Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Əli Kərimlini dinləyərkən…

O, danışanda bəzən o qədər coşur ki, öz yalanlarına özü də inanır

Əli Kərimlinin çıxışını dinləyirəm. Etiraf edim ki, adam istedadlıdır, xüsusilə də kütlənin zövqünü oxşamağı, haqlı görünməyi bacarır, əksər müxaliflərdən fərqli olaraq, fikirlərini ölçülü-biçili ifadə edə, müəyyən qədər arqumentləşdirə bilir. Zənnimcə, onu müəyyən kontingentə cəlbedici edən də budur…

Ancaq bir məsələ var. O, həm də çox istedadlı və mahir bir yalançıdır, qətiyyən kənardan göründüyü kimi biri deyil. Onunla söhbət etmədən, yaxın münasibətdə olmadan bunu bilmək çox çətindir.

Məsələn, o həmişə düzlükdən danışır. Amma rüşvətdən imtina edən cəbhəçiyə “pulun üstündə YAP-ın şəkli vardı?” deməsini hamı bilir. Məsələn, o həmişə cəbhəçilər haqqında yüksək fikirdə olduğunu deyir, onları “kristal cəbhəçilər” adlandırır. Amma arxada onlara yuxarıdan aşağı baxır. Tutaq ki, bir cəbhəçi gəlib ona digər cəbhəçidən şikayət edib desə ki, verdiyi pulu ala bilmir. Soruşacaq ki, pul verəndə qəbz almışdın? O da qayıdacaq ki, nə qəbz, Əli bəy, cəbhəçi yoldaşdır. Əli bəy bilirsiz ona nə deyir? “Sənin başın xarabdır! Nə cəbhəçi? Pul vermisən, sənəd al da…”

Yaxud onun Elçibəy haqqında yüksək fikirlər söyləyib, əleyhinə yazılar yazdırdığını da hamı bilir…

O insanları hakimiyyətə gəlmək istədiyinə inandıra bilir. Amma əslində belə bir fikri yoxdur. O, çox ağıllıdır və hakimiyyətin çox ağır bir yük olduğunu, dünya güclərinin pressinqlərini bilir, qüvvələr nisbətini, hakimiyyət üçün yetərli komandası, gücü, cəmiyyətdə yetərli dayağı olmadığını bilir.

Bəs onun əsl məqsədi nədir? Əlbəttə, mandat, imtiyazlar, səfərlər, tribunalar, pul, alqışlar, diqqət mərkəzində olmaq və s. Gələcəkdə indiki hakimiyyətin tərəfdarlarını öz ətrafına toplaya bilsə, xaricdən də güclü dəstək alsa, bəlkə də, ölkə rəhbərlərindən biri ola bilər.

Amma o hələ ki bunu da istəmir. O, sadəcə müxalifət lideri kimi böyük nüfuz qazanmaq, daim tribunalardan gur-gur guruldamaq, hökümətə təzyiq göstərmək, xalqın gözündə qəhrəman olmaq, bundan idtifadə edib hərtərəfli “şişmək” istəyir.

Baxın, o, indi deyir ki, mən heç vaxt prezident seçkisində iştirak etməmişəm. Daim başqalarına güzəştə getdiyini deyir. Etibar Məmmədova, İsa Qəmbərə, Rüstəm İbrahimbəyova, Cəmil Həsənliyə güzəştə getdiyini söyləyir. Amma ağıllı adamlar bilir ki, Əli Kərimli o adamların real şansı olmadığını çox gözəl anlayıb. Cəmil Həsənlinin prezident olmayacağını bağça uşaqları da bilirdi və əslində bu, müxalifətə inananlara xəyanət idi.

Eyni zamanda müxalifətin təkbaşına hakimiyyəti götürməyə hazır olmadığını da bilir. Amma bunu açıq deyib, dialoqa getmir. Daha böyük pay istəyir, təzyiq göstərməyə çalışır, hamını öz hikkəsinə qurban verir. Və nəticədə insanlar bədbəxt olur. Amma Əli Kərimli özü yaxşı yaşayır, həbsə girmir, maşınla, cangüdənlə gəzir, dolanışıq problemləri yaşamır və s.

O, iş görən və iş görməyi bacaran adam deyil və özü də bunu bilir. O, ancaq danışmağı bacarır və ətrafına topladığı adamların heç birinə heç nə verməyib. Amma nə qədər adamı bədbəxt edib.

O, danışanda bəzən o qədər coşur ki, öz yalanlarına özü də inanır.

O, hamişə “xalq-xalq” desə də, yaxın ətrafına hakimiyyət məsələsinin Qərbdə həll olunduğunu pıçıldayır…

Nadir Qocabəyli

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …