“Son günlər ölkəmizdə koronavirusa yoluxma hallarında artımın baş verməsi hər birimizdə dərin təəssüf hissi doğurur və həm də narahat olmağımız üçün əsas yaradır. Məntiqlə, yoluxma hallarında artım müşahidə edilməməliydi. Çünki bu artımı önləmək üçün ölkəmizdə hər cür tədbirlər görülüb. Odur ki, infeksiyaya yoluxanlar arasında dövlətimizin diqqət və qayğısı, səhiyyə işçilərimizin peşəkarlığı sayəsində sağaldılaraq yenidən normal həyatlarına dönən, ailələrinə qovuşan xeyli sayda vətəndaşlarımız da var. Qeyd etdiyim kimi, məhz dövlətimizin, Prezidentimizin qayğısı sayəsində, müvafiq hökumət qurumlarımızın öz üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirmələrinin nəticəsində mümkün olub. Bunu açıq demək lazımdır ki, əgər dövlət başçısı İlham Əliyevin bu məsələyə qətiyyətli yanaşması olmasaydı, Birinci vitse-prezident Mehriban Əliyeva cəmiyyətə vaxtaşırı çağırış və müraciətlər etməsəydi, bütövlükdə önləyici və dünyaya nümunə olacaq addımlar atılmasaydı, şübhəsiz ki, bugünkü mənzərə gözlənildiyindən qat-qat ağır və məyusedici də ola bilərdi. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah infeksiyanın Azərbaycanda qeydə alındığı gündən məqsədyönlü fəaliyyət göstərib”.
Boyukmillet.com xəbər verir ki, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib. Partiya sədri qeyd edib ki, sərt karantin rejiminin mərhələlərlə yumşaldılmasına başlanan müddətədək yoluxmanın və itkinin minimuma endirilməsi, eyni zamanda bu dövrdə ölkənin tibb müəssisələrinin bu sahədə yüksək səviyyəli kadrlarla və texniki avadanlıqlara təchizatı təmin edilib, laboratoriyalar yaradılıb. Ölkəmizdə görülən bütün bu işlər, əldə edilən uğurlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də dəfələrlə yüksək qiymətləndirildiyini vurğulayan Ə.Hüseynov bildirdi ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə ən nümunəvi ölkələrdən biri kimi qeyd olunub: “Bir sözlə, “Covid 19”-a qarşı mübarizədə dövlət öz üzərinə düşən vəzifələri kifayət qədər çevik və səmərəli şəkildə yerinə yetirib və bu gün də yerinə yetirməkdədir. Məhz ölkə rəhbərliyinin proseslərə operativ müdaxiləsi nəticəsində xalqımız bu qorxunc bəlanın – pandemiyanın ağır fəsadlarından sığortalana bildi.Lakin təəssüflər olsun ki, bugünkü mənzərə heç də ürəkaçan deyil. Dövlət tərəfindən atılan bütün önləyici addımlara və görülən işlərə baxmayaraq, bu gün virusa yoluxma hallarının sayında azalma əvəzinə, artım baş verir. Bunun da səbəbi onunla bağlıdır ki, sərt karantin rejiminin yumşaldılmasından sonrakı dövrdə bəzi insanlarımız TƏBİB-in açıqladığı metodiki göstərişlərə əməl etmir, ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maska taxmır, sosial məsafəni gözləmir və mütəxəssislərin xəbərdarlıqlarına laqeyd və qeyri-ciddi yanaşırlar. Ancaq bunu da bilmək lazımdır ki, vətəndaşlarımızın bu cür səhlənkar və laqeyd münasibəti ölkəyə, cəmiyyətə yaxşı heç nə vəd etmir. Əksinə, biz bu gedişlə yaxın gələcəkdə çox faciəli proseslərlə qarşılaşa bilərik.Hər kəs nəzərə almalıdır ki, koronavirus hələ məğlub olmayıb. Bu virus bizim aramızdadır və biz insanlar bu virusla yanaşı yaşamağı öyrənməliyik. Çünki bu virusa qarşı effektiv peyvəndin nə vaxt hazır olacağı hələ bilinmir. Deməli, biz istər-istəməz öz ənənəvi həyat tərzimizə çəki-düzən verməli, müəyyən korrektələr etməliyik. Gündəlik həyatımızı koronavirusla birgə və düzgün yaşam tərzinə uyğunlaşdırmalıyıq. Çünki əhalinin uzun müddət sərt karantin rejimində yaşaması mümkün deyil. Ona görə də sərt karantin rejimindən sonrakı, hazırki postpandemiya dönəmində koronavirusun hər an yenidən baş qaldıracağını nəzərə alaraq Operativ Qərargahın müəyyən etdiyi tələblərə uyğun olaraq yaşamalıyıq. Məhz bununla əlaqədar olaraq bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da lazımi metodiki göstərişlər təsdiqlənib, qaydalar və tələblər müəyyənləşib. Bu sadə tələblərə riayət etmək, ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maska taxmaq, sosial məsafəni gözləmək bu virusdan qorunmağın ən asan və rahat yoludur. Bundan sonrakı mərhələdə əsas həlledici amil vətəndaş məsuliyyəti amilidir”. DADP sədrinin fikrincə, bu gün kütləvi məsuliyyət məsələsində cəmiyyət olaraq bir qədər axsama var: “Bunu açıq etiraf etmək lazımdır. Bəzi insanlarımızda məsuliyyətsizliyin sərhədi, limiti yox dərəcəsindədir. Odur ki, sərt karantin rejiminin yumşaldılması ilə bağlı son qərardan sonra təəssüf ki, maska taxılmaması, sosial məsafəni gözlənilməməsi meyllərinin artması nəticəsində virusa yoluxanların da sayı ciddi şəkildə artıb. Bu isə hamımızı narahat etməlidir. Belə olmaz! Ramazan bayramı və 28 may Respublika Günü ilə əlaqədar 8 gün davam edən bayram dövründə bir sıra insanlar ümumiyyətlə, karantin rejiminin heç bir tələblərinə əməl etmədilər. Nəticədə isə bayram günlərində yoluxmaların sayında nəzərəçarpacaq artım baş verdi. Yoluxanların sayının sağalanların sayından çox olması faktı qeydə alındı. Hazırda isə yoluxanlarla sağalanlar arasında fərq artıq 200 nəfəri ötüb. Bütün bunları nəzərə alaraq, yoluxma hallarının daha çox qeydə alındığı Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində, habelə Abşeron rayonunda bəlli günlərdə çölə çıxmanın məhdudlaşdırılması planlaşdırılır. Artıq həftə sonlarında küçəyə çıxmağa qadağa qoyulması, ictimai və fərdi nəqliyyat vasitələrinin hərəkətinin həmin günlərdə qadağan edilməsi qaçılmaz bir zərurətə çevrilib”. Ə.Hüseynov bildirdi ki, əgər bu cür sərt tədbirlər tətbiq olunmazsa, ölkədə yoluxma hallarının sayı böyük sürətlə arta bilər: “Mən məhz bu təhlükəli proqnozları nəzərə alaraq Operativ Qərargahın məlum qərarını tam dəstəkləyirəm. Əminəm ki, vətəndaşlarımızın da əksəriyyəti hökumətimizin bu addımlarını anlayışla qarşılayır və verilən qərarları dəstəkləyir. Həftə sonu qadağa və məhdudiyyətlərin qoyulması, sosial hərəkətliliyin məhdudlaşdırılması bizdən əvvəl Türkiyə, İsrail və bir sıra başqa ölkələrdə də tətbiq edilib. Bu məhdudiyyətlər sözügedən ölkələrdə koronavirusla mübarizədə böyük səmərə verdi. Ümid edək ki, Azərbaycanda da həftə sonlarında geniş məhdudiyyətlərin tətbiqi “Covid 19”-la mübarizədə ciddi nəticələr verəcək. Bu məsələdə şəxsən ölkə başçısından da nümunə götürməkdə fayda var. Mayın 3-də Tərtər rayonuna səfəri zamanı Dövlət Rəmzləri Muzeyinin açılışında Prezident İlham Əliyevin özünün də maska taxması hamımız üçün müsbət örnəkdir. Hər kəs Prezidentdən nümunə götürməlidir. Odur ki, mən ölkə başçısının şəxsi nümunəsinə istinad edib, bütün vətəndaşlarımızı birgə məsuliyyətə çağırıram. Cəmiyyət olaraq bundan sonrakı taleyimiz hər bir vətəndaşımızın məsuliyyət hissindən asılı olacaq. Məsuliyyət olmasa, indiyə qədər görülən işlərin səmərəsi də olmayacaq. Gəlin hamımız bir-birimizin xilaskarı olmağa çalışaq və gerçək həmrəylik nümayiş etdirək!”