Çərşənbə axşamı , 19 Mart 2024
Drone Cameras

Zaqatalada “Şanlı tarix yazanlar” kitabının təqdimatı olub

Avqustun 11-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Əlmaniz Ələkbərlinin ərazi bütövlüyümüz uğrunda canlarından keçən zaqatalalı şəhidlərin xatirəsinə həsr olunmuş “Şanlı tarix yazanlar” kitabının təqdimatı olub.

Təqdimat mərasimində Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, rayon icra hakimiyyətinin rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri, ağsaqqal və gənclər iştirak ediblər.

Boyukmillet.com xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış Zəfər kompleksini, Şəhidlər xiyabanını, həmçinin ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə vurğulanıb ki, Vətən varlığımız, qürurumuzdur. Vətənin azadlığı, istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşurlar.

Təqdimat mərasimində çıxış edən müəllif Əlmaniz Ələkbərli bildirib ki, kitabda Birinci Qarabağ, 2016-cı ilin Aprel döyüşləri və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Zaqatalanın 230 qəhrəman övladının həyat salnaməsi, döyüşlərdə göstərdikləri igidliklər, valideynlərin, döyüş yoldaşlarının qəhrəmanlarımız barədə söylədikləri fikirlər əksini tapıb.

Diqqətə çatdırılıb ki, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə Zaqatalanın igid oğulları da şücaət göstərib, tarixi Qələbənin qazanılmasına öz töhfələrini veriblər. Onlardan iki nəfəri Azərbaycanın Milli Qəhrəmanı, üç nəfəri isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüblər. Müəllif kitabın ərsəyə gəlməsinə göstərdikləri dəstəyə görə uzun illər müxtəlif dövlət qurumlarına rəhbərlik etmiş Əhməd Əhmədzadəyə və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadəyə minnətdarlığını bildirib.

Təqdimat mərasimində Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Natiq Məmmədovun atası Bəşir Məmmədov, Vətən müharibəsi şəhidi Sayad Hacıyevin atası Azad Hacıyev çıxış edərək torpaqlarımızın erməni işğalından təmizlənməsi uğrunda canlarından keçən qəhrəman övladları ilə qürur duyduqlarını, fəxr etdiklərini vurğulayıb, kitabın müəllifinə, nəşrinə kömək göstərən insanlara minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan zabit Anar Seyidov, “Zaqatala” qəzetinin redaktoru İbrahim İbrahimov, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Leyla Məmmədova çıxış edərək, kitab haqqında təəssüratlarını bildiriblər.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük uğura imza atdığını, işğal altında olan torpaqlarımızın yağı düşməndən azad edildiyini diqqətə çatdırıb, Qələbənin şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanıldığını söyləyib. Vurğulanıb ki, şanlı Zəfərimiz, qəhrəman şəhidlərimiz, qazilərimiz, döyüşlərdə şücaət göstərən vətənpərvər oğullar haqqında yazılan belə kitablar gələcək nəsillər üçün çox qiymətli məlumat mənbəyidir.

Tədbirin sonunda şəhidlərin ailə üzvlərinə, doğmalarına kitablar təqdim olunub.

Check Also

Əhaliyə ŞAD XƏBƏR: Sosial ödənişlər BU TARİXDƏ VERİLƏCƏK

Novruz bayramı ilə əlaqədar martın 19-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının …