Oktyabrın 26-da Ləzgi Dövlət musiqi –dram teatrının foyesində peşəkar fotoqraf, çox illər Dərbənd şəhər administrasiyasının mətbuat xidmətində işləmiş Zaur Mullayevin “Retro Dərbənd” adlı fotosərgisi keçirilmişdir. Bu yaxınlar Dərbənd tarixinə həsr olunmuş onun fotosərgisi Mahaçqalada şəhərində də baş tutmuşdur. Z. Mullayev sovet dövründə çəkilmiş min beş yüzdən çox şəkil təqdim etmişdir. O, tarixi uşaqlıqdan sevmişdir. Doğma Dərbənd şəhəri ilə bağlı qədim şəkilləri axtarıb yığırdı. Bir neçə dəfə şəkillər üçün Dövlət mərkəzi arxivinə getmiş, şəhər müəssisələrin arxivlərində araşdırma aparmışdır. Öz çıxışında o, şəkillərə görə xüsusi minnətdarlığını Dərbənd qoruq muzeyi arxiv fondunun əməkdaşlarına çatdırmışdır.
Fotosərgi Dərbənd qoruq muzeyinin direktoru Əli İbrahimovun sponsorluq dəstəyi ilə baş tutmuşdur. Həmçinin fotosərginin təşkilində Ləzgi Dövlət musiqi –dram teatrının direktoru Dinara Eminova, Dərbənd musiqi məktəbinin direktoru Kamila Mahmudova, şəhər mədəniyyət, idman, gənclər siyasəti və turizm idarəsinin mütəxəssisləri Gülpəri Mirzəbalayeva, Ruhiyə Qasımova yaxından iştirak etmişlər. Şəhərdə məşhur olan “Viktoriya” vokal qrupu Zaur Mullayevə həsr edilmiş yeni mahnını oxumuşlar. “ Uşaqların Səsi ” teleşounun finalçısı Aygün Abasova qonaqların qarşısında gözəl mahnılarla çıxış etmişdir.
Fotosərgidə DR gənclər işləri üzrə nazir Arsen Haciyev, DR ictimai palatasının üzvləri Svetlana həmzətova, Şumi Şabatayev, şəhər deputatlar məclisin deputatı Həsən Mirzoyev, şəhər təhsil şöbəsinin direktor müavini Sona Hacıbəyova, şəhər administrasiyasının işçiləri, KİV nümayəndələri, əmək veteranları, gənclər, ictimai təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Qeyd etmək lazımdır ki, Zaur Mullayev 2016-cı ildə Dərbənd şəhərinə həsr olunmuş üç sərgi təşkil etmişdir. “ Dərbənd ” ictimai-siyasi qəzetinin kollektivi Zaur Mullayevə onun yaradıcılığında müvəffəqiyyətlər arzulayır.