Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Əli İnsanovun partiya quruculuğu prosesi saxtakarlıqla başladı…

Sabiq səhiyyə naziri Əli İnsanovun yeni partiya yaratmaq istəyi ilk cəhddən uğursuz alınıb. Qeyd edək ki, bu məlumatı ilk olaraq Ə.İnsanov özünün sosial şəbəkədəki hesabında paylaşdı və partiyanın adını, eləcə də təşkilat komitəsində təmsil olunan şəxslərin kimliyini elan etdi.

Hər iki məsələ ilə bağlı sosial şəbəkələrdə ciddi reaksiyaların verildiyi müşahidə olundu. Əsasən də bildirildi ki, təşkilat komitəsində elə bir ciddi fiqur adına rast gəlinmir. Həmçinin, “Haqq və Ədalət” adının orada təmsil olunanların həyat tərzi ilə heç bir əlaqəsinin olmadığına dair qeydlərə çox rast gəlindi.

Artıq Ə.İnsanovun özünün təşkilat komitəsinin üzvü kimi elan etdiyi şəxslərdən bəziləri ilk andan haqqın və ədalətin pozulduğuna dair faktları açıqladılar. Qeyd edək ki, ilkin olaraq elan olunan 15 nəfərin içində Qalibə Budaqova adlı şəxsin də adı vardı. Həmin xanım Ə.İnsanov tərəfindən cəmiyyətə belə təqdim edilirdi – Bakı Dövlət Universitetinin sabiq əməkdaşı, Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru, Azərbaycan Respublikası şəhid Milli Qəhrəmanı Tahir Həsənovun anası, Azərbaycanın Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri. Elə həmin gün Q.Budaqovanın məsələyə dair açıqlamasında məlum oldu ki, onun cəmiyyətə təqdimatı düz həyata keçirilib, amma partiyaya üzv olmasında yanlışlıq var. Bakı Dövlət Universitetinin sabiq əməkdaşı, Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru Q.Budaqova bildirib ki, onun adını yeni yaradılan “Haqq və Ədalət” Partiyasının təşkilat komitəsinin üzvü kimi hallandırıblar. Qalibə xanım bununla bağlı bildirib:

“Mən Q.Budaqova heç bir partiyanın və heç bir partiyanın təşkilat komitəsinin üzvü deyiləm. Mən uzun müddətdir ki, xəstəyəm və müalicə altında olduğum üçün heç evdən belə çıxa bilmirəm! Xahiş edirəm mənim adımı heç bir partiya üzvlüyü ilə hallandırmasınlar!”.

Ə.İnsanovun partiya yaradıcılığındakı ilk debütündə ortaya çıxan bu biabırçı fakt nəyin əlaməti sayıla bilər?

  • Samir Adıgözəlli: “Məlum oldu ki, Əli İnsanovun adını “Haqq və Ədalət” qoyduğu partiyasının təməli fırıldaqla yoğruldu”

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ə.İnsanovun hansı haqqın və ədalətin yanında olacağına indidən yaxşı işıq salındı: “Əvvəla deyim ki, mən həmin siyahıda bir nəfər də olsun tanınmış siyasi xadim adına rast gəlmədim. Ə.İnsanovun partiyasının “qaymağı” bunlardısa, vay arxada gələnlərin halına. Hər hansı partiyanın yaranması üçün münbit şərait olmalıdır. Bundan əlavə, yeni partiyanın məqsəd və məramı və üzərində duracağı ideologiyası olmalıdır. Ə.İnsanov indiyə qədər yalnız qisasdan danışıb. Onun bu yaşından sonra hansısa yeni bir ideoloji cərəyanı özünə fəaliyyət proqramı kimi seçəcəyi inandırıcı görünə bilməz. Bundan əlavə, Ə.İnsanov daim belə bir təbliğat aparırdı ki, onun ətrafında əslən Qərbi Azərbaycandan olan insanlar kompakt birləşəcəklər. Biz bunun da şahidi olmadıq. Ən başlıcası isə elə ilk təqdimatdan saxtakarlığa yol verdiklərini özləri ifşa etdilər. Məsələn, tanınmış bir şəhid anasının adını da təşkilat komitəsinin üzvü kimi qeyd ediblər. Burada hansısa texniki səhvdən söhbət gedə bilməz. Belə səhv olsaydı, xanımın adını və ya titullarını səhv qeyd edərdilər. Bütün göstəriciləri tamamilə düzgün təqdim olunan xanım çıxıb hansısa partiyaya üzv olmadığını bildirdi və adının bu cür məsələdə hallanmasına kəskin etirazını söylədi. Qaydalara görə, Ə.İnsanov təşkilat komitəsinə qoşulan şəxslərin prosesdə iştirakını onların imzası əsasında müəyyən etməlidir. İnanmıram ki, şəhid anası imza atıb, sonra bundan imtina etsin. Belə olsaydı, Ə.İnsanovun ətrafındakılar bunu nümayiş etdirərdilər. Görünən budur ki, Qalibə xanımın göstəriciləri partiyanın “vitrin” təqdimatı üçün uğurlu və cəzbedici olub. Kiminsə xəbəri olmadan adını partiyanın funksioneri kimi qeyd etmək saxtakarlıqdan başqa nəsə deyil. Buna başqa ad necə verə bilərik? Məlum oldu ki, Ə.İnsanovun adını “Haqq və Ədalət” qoyduğu partiyasının təməli fırıldaqla yoğruldu. Bu biabırçılıq bir daha sübut etdi ki, Ə.İnsanovu cəmiyyətin baxışları deyil, şəxsi ambisiyaları maraqlandırır. Bir az keçəndən sonra biz həmin qurumda daha yeni biabırçılıqların baş verəcəyinin şahidi olacağıq. Oradakı adamların çoxu vaxtilə vəzifədə işləmiş sabiqlərdir. İşdən çıxdıqları üçün narazı qalıblar. Yaxşı bir şirin vəd eşidən kimi Ə.İnsanovu 5 qəpiyə satacaqlar”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …