Cümə , 14 Mart 2025
Drone Cameras

10 gün əvvəl 10 il həbs istənilən eks məmura şərti cəza təklif edildi

Söhbət “Formula-1” yarışlarının təşkilində 398 min manatlıq yeyintidə təqsirləndirilən Çingiz Mehdiyevdən gedir

“Formula-1” yarışlarının təşkilində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin 398 min manatlıq yeyintidə təqsirləndirilən keçmiş şöbə müdiri Çingiz Mehdiyevə bu gün şərti cəza istənilib.

Prokuror 10 gün öncə məhkəmədə ona 10 il həbs cəzası istəmişdi.

Bu gün keçirilən məhkəmə prosesində isə prokuror istəyində kəskin dəyişiklik edib. Bu dəfə dövlət ittihamçısı Ç.Mehdiyevin həbs edilməməsini, ona şərti cəza verilməsini istəyib.

Çingiz Mehdiyev həbsdə olmasa da, bir ilə yaxındır ki, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Martın 13-də keçirilən məhkəmə iclasında onun vəkili yeyinti nəticəsində dövlətə vurulmuş ziyandan 298 min manatın ödənildiyi barədə sənəd təqdim edib. Daha 100 min manat da istintaq dövründə ödənildiyindən, cinayət işində göstərilən 398 min manatlıq ziyan tam ödənilmiş sayılıb.

10 gün öncə Çingiz Mehdiyevə 10 il həbs cəzası verilməsi təklifiylə çıxış edən prokuror Orxan Səmədov ziyan ödənildiyinə görə məsləhətləşməkdən ötrü məhkəmədən vaxt istəyib. Bir müddət sonra onun sağlamlığında problemlər yarandığı əsas gətirildiyindən prosesə yeni prokuror qoşulub. O da Çingiz Mehdiyevə 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza verilməsini istəyib.

Ardınca Ç.Mehdiyevin vəkili Faiq Nəcəfov ziyanın tam ödənildiyinə dayanaraq Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsiylə olan ittihama xitam verilməsini istəyib. Müdafiəçi cinayət yoluyla əldə edilmiş vəsaitlərin leqallaşdırılması ittihamını birmənalı şəkildə heç qəbul etmədiklərini vurğulayıb.

2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin idman əməliyyatları şöbəsinə rəhbərlik etmiş Çingiz Mehdiyev Formula-1 oyunlarının təşkili üçün ayrılmış 397 min manatdan çox pul vəsaitini mənimsəməkdə ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə – ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi açılıb.

1975-ci il təvəllüdlü Çingiz Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 2013-cü ildə yaradılmış “Baku Grand Prix” şirkətinin hüquqi varisidir. Bu şirkət “Formula-1” Avropa Qran Pri yarışlarının Bakıda keçirilməsi ilə əlaqədar yaradılmışdı.

Çingiz Mehdiyev 2015-ci ildə şirkətə əməliyyat meneceri kimi işə götürülüb. 2016-cı ildə şirkətin İdman Əməliyyatı şöbəsinin rəhbəri təyin olunub və 2020-ci ilə qədər bu vəzifədə işləyib.

Çingiz Mehdiyev “Formula-1” yarışlarının keçirilməsi üçün ayrılan vəsaitlərin bir hissəsini Seyşer adalarında anası Leyla Əliyevanın adına qeydiyyatdan keçmiş “Dayton İnvestment LTD” şirkətinin, ailə sürücüsü Mais Abdullayevin hesablarına köçürməklə mənimsəməkdə ittiham olunur. Adıçəkilən şirkət və şəxslərlə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında yarışların təşkilində lazım olan malların alınması, xidmətlərin göstərilməsi barədə müqavilələr imzalanıb. İttihama əsasən, pullar Gürcüstan və Estoniyadakı bankların hesablarına köçürülüb.

Sürücünün hesabına 376 min manat, Leyla Əliyevanın adına olan şirkətin hesabına isə 980 min dollar pul köçürülüb.

İttihama görə, Çingiz Mehdiyev lazım olan avadanlıqları xaricdən özü gətirdib, gömrükdə qiymətlərini artıq göstərib. İstintaq araşdırma nəticəsində 397 min 852 manat mənimsəməyə yol verildiyi qənaətinə gəlib.

Cinayət işinin materiallarına əsasən, baş verənlər barədə hüquq-mühafizə orqanlarına Çingiz Mehdiyevin keçmiş həyat yoldaşı Nərminə Əkbərova məlumat verib. Onlar 2023-cü ildə boşanıblar.

Çingiz Mehdiyev özünü təqsirli bilmir. Məhkəməyə ifadəsində deyib ki, “Formula-1” yarışlarının keçirilməsindən ötrü gərəkən avadanlıqla təmin edə biləcək şirkətlər yox idi. Bu üzdən, xaricdəki tərəfdaşlarla danışıqlar apararaq problemi çözməyə çalışıb. Onun iddiasına görə, atdığı hər bir addımdan, o sıradan pulların öz yaxınlarının adına olan şirkətlərin hesabına köçürülməsi yoluyla ödənilməsindən nazir oğlu A.Rəhimzadənin xəbəri varmış və özbaşına heç bir iş görməyibmiş.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin üstünü açdığı bu cinayət 2015-2020-ci illəri əhatə edir.

Check Also

Anar Məmmədli hökumətyönlü mediada haqqında gedən iddialara cavab verib

O, həmin iddiaları cəfəngiyyat və təxəyyülün məhsulu adlandırıb Həbsdə olan insan haqları fəalı, Seçkilərin Monitorinqi …