Boyukmillet.com xəbər verir ki, ötən gün Ukraynanın paytaxtı Kiyevdə dövlət müstəqillik günü münasibətilə hərbi parad keçirilib. Paradda çıxış edən Ukrayna prezidenti Vladimir Zelenski Rusiya əlehinə müxtəlif bəyanatlar səsləndirib. Zelenskinin fikirlərindən biri rus ictimaiyyətində ciddi rezonans doğurub və geniş müzakirələrə səbəb olub.
Belə ki, Zelenskinin öz çıxışında “Ləzgilər, avarlar, tabasaranlılar, darginlər, laklar-biz hamımız Ukrayna vətəndaşlarıyıq…”-deməsi çoxlarını təəccübləndirib. Adları çəkilən xalqların Şimali Qafqazda yaşayan Dağıstan xalqları olduğunu nəzərə alsaq bəs Zelenski hansı məqsədlə onları “Ukrayna vətəndaşı” olaraq təqdim edib?
Bu sualı Şimali Qafqaz regionu üzrə mütəxəssis, politoloq Müqəddəs Mehdiyevə yönəltdik:
“Düşünürəm ki, Zelenski bu xalqların adını çəkməklə bir neçə məsələyə eyham vurub. Əvvəla, O eynilə Krım, Luqansk və Donbas kimi Dağıstanın da Rusiya tərəfindən işğal edildiyinə işarə edib. Bundan savayı Dağıstan xalqlarının diqqətini bu tarixi işğala yönəltməklə onların dəstəyini qazanmağa çalışıb. Əsas da Zelenski Moskvanı sirkələyəcək bir mesaj verib. O, bildirib ki, Krım, Luqansk və Donbasda seperatçıların bu gün bizə qarşı vuruşmasına baxmayaraq, sabah sizə qarşı bizimlə birgə bütün dağlı xalqları vuruşa bilər” – deyə ekspert sualımıza cavab verib.
Qeyd edək ki, bu ilin 12 iyulunda Rusiya prezidenti Vladimir Putin məktub yazaraq Ukrayna xalqına müraciət etmişdi. Putin bu məktubunda ukraynalıların rus xalqı ilə tarixi birliyinə diqqət çəkmişdi. Müstəqillik günündə Zelenskinin dağlı xalqları ilə bağlı sözügedən bəyanatı həm də Putinin məktubuna verilmiş bir cavab kimi izah edilə bilər.