Cümə , 22 Noyabr 2024
Drone Cameras

Zahid Oruc: Kəndlərimizin qaytarılmasına etiraz edən ermənilərə Paşinyanın dili ilə cavab verməliyik

Kəndlərimizin qaytarılmasına etiraz edən ermənilərə Paşinyanın dili ilə cavab verməliyik.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin aprelin 23-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təkcə Qarabağ və ətraf ərazilərdə deyil, daha böyük coğrafiyalarda itirilən tarixi yurd yerlərinin qaytarılması İlham Əliyevi son üç əsrin qəhrəmanına çevirir:

“Bir kəndin – Nüvədinin itirilməsi ilə Naxçıvanın Azərbaycandan ayrı düşməsi tarixi reallığı, indi qaytarılan dörd kəndin ərazisindən daha böyük mənəvi-siyasi və hərbi-təhlükəsizlik əhəmiyyətini sübut edir. Elə Rusiya-Ukrayna müharibəsində hər kənd uğrunda həyatını itirən minlərlə insanı gördükdə Ağdam, Kəlbəcər, Laçın, Zabux, Sus, o cümlədən dörd kənd üçün verilməyən şəhidlərimiz üzərindən hesablayanda qələbəmizin dəyəri daha böyük görünür”.

Deputat bildirib ki, 19 aprel razılaşması Qərbin Azərbaycan əleyhinə apardığı etnik təmizləmə və ilhaq kampaniyasına da zərbə vurur, dezinformasiyaları alt-üst edir:

“Ona görə də sazişi BMT Baş katibi, ABŞ dövlət katibi, Avropa İttifaqının rəhbərləri və onlarla ölkənin xarici siyasət idarəsi də alqışlamalı oldu. Ermənistanın siyasi qətnamə və silahlarla təchizinin Azərbaycana qarşı olmadığını, İrəvan müharibəyə hazırlaşırsa, niyə dörd kəndi sülh yolu ilə qaytarır deyənlər bilsin ki, Paşinyanı belə addıma vadar edən 44 üstəgəl bir gündür”.

“Şuşa və Xankəndi zəfərinin, ərazi bütövlüyünün memarının məhz Ulu Öndər olduğunu deyərkən dünən Kremldə Heydər Əliyevin misilsiz xidmətlərinin vurğulanmasını XXI əsrin qlobal siyasətini müəyyən edən Baykal-Amur magistralının Zəngəzur dəhlizi ilə birləşəcəyini, nəhəng Şimal-Cənub marşrutuna da yaşıl işıq salacağını qürurla söyləməliyik. Əlbəttə, kəndlərin qaytarılmasına ya bütövlükdə, ya da birtərəfli olduğu üçün etiraz edən “26 sentyabr beyinlilər”ə də Paşinyanın dili ilə cavab verməliyik”, – Milli Məclisin üzvü qeyd edib.

Z.Oruc vurğulayıb ki, Ermənistanın Baş naziri rəsmi Bakının ultimatumunu son bir ayda iki dəfə Tavuş camaatına çatdırıb:

“O, ermənilərə razılaşmayacaqları təqdirdə regionda partlayış olacağı ilə bağlı xəbərdarlıq etdi. Yəni sadə dilə çevirsək, Paşinyan demək istəmişdi ki, mən gedirəm, sonra torpağın əsl sahibi İlham Əliyev özü gələcək”.

Check Also

Gələn həftə Milli Məclisdə Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq

Milli Məclisdə noyabrın 18-də Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi zərfinin müzakirələri başlayacaq. “Report”a məlumatı …