Bugünkü simpoziumda Azərbaycandan Milli Məclisin üzvləri, akademiklər, elm adamları olmaqla ümumilikdə 35-ə yaxın nümayəndədən ibarət heyət tədbirdə iştirak edir. Bu simpozium türk dünyasının birliyi baxımından irəliyə atılan böyük bir addımdır. Demək olar ki, tədbir çərçivəsində keçirilən bütün panel iclaslarda Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı şanlı Zəfər xatırlanır. Türkdilli dövlətlərdə böyük ruh yüksəkliyinə səbəb olan və ölkələrimizin birliyi baxımından böyük əhəmiyyətə malik bu Zəfər bütün türk dünyasının qələbəsi kimi qiymətləndirilir.
Boyukmillet.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyədə keçirilən beynəlxalq türk dünyası simpoziumunda iştirak edən Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli bildirib.
Əziz Ələkbərli deyib: “Bu tədbirdə Türk dövlətlərinin hər birindən çox sayda elm və sənət adamları iştirak edirlər. Yüzlərlə elm adamının iştirak etdiyi simpoziumda dinlənən məruzələrdə türk tarixi və mədəniyyəti, eləcə də onun keçmişi, bu günü və perspektivləri ilə bağlı dəyərli məlumatlar verilir, fikirlər irəli sürülür. Simpoziumun xalqlarımızın tarixi və gələcəyi baxımından səmərəli olacağına inanıram”.