilk qələm təcrübələrindən sıravi jurnalistliyə, Naxçıvan Dövlət Universitetinin mətbuat şöbəsinin müdirliyindən muxtar respublikanın aparıcı dövlət mətbuat orqanı olan “Şərq qapısı”nın baş redaktoru kimi məsul vəzifədəki fəaliyyətinə qədər yaradıcılığını maraq və həvəslə izlədiyim Mehriban Sultanın kitabda toplanmış publisistik əsərlərinin böyük əksəriyyətini gündəlik mətbuatdan mütaliə etmiş, müsbət fikirlərimi fürsət düşdükcə ziyalı dostlarımla, müəllifin özü ilə də bölüşmüşdüm. Mətnşünas səriştəsi ilə müxtəlif janrlar üzrə, xronoloji ardıcıllıqla qruplaşdırılan məqalə, oçerk, müsahibə və digərlərini yenidən gözdən keçirdim. İlk növbədə, onu qeyd edim ki, Mehriban Sultan neçə illərdir ki, jurnalist-pedaqoq, alim-ziyalı kimi elmi-ictimai mühitə kifayət qədər tanışdır. O, ötən əsrin 20-30-cu illərində nəşr olunmuş “Yeni yol” qəzeti ilə bağlı, mətbuat və ədəbiyyat tariximizin qaranlıq səhifələrinin elmi tədqiqinə həsr olunan, dövrün Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Bayraməli Abbaszadə, Eynəli bəy Sultanov kimi görkəmli maarifpərvər ziyalılarının publisistikasına işıq salan elmi tədqiqatların müəllifidir. Müəllifin bununla bağlı nəşr olunmuş “Mollanəsrəddinçilər “Yeni yol”da”, “Milli mətbuat tariximizdə “Yeni yol” qəzeti” adlı kitabları mətbuat tariximizin öyrənilməsi baxımından dəyərli mənbələrdir. Mehriban xanımın Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə 2018-ci ildə nəşr etdirdiyi “Mənim universitet dünyam” kitabı isə muxtar respublikada ali təhsil quruculuğu tarixini müxtəlif rakurslardan öyrənmək üçün elmi-publisistik faktlarla zəngin olan qiymətli nəşrdir. Bəhs olunan kitablar və “Müasir Naxçıvan” adlı yeni nəşr müəllifin tədqiqatçı kimi milli publisistik irsi öyrənərək, müasir Naxçıvan onu müasir dövrümüzdə yaradıcı şəkildə inkişaf etdirərək istedadlı qələm sahibinə çevrildiyini, mənbəşünas və mətnşünas kimi dövri mətbuat materiallarına, qəzetçilik üslubuna və janrlarına dərindən bələd olduğunu bir daha təsdiq edir.

Yeni kitabın “Müstəqil dövlətçilik və milli ideologiya işığında” başlıqlı ilk bölməsində nəşr olunan məqalələr analitik-siyasi təhlil baxımından müəllifin aydın dövlətçilik mövqeyi və əqidəsini, millilik ideologiyasına sədaqətini nümayiş etdirən, tam mənası ilə deyərdim ki, ümumilikdə, Naxçıvan mətbuatında siyasi publisistikanın mükəmməl nümunələridir. Bu məqalələrdə ümummilli lider Heydər Əliyevin mənalı və şərəfli ömür yoluna, Milli Qurtuluş, müstəqillik və muxtariyyət tariximizə, muxtar respublikamızın hərtərəfli inkişafına, siyasi-tarixi nailiyyətlərinə siyasi şərhçi, politoloq səviyyəsində nəzərsalınıb, siyasi-tarixi proseslər fundamental şəkildə təhlil edilib. Bu bölmədə yer alan və elə mətbuatda dərc olunarkən müəllifə müsbət münasibət bildirdiyim “Tarixi zəfər sonrası səfər”, “Müasirləşən Naxçıvan” və “Siyasi sadiqlik əzmi” məqalələrini, xüsusilə qeyd etmək istərdim. Kitabın “Ümummilli liderimiz Heydər Əliyevin arzularının gerçəkləşdiyi müasir məkan – Naxçıvan” bölməsində verilmiş icmalların hər birində muxtar respublikanın aylıq siyası mənzərəsi peşəkarcasına və bütün dolğunluğu ilə əks olunur.

Tədbirlərin, sadəcə xülasəsi olmayıb, həm də onların siyasi təhlilini, mahiyyətini əlaqəli şəkildə təqdim edən bu materiallar mətbuat vasitəsilə müasir tariximizin salnamələşdirilməsi baxımından əhəmiyyətlidir. Bu icmallarda müəllif dövlətçiliyə və milliliyə sadiq bir vətəndaş, ictimaiyyətçi kimi, aydın ziyalı mövqeyindən çıxış edir.

Digər bölmədəki hərbi-vətənpərvərlik mövzusunda yazılan məqalələrdə Naxçıvanda ordu quruculuğu prosesi, Vətən müharibəsində ölkə başçısının nümayiş etdirdiyi siyasi qətiyyət, dövlət-xalq-ordu həmrəyliyi nəticəsində qazanılan hərbi zəfər və siyasi qələbə haqqında dərin analitik təhlillər yer alıb. Müasir hərbi jurnalistikanın təkmil nümunələri olan bu məqalələri oxuduqca şərəf və qürur tariximiz olan yaxın tariximizə müəlliflə birgə yenidən böyük qürur və zövq hissi ilə səyahət edir, onunla birgə   iftixar hissi yaşayırsan. Əmin olursan ki, Mehriban xanım bu proseslərin biganə seyrçisi olmayıb, mahiyyətinə vara və bəzən də proqnozlaşdıra bilən, publisistik düşüncələri ilə bu fikirlərin arxasında əsl vətənpərvər bir ürəyin döyündüyünu oxucusuna inandıra bilən mahir qələm sahibi kimi çıxış edir. Növbəti bölmədə yer alan mətbuat tariximiz, ölkədə və muxtar respublikamızda aparılan mətbuat və informasiya siyasəti ilə bağlı məqalələrdə müəllif jurnalistikanı tədris edən pedaqoq kimi də özünü doğruldur. Yeri gəlmişkən tövsiyə edərdim ki, jurnalistika sənətini seçən gənclərimiz, tələbələr yaradıcılıq baxımından püxtələşmək, praktik vərdişlər formalaşdırmaq istəyirlərsə, bu kitabı dərindən mütaliə etsinlər, ona tez-tez müraciət etsinlər. Kitabda muxtar respublikada elm və təhsilin inkişafı, xüsusilə də Naxçıvan Dövlət Universitetinin timsalında ali təhsil quruculuğu, ziyalı mühitinin formalaşması, müxtəlif ziyalılarımız haqqında məqalələr, (xüsusilə də alim həmkarım Hüseyn Həşimli haqqında ürək yanğısı ilə yazılmış rekviyemtipli məqaləni təsirlənmədən oxumaq mümkün deyil), akademik İsa Həbibbəyli, Lətif Hüseynzadə kimi tanınmış ziyalı-pedaqoq və digərlərindən alınan müsahibələr, müxtəlif yol qeydləri müəllifin də aydın ziyalılıq mövqeyini ortaya qoyur.

Bu məqalələr Mehriban Sultanın peşəkar jurnalistikaya ziyalı mühitdən, pedaqoji prosesdən gəldiyini və özünü təsdiqlədiyini bir daha təsdiq edir. Onun oxunması zəruri olan kitablarla bağlı məqalələri, yeni nəşrlərlə bağlı resenziyaları da ziyalılıq mövqeyi bildirən, mütaliəyə müntəzəm meyilli bir qələm sahibi, resenzent olduğundan soraq verir. İstər Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının səhnələşdirdiyi əsərlər, istərsə də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının yeni tamaşaları haqqında Mehriban xanımın yazdığı resenziyalar da bədii publisistikanın mükəmməl nümunələri olmaqla, həm də müxtəlif səhnə əsərlərini, obrazları dərindən təhlil edən, tamaşanın ideya və mahiyyətini açan sanballı teatrşünaslıq materiallarıdır. Bu resenziyalar tamaşaya baxmayanlarda belə, səhnə əsəri haqqında kifayət qədər təəssürat formalaşdıra bilən, mədəni nailiyyətlərimizi təbliğ etməklə tamaşaçını teatra cəlb edən əsərlər, publisistik düşüncə materiallarıdır. Mehriban Sultanın bədii yaradıcılıq sahəsində də qələmini uğurla sınaması, özünün də ifadə etdiyi kimi, ruhu ilə baş-başa qalarkən qələmə aldıqları incə bədii təxəyyülün məhsulu kimi maraq doğurur, ictimai qınaq xarakterli yazılarda isə müəllif kəsərli mövqeyi ilə seçilir. Kitabdakı ssenarilər müasir publisistika nümunəsi olmaqla, həm də dolğun bədii düşüncədən ərsəyə gələn mətnlərdir.

Ümumiyyətlə, bu kitabı oxuduqca müəllifin aydın yaradıcılıq dəst-xətti, özünəməxsus oxunaqlı üslubu, axıcı dili və zəngin söz ehtiyatının onu oxucuya sevdirəcəyindən qətiyyətlə əmin olursan. Bir məqamı da vurğulamaq istərdim ki, bu məqalələrin irihəcmliliyi heç də təkrarçılıq və sözçülük, uzunçuluq deyil, əksinə, Mehriban xanımın mövzunun bütün təfərrüatı ilə mahiyyətinə, dərinliyinə varmaq istəyindən irəli gəlir. Bu məqalələri oxumaq özü mütaliə mədəniyyəti, müəllifin özü qədər səbr, təmkin tələb edir. İlk baxışdan adamın “gözünə duran” məqalələr ilk sətirdən başlayaraq oxucunu öz arxasınca apara bilir. Bu məqalələr müəllifin səmimi hiss və duyğuları, təlatümlü düçüncələri ilə oxucusunda zəngin təəssürat yarada, düşüncəsində uzunmüddətli iz qoya bilir. Mehriban Sultanın “Müasir Naxçıvan” kitabında topladığı məqalələrin əksəriyyəti baş redaktor səviyyəsində yazılan, baş məqalə xarakterli məqalələr olub, həqiqətən də müasir Naxçıvanımızın publisistik xəritəsini yarada biləcək maraqlı və oxunaqlı əsərlərdir. Kitab dövrümüzün salnaməsini yazan “Şərq qapısı”nın maraqlı və rəngarəng səhifələrini özündə əks etdirir.

Yeni nəşr Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamının icrası baxımından yuzillik yubileyə layiqli töhfə sayıla bilər. İstər şəxsi həyatında, istərsə də elmi-pedaqoji və jurnalistlik fəaliyyətində əsl Azərbaycanşünas mövqeyindən çıxış edən müəllifə – Mehriban Sultana gələcək fəaliyyətində uğurlar arzu edirəm.

Əbülfəz Quliyev,

AMEA-nın müxbir üzvü

Check Also

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Bu barədə Musavat.com-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) …