Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Əli Xameneyi: “Xuliqanlar və əks-inqilabçılar İranın düşmənlərinin yanında yer alır”

Tehran bazarında dükanlar bağlı qalıb.

Xəbər verdiyimiz kimi, İranın bir çox şəhərlərində yanacağın qiymətinin qalxması xalq tərəfindən qəzəblə qarşılanıb. Küçələrə axışan insanlar İran hökumətinin atdığı bu gözlənilməz addıma etiraz edirlər.

“BBC”nin yaydığı bugünkü xəbərdə deyilir ki, İranın Ali Dini rəhbəri Ayətullah Əli Xameneyi qiymət artımını dəstəklədiyini açıqlayıb.

Etiraza qalxan insanları “xuliqan” və “əks-inqilabçı” (İran İslam İnqilabına qarşı) adlandıran Ayətullah bir neçə şəhərdə zorakılıqla müşahidə olunmuş etirazları pisləyib.

“BBC” yazır ki, polislə qarşıdurma zamanı ən azı bir nəfərin öldüyü təsdiqlənib (“BBC”nin dünənki məlumatında ən azı iki nəfərin öldürüldüyü bildirilmişdi), lakin etirazçılar ölənlərin sayının daha çox olduğunu iddia edirlər.

İran rəhbərliyi bəyan edib ki, etirazçılar “qanunsuz” hərəkətlərini davam edərsə, onlar hökumətin sərt reaksiya ilə üzləşəcəklər.

Qiymətlərin birdən-birə 50% qalxması xalq arasında çaşqınlıq yaradıb. Bundan başqa, əvvəllər yanacağa tətbiq olunmuş əlavə güzəştlərin də önəmli bir hissəsi ləğv edilib.

“BBC” yazır ki, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar ölkə iqtisadiyyatına mənfi təsir göstərib. Hökumət deyir ki, yanacağa tətbiq olunan qiymət artımı yoxsulların maddi təminatına kömək etmək üçündür.

Bazar günü verdiyi açıqlamada Ayətullah Xameneyi deyib ki, yanacağın qiymətinin qalxması “şübhəsiz ki, bəzi insanları narahat edir”.

“Ancaq ortada olan təxribat və bəzi yerlərə od vurulması xalqımızın deyil, xuliqanların əli ilə edilir”.

“Əks-inqilabçılar və İranın düşmənləri hər zaman təxribat və təhlükəsizlik pozuntularını dəstəklədilər və hələ də bunu davam etdirirlər”, cənab Xameneyi belə söyləyib.

“BBC” İran mediasına istinadən xəbər verir ki, dini liderin bu səpkili açıqlamasından sonra bir qrup millət vəkili yanacağın qiymət artımının geri alınması üçün İran parlamentində qaldırdığı vəsatəti geri götürüb.

İranın dövlət televiziyası “düşmən mediasını” iğtişaşların miqyasını şişirtməyə çalışmaqda ittiham edib. Bu arada isə etirazların görüntüləri sosial mediada geniş yayılıb.

İnternet monitorinqi xidməti “Netblocks” şənbə günü axşama doğru bəyan edib ki, İran demək olar ki, bütövlükdə beynəlxalq İnternet şəbəkəsindən kənarda qalıb. Ölkə rəsmiləri ümumilikdə İnterneti kəsməyə qərar verib.

ABŞ Dövlət Departamentinin mətbuat katibi xanım Morgan Ortagus Tweeterdə yazıb: “Biz İran rəhbərliyinin İnterneti kəsməsini pisləyirik. İmkan verin ki, insanlar öz sözünü desinlər”.

İranın yarım-dövlət agentliyi “İsna” prokurorluğa istinadən bildirib ki, Yezd şəhərində 40 nəfər etirazçı həbs olunub. Onların çoxu yerli sakin deyil.

Tehran bazarındakı bəzi dükanlar bazar günü bağlı qalıb. Tacirlər ətrafda yaranmış “qarışıqlıqdan” ehtiyat etdiklərinə görə dükanları bağlı saxlamağa üstünlük verib.

Elbəyi Həsənli, Sürix

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …