“Ukrayna Prezidenti Volodimir Zelenski çətin seçim qarşısındadır. ABŞ Prezidenti Donald Trampın ukraynalı həmkarından iki tələbi var. Birincisi, Zelenski qısa müddətdə müharibənin dayandırılmasıyla bağlı Vaşinqtonun planını qəbul etməlidir. İkincisi, Zelenski Ukraynada Prezident seçkisi keçirməlidir”.
Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, beləliklə, Kiyev-Vaşinqton gərginliyi yenidən alovlanıb:
“Hər iki tələbi yerinə yetirmək Zelenski üçün çətindir. Vaşinqtonun müharibənin dayandırılması planı özündə Ukraynanın Donbasdan imtinasını ehtiva edir. Zelenski təkbaşına belə qərar verə bilməz. Bunun üçün Ukraynada referendum keçirilməlidir. Prezident seçkisinə gəldikdə isə, bunun üçün müharibə dayandırılmalı və ya atəşkəs elan olunmalıdır. Bunun ikisi də yoxdur. Buna baxmayaraq, Volodimir Zelenski Prezident seçkisindən imtina etmədiyini bildirib.
Beləliklə, Kiyevlə Vaşinqton arasında fikir ayrılıqları yenidən dərinləşib”.
Politoloq həmçinin bildirib ki, Kiyev eyni zamanda Rusiyanın strateji ortağı Çinin siyasətindən də narazıdır:
“Volodimir Zelenski “Telegram” kanalında bildirib ki, Çin Rusiya ilə hərbi sənaye sahəsində əməkdaşlığı aktivləşdirmək üçün addımlar atıb. Ukrayna Prezidentin sözlərinə görə, bu, Ukrayna Xarici Kəşfiyyat Xidməti və tərəfdaşların xüsusi xidmət orqanları tərəfindən təsdiqlənib.
Rusiya-Çin hərbi işbirliyindən yalnız Ukrayna narahat deyil. Cənubi Koreya Rusiya və Çinə etirazını bildirib. Seulun iddiasına görə, Çin və Rusiyanın hərbi təyyarələri Cənubi Koreyanın hava məkanını pozublar. Məsələ burasındadır ki, Rusiya və Çinin hərbi təyyarələri Asiya və Sakit Okean bölgəsində birgə təlimlər keçiriblər. Bundan əvvəl isə Rusiya və Çin raket əleyhinə birgə təlimlər keçiriblər”.
Elxan Şahinoğlu qeyd edib ki, Rusiya Ukrayna ilə kifayətlənmir, işğalçı müharibə ilə paralel olaraq Çinlə birgə Asiya və Sakit Okean bölgəsində hərbi gücünü atırmağa qərar verib:
“Vaşinqton Rusiya-Ukrayna müharibəsini dayandırmağa çalışarkən və Kreml Ağ Evin planını müsbət qiymətləndirərkən, Rusiya-Çin hərbi ittifaqının Asiya və Sakit Okean bölgəsindəki fəallığı ABŞ və onun bölgədəki müttəfiqlərini narahat etməyə bilməz”.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
