Sumqayıtın icra başçısı Zakir Fərəcovun başının üzərində qara buludlar dolaşır. Bunu artıq özü də etiraf edir və keçmişdə buraxdığı “səhv” səbəbindən ciddi problemlə üzləşdiyini yaxınlarına deyir. Hətta yaxın zamanlarda nəinki işdən çıxarılacağı, hətta bütün imkanlarından məhrum olunacağını da istisna etmir.
JAMAZ.İNFO xəbər verir ki, Zakir Fərəcovun belə qaramat duruma düşməsi və dilinə gətirdiyi “səhv” məsələsi bir neçə il əvvəl baş verən hadisə ilə bağlıdır. Belə ki, onun sabiq səfir, hazırda həbsdə olan Eldar Həsənovla biznes şəriki olmasıdır.
Qeyd edək ki, icra başçısının keçmiş səfirlə hələ 2006-cı ildən biznes şərikliyi var. Həmin şəriklik də Tekirdağ bölgəsində qurulan və əsasən spirtli içkilər istehsal edən “Rags” alkoqollu içkilər zavodundan başlayıb. Bununla bağlı tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli yazırdı ki, sözügedən şirkət Türkiyə bazarında ciddi iştirak payına sahibdir. “27 milyon dollar civarında sabit investisiyaya malik RAGS ALKOLLÜ İÇECEKLER SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ-nin təsisçiləri Azərbaycan vətəndaşlarıdır. Şirkət Kırklareli vergi dairəsində 7340876728 saylı vergi nömrəsi ilə qeydiyyatdan keçirilib”.
Türkiyə “Rəsmi Gazete”sinin 2 may 2008-ci il məlumatına görə, fabrik illik 3 milyon litr araq və 7.5 milyon litr rakı itehsal etmək gücünə sahibdir. 450 nəfərə yaxın isə işçisi var. Şirkətin təsisçiləri Bəhruz Əsədbəyli, sabiq baş prokuror, sabiq səfiri Eldar Həsənovun qohumları Ceyhun Bəylərov, Elmir Paşayev, Fuad Quliyevdir. İki il əvvələ qədər “Bakı Şərab-2” ASC-nin rəhbəri, Eldar Həsənovun qudası Rabil Hüseynov da şirkətin rəsmi ortaqlarından idi. Bu həmin Rabil Hüseynovdur ki, 2015-ci ildə Vergilər Nazirliyi onun rəhbərlik etdiyi ASC-ni vergi borcunu ödəməyən müəssisələr siyahısına daxil etmişdi. Rabil Hüseynovun ortaqlıqdan çəkilməsi çox güman ki, həmin ərəfədə digər oğlunun həbs edilməsi və başının üstünü qara buludların alması ilə bağlı idi.
Türkiyədə nəşr olunan “Sicili Gazetesi”ndə yer alan məlumata görə, 2017-ci ilin 27 dekabr tarixində Beşiktaş 25 saylı notariusda təsdiqlənmiş 42182 saylı etbarnamə ilə Eldar Həsənovun qudası ona məxsus 10500 səhmlik payını 10 milyon 500 min lirəyə (o zamankı kursla təxminən 3 milyon dollar) Əkbər Fərəcova satıb. “Rags alkoqollu içkilər zavodu Kırklareli, Kızılcıkdere Organize Sanayi Bölgesi 2.-də 3,75 hektarlıq ərazidə fəaliyyət göstərir, istehsal təsisatlarının və anbarlarının ərazisi 1.41 hektardır. Şirkət zavodun ərazisini genişləndirmək və istehsal gücünü artırmaq (illik 800.000 litr ağ şərab, illik 200.000 litr qırmızı şərab və illik 2.775.000 litr likör qablaşdırılması) niyyətilə bu yaxınlarda Türkiyənin rəsmi məqamlarına müraciət edib. Zavod etil spirtindən alkoqollu içkilər qablaşdırmaqla yanaşı, sərinləşdirici içkilər də istehsal edir. Türkiyə bazarında daha çox rus araqları markası ilə tanınır. “Dostoyevski”, “Rus yıldızı”, “Russian Gold”, “1934 Rags” araqları, “Destan” rakısı, “MONTBLANC”, “Rags” likör və şərabları ən məşhurlarıdır”.
Boyukmillet.com xəbər verir ki, Əkbər Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı oğludur. O, Azərbaycanda 2017-ci ilin dekabrında İNŞAATÇI A.H mənzil tikinti kooperativi açıb. Əkbər Fərəcovun atası da Türkiyədə bizneslə məşğuldur və burada onun şirkətləri var. Tekirdağdakı spirtli içkikər zavodunun Türkiyə bazarında realizasiyasını RAGS İÇECEK PAZARLAMA İTHALAT İHRACAT VE TİCARET ANONİM ŞİRKETİ həyata keçirir. Hüquqi qeydiyyat ünvanı İstanbulun ÇOBANÇEŞME MAH. SANAYİ CAD. NİSH İST. NO:44 D-BL.K.5 D.59 olaraq qeyd esilən şirkətin təsisçiləri isə Eldar Həsənovun kürəkəni, həmçinin Bakı Şərab-2 ASC-nin Rabil Hüseynovun oğlu Qabil Hüseynovdur. Onun şəriki isə Bəhruz Əsədbəylidir.
Qeyd etdiyimiz şirkətdə şərik olan Həsənovla Fərərəcov uzun müddət böyük gəlirlər əldə etsələr də, indi Sumqayıtın icra başçısı məşhər ayağına çəkilir. Səbəbini geniş izah etməyə də gərək yoxdur. Çünki sabiq səfir həbsdədir və onun mülklərinə həbs qoyulub. Paralel olaraq onun şərikləri və işbirliyində olan adamların da dindirilməsi və araşdırlması prosesinə start verilib. Təbii ki, bu zaman Zakir Fərəcovun da adı siyahının başında yer tutub.
Bildirək ki, hələ bir müddət əvvəl Fərəcovun qudası olan Cəlilabadın sabiq icra başçısı həbs olunanda o, birtəhər vəziyyətdən çıxa bilmişdi. Halbuki onun icra başçısı postuna təyinat məsələsində Fərəcovun təqdimatı əsas götürülmüşdü. Amma bunun ardından Fərəcovun əsas adamı, Abşeronun icra başçısı İradə Gülməmmədovanın işdən çıxarılması, ardından ölkədən çıxışına qadağa qoyulması artıq “ikinci dalğa”nın başlanğıcıydı.
Xəbər verildiyi kimi, Novxanıda yerləşən “Kalyon” restoranının admnistratoru bu günlərdə karantin qaydalarını pozudğuna görə, 10 gün müddətinə həbs olunub. Həmin məlumatlara əsasən Sumqayıt Şəhər Baş Polis İdarəsi sözügedən şəxsi davamlı olaraq, karanbtin qaydalarını kobud şəkildə pozduğuna görə, inzibati qaydada həbs etməli olub.
“Kalyon” restoranı birbaşa Zakir Fərəcova məxsusdur. Həmin restoranın sənəd üzərində sahibi isə Fərəcovun oğludur. Əgər bu gün Sumqayıt Şəhər Baş Polis İdarəsi Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının restoranının adminstratorunu həbs edirsə, bu artıq Fərəcovun gediş xəbərçisi hesab oluna bilər. Çünki şəhər polisi ən azından icra başçısına xatir onun restoranını işlədən şəxsi həbs etməzdi. Və belə bir təlimatın yuxarıdan gəldiyi də şübhəsizdir.
Gələn son xəbərlədə isə deyilir ki, “Kalyon” restoranında Vergilər Xidməti araşdırmalara başlayıb. Xidmət nümayəndələri restoranın vergidən yayına biləcəyini əsas gətirərək, araşırmalara start veriblər.
Lakin bu da son deyil. Maraqlı məqam ondan ibarətdir ki, Zakir Fərəcovun nəzarətində olan və ya onun məxsus olan digər şirkət və obyektlərdə də vergi yoxlamalarına başlanılıb.
JAMAZ.İNFO-ya daxil olan məlumata görə, proses o qədər geniş vüsət alıb ki, dünən axşam Zakir Fərəcovun halı pisləşib. İş otağından birbaşa həkim yanına aparıldığına dair iddialar var.
Bütün bunların birbaşa Eldar Həsənovla biznes ortağı olmasıyla bağlı olduğu, məsələ ilə bağlı keçmiş səfir həbs olunandan sonra araşdırmalara start verildiyi və bir çox önəmli detalların üzə çıxdığı deyilir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.