“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfəri Ankaranın Moskva ilə münasibətlərinin gərginləşməsi dövrünə təsadüf etdi. Rusiyanın dəstək verdiyi Suriya ordusunun İdlib şəhərinə hücumu zamanı Türkiyə ordusu şəhidlər verdi. Ərdoğan Ankarada olduğu kimi, Kiyevdə də Moskvanın ünvanına xəbərdarlıq mesajları göndərdi. Hadisələrin bu istiqamətdə inkişafı rəsmi Kiyevin maraqlarına cavab verir. Çünki, Ukrayna Prezidenti Vladimir Zelenski birinci dəfə Türkiyəyə rəsmi səfər etdikdə Rəcəb Tayyib Ərdoğan Rusiya mövzusunda ehtiyatlı idi. Ərdoğan bu dəfə isə Ukraynaya istənilən dəstəyi verməyə hazır olduğunu bildirdi”.
Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində qeyd olunub.
Xatırlanıb ki, Ərdoğan gur səslə Krımın işğalını qəbul etmədiyini və rəsmi Ankaranın birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini deyib: “Türkiyə Prezidenti Ukrayna ilə münasibətlərdə krım tatarları amilinin də Ankara üçün önəmli olduğunu vurğuladı. Təsadüfi deyil ki, Ərdoğan Kiyevdə Krım tatarlarının lideri Mustafa Cəmiloğlu ilə ayrıca görüşdü. Vladimir Zelenski Ankaranın tatarlara həssas yanaşmasını əlində rəhbər tutaraq Ərdoğandan Rusiyanın həbs etdiyi bir qrup Krım tatarının həbsdən azad olunmasında dəstək istədi”.
Bundan başqa, Türkiyə Ukrayna ilə iqtisadi əlaqələri genişləndirməyi hədəfləyir: “Hazırda iki ölkə arasında ticarət mübadiləsinin həcmi 4 milyard dollardır. Ərdoğan bu rəqəmdən narazıdır və ticarət mübadiləsinin həcmini 10 milyard dollara çatdırmağı hədəfləyir. Ərdoğan Kiyevdəki çıxışında Ukraynada Türkiyə şirkətlərinə fəaliyyətləri üçün münbit şərait yaratdığına görə Zelenskiyə təşəkkür etdi. Türkiyənin Ukraynaya yatırımları 3 milyard dollar civarındadır. Zelenski Ukrayna bazarını Türkiyənin müxtəlif şirkətlərinə açmağa hazırdır. Yeri gəlmişkən, Ukrayna Prezidenti eyni sözləri Azərbaycana rəsmi səfəri zamanı Bakıda da demişdi. Türkiyə kimi Azərbaycan da Ukrayna bazarına maraq göstərir. Ərdoğanın Kiyevə səfərindən bir neçə gün əvvəl Ukrayna paytaxtında Ukrayna-Azərbaycan hökumətlərarası komissiyasının üzvləri toplanmış, ortaq layihələri müzakirə etmişdilər”.
Türkiyə Ukrayna ilə hərbi əməkdaşlığı genişləndirmək istəyir: “SSRİ dövründən Ukraynanın hərbi-sənaye kompleksi müxtəlif məhsulları ilə məşhurdur. Türkiyə bu məhsullara maraq göstərir. Bundan başqa, Türkiyə Ukraynanın hərbi zavodlarına yatırım etməyi də düşünür. İki dövlət Qara dəniz hövzəsinin təhlükəsizliyinin artırılması məqsədilə əməkdaşlığı genişləndirəcək”.
Həmçinin, Ərdoğan Zelenskiyə təklif etdi ki, gələcəkdə Ukrayna Türkiyə üzərindən Azərbaycan qazını alsın: “Ərdoğanın fikrincə, Ukrayna üçün Azərbaycan qazı Rusiya qazını əvəz edə bilər. Maraqlı təklifdir. Buna qədər Azərbaycan qazının TANAP boru xətti ilə Ukraynaya satılması müzakirə edilmirdi. Ərdoğan bu müzakirələrə start verdi.
Əlbəttə, Ərdoğanın Kiyevdəki açıqlamaları və təklifləri Kremlin xoşuna gəlməyəcək. Ancaq bu Rusiyanın problemidir. Kremlin müttəfiqi Belarus Prezidenti Aleksandr Lukaşenkonun Amerika ilə yaxınalaşması və Minskdə dövlət katibi Mayk Pompeonu qəbulu da Moskvanın xoşuna gəlmir. Ancaq bu Minski narahat etmir. Lukaşenko lazım gələrsə, Amerika Prezidenti Donald Trampı da Minskdə qəbul edəcəyini bildirib. Rusiyadan asılı olan Minsk Kremldən müstəqil qərarlara həvəs göstərirsə, Türkiyənin regional maraqlarını nəzərə almayan Ankara niyə Kremlə boylanmalıdır?”
(publika.az)