Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün Qarabağ müharibəsi əlillərinə daha 47 avtomobil təqdim edib.
Boyukmillet.com xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar proqramından danışıb. Bildirib ki, bu il dövlət başçısının təqdim etdiyi iki sosial islahat paketi ilə minimum əməkhaqqının iki dəfəyə yaxın, minimum pensiyanın 72,4 faiz, sosial müavinət və Prezidentin aylıq təqaüdlərinin orta hesabla 100 faiz, məcburi köçkünlərə verilən müavinətin 50 faiz, eləcə də tələbələrin təqaüdləri ciddi şəkildə artırılıb və problemli kreditlərlə bağlı narahatlıq aradan qaldırılıb. Nazir müavini qeyd edib ki, bu tədbirlər əhatə dairəsi ümumilikdə 4,2 milyon vətəndaş olmaqla onların rifahına ciddi dəstək olur.
Şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısının hər il daha da artırıldığını vurğulayan A.Kərimov cari ildə Prezidentin aylıq təqaüdünün şəhid ailələri üçün 300 manata çatdırılmasının, müharibə əlilləri üçün də sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılmasının sosial islahatlar paketinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, I qrup əlilliyi olanlara qulluq edənlər və müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü təsis edilib.
Minik avtomobili ilə təmin olunan müharibə əlilləri ölkədə bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində işlərin davamlı olaraq güclənməsinə, həmçinin bu gün yeni avtomobillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.