Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

100 yaşlı elm və təhsil məbədi

Mən yer üzündə müəllimdən yüksək ad tanımıram!

Heydər ƏLIYEV

Ümummilli lider

Yüz il əvvəldən bu günə

Bu il ölkəmizin ən qocaman ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaradılmasının 100-cü ildönümü tamam olur. Azərbaycan ziyalılarının milli təəssübkeşliyi, əzmkarlığı və fədakarlığı sayəsində yaradılmış uni­versitet çətin, mürəkkəb və şərəfli bir yol keçmiş, milli düşüncənin inkişafına, peda­qoji və elmi-pedaqoji kadrların hazırlığına əvəzsiz töhfələr verən şöhrətli təhsil və elm müəssisəsinə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il aprelin 17-də “Azərbaycan Dövlət Pe­daqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı bir əsr ərzində əldə olunmuş nailiyyətlərə ve­rilmiş ən yüksək qiymətdir. Sərəncamda universitetin ölkəmizin inkişafındakı xüsusi rolu vurğulanaraq qeyd olunur: “İxtisaslaşmış ali təhsil müəssisəsi kimi Azərbaycan Dövlət Pedaqoji Universiteti müəllim hazırlığı sahəsində və pedaqoji təhsilin inkişafı naminə bu gün də uğurlu fəaliyyəti ilə müstəqil Azərbaycanın inkişa­fına töhfələrini əsirgəmir. Universitetdə qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından fay­dalanmaqla ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atılır”.

Zəngin ənənəyə malik ali təhsil ocağı 1921-ci ilin 26 avqustunda Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun imzaladığı dekret əsasında cəmi 8 müəllim və 6 tələbə ilə fəaliyyətə başlamışdır. Dekretdə deyilirdi: “Respublikanın vahid əmək məktəbinin ideyalarını həyata tətbiq etməyə qabil yüksək ixtisaslı maarif işçiləri hazırlamaq məqsədilə bu ilin sentyabr ayının 1-dən etibarən Bakı şəhərində II dərəcəli şura məktəbliləri üçün türk dilində müəllimlər hazırlaya biləcək Azərbaycan Dövlət Pe­daqoji Kişi İnstitutu təsis edilsin”.

Dekretin imzalanmasından xeyli əvvəl Pedaqoji İnstitutun təşkili ilə bağlı müəyyən hazırlıq işləri aparılmış, bu məqsədlə hələ 1920-ci ilin sonunda xüsu­si komissiya yaradılmışdı. N.Nərimanov komissiya üzvlərini qəbul edən zaman öz razılığını bildirərək demişdi: “Mən görürəm, maarifin haradan başlan­masını ruhən düzgün düşünmüş və Azərbaycan xalqının nicatı yolunu görüb bütün həyatınızı ona həsr etmişsiniz. Azərbaycan Respublikası bu zəhmətinizi hər zaman təqdir edəcək. Azərbaycan xalqı həmişə sizi yad edəcəkdir”.

Böyük elmi-pedaqoji kollektivə və çoxminli tələbə kontingentinə sa­hib olan Azərbaycan Dövlət Pedaqoji Universitetinə çevrilənədək bu təhsil müəssisəsi uzun bir yol qət etmiş, son 100 il ərzində 160 mindən çox yüksək ixtisaslı müəllim kadrları yetişdirməklə ölkəmizin sosial-mədəni inkişafında mü­hüm rol oynamışdır. Pedaqogika, psixo­logiya və ayrı-ayrı fənlərin tədrisi meto­dikası məhz bu ali məktəbdə təşəkkül tapmışdır. Eyni zamanda, bir əsrlik fəaliyyəti dövründə Pedaqoji Universitet yalnız Azərbaycan üçün deyil, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Bolqarıstan və digər ölkələr üçün də yüksək səviyyəli müəllim və elmi kadr hazırlığı işini uğurla həyata keçirmişdir.

Pedaqoji Universitet Azərbaycanda elm və təhsilin inkişafına sanballı töhfələr verən tanınmış alimlər yetişdirmiş, paralel olaraq, həm də elmi mərkəz kimi formalaşıb inkişaf etmişdir. Xalqımızın fəxr etdiyi yüzlərlə görkəmli alim, yara­dıcı ziyalı, ictimai və dövlət xadimi bu universitetdə təhsil almışdır. Universitetin məşhur məzunları sırasında Məmməd Arif Dadaşzadə, Həmid Araslı, Mehdi Mehdizadə, Budaq Budaqov, Mikayıl Müşfiq, Süleyman Rəhimov, Mehdi Hüseyn, Şıxəli Qurbanov, İsmayıl Şıxlı, İlyas Əfəndiyev və bir məqalədə adını çəkə bilmədiyimiz onlarla digər ziyalını göstərmək olar. Böyük fəxrlə deyə bilərik ki, Azərbaycan Milli Elmlər Akademi­yasının 11 prezidentindən üçü – Yusif Məmmədəliyev (2 dəfə), Zahid Xəlilov və Həsən Abdullayev, 5 vitse-preziden­ti – Heydər Hüseynov, Səməd Vurğun, Zahid Xəlilov, Əlisöhbət Sumbatzadə və İsa Həbibbəyli məhz bizim universitetin məzunlarıdır. Sovet İttifaqı Qəhrəmanları Mehdi Hüseynzadə, Xıdır Mustafayev, Fariz Səfərov, Səlahəddin Kazımov, Sosialist Əməyi Qəhrəmanları Səfa İmanov, Zərbəli Səmədov, Rüstəm Səfərəliyev, Vətənin ərazi bütövlüyü uğ­runda mənfur düşmənlə mübarizə apar­mış Azərbaycanın Milli Qəhrəmanları Mirələkbər İbrahimov, Mətləb Quliyev, Şakir Salahov, “Zəfər” ordenli general-polkovnik Əli Nağıyev, “Azərbaycan Bayrağı” ordenli Malik Bayramov, Mürşid Məmmədov, böyük qələbə çaldığımız 44 günlük Vətən müharibəsində torpaqlarımızın mənfur düşməndən azad olunması yolunda canlarından keçmiş şəhidlərimizdən 11 nəfəri – Ağaqardaş Abbasov, İlkin Ağaquliyev, Elgün Əzizov, Ehtiram Hüseynli, Rəvan Lətifov, Cilin­gir Nəbiyev, Orxan Nəbiyev, Ceyhun Nüsrətli, Qoşqar Ömərov, Firdovsi Tahi­rov və yeganə xanım şəhidimiz Arəstə Baxışova müxtəlif illərdə ADPU-nu bitirmişlər.

Pedaqoji Universitet ölkədə pedaqoji və elmi-pedaqoji kadrların hazırlığını, təkmilləşdirilməsini və ixtisasının artırıl­masını həyata keçirən pedaqoji təhsil müəssisələrinin böyük əksəriyyətinin yaradılmasında ilkin baza rolunu oyna­mış, onların sonrakı inkişafına yaxından dəstək göstərmişdir. Azərbaycan Elmi- Tədqiqat Pedaqoji Elmlər İnstitutu (indiki Təhsil İnstitutu), 30-40-cı illərdə fəaliyyət göstərən ikiillik müəllimlər institutları, indiki Gəncə Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Uni­versiteti ya Pedaqoji İnstitutun ayrı-ayrı fakültələrinin bazasında yaradılmış, ya da institutun pedaqoji kadrlarının köməyi ilə fəaliyyətə başlamışdır.

Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının (1967-1972) əsasında Y.Məmmədəliyev adına Naxçıvan Peda­qoji İnstitutu, onun bazasında isə sonralar Naxçıvan Dövlət Universiteti formalaşmış­dır. 1967-ci ildə 3 ixtisas üzrə 102 tələbə və 3 müəllimlə fəaliyyətə başlayan indiki Naxçıvan Dövlət Universitetində hazırda 6 minə yaxın tələbə təhsil alır.

1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi fəaliyyətə başlayan Xankəndi Pedaqoji İnstitutu 1973-cü ildə müstəqil ali məktəbə çevrilmiş və 16 may 1988-ci ilə kimi fəaliyyət göstərmişdir. 1988-ci ildə erməni millətçiləri tərəfindən Xankəndidən qovulan institutun Azərbaycan bölməsinin müəllim və tələbələri bir müddət Gəncə Pedaqoji İnstitutunda yerləşmiş, sonra isə Şu­şaya qa-yıtmışlar. Pedaqoji İnstitutun Şuşa fakültəsi, onun əsasında isə Şuşa filialı yaradılmışdır. Həmin filial hazırda Ağcabədi filialı kimi ADPU-nun nəzdində fəaliyyət göstərir.

Ümumiyyətlə, bu gün elə bir təhsil müəssisəsi (məktəbəqədər, ümumtəhsil, texniki-peşə, orta ixtisas, ali), elmi idarə, təşkilat və ya təhsillə bağlı QHT yoxdur ki, orada Pedaqoji Universitetin məzunları çalışmasın. Məzunlarımız həm də ayrı-ayrı dövlət orqanlarında, nazirlik, komitə və agentliklərdə, güc strukturlarında, özəl qurumlarda uğurla fəaliyyət göstərirlər.

Universitetə dövlət qayğısı

Azərbaycan Dövlət Pedaqoji Univer­siteti fəaliyyətinin əksər mərhələlərində, xüsusən də ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə dövlətin müstəsna diqqət və qayğısı ilə əhatə olunmuşdur. Ulu öndərin ayrı-ayrı vaxtlarda 5 dəfə (1971, 1973, 1977, 1981, 1982) universitetə gəlişi professor-müəllim hey-ətinin daha səmərəli və məhsuldar işləməsi üçün əvəzolunmaz stimul yaratmışdır. Heydər Əliyev ilk dəfə 1971-ci ildə Pedaqoji İnstitutun partiya təşkilatının hesabat-seçki konfransında, 1973-cü ildə institutun 50 illik, 1981-ci ildə isə 60 illik yubileylərində iştirak etmiş, yüksək dövlət mükafatlarını kollektivə təqdim edərək müəllim kadrları hazırlığının vəziyyəti və perspektivləri barədə geniş nitq söyləmişdir. O, 2 dəfə (1977 və 1982) Pedaqoji İnstitut­da qəbul imtahanı prosesini izləmiş, ali məktəbin əməkdaşları və abituriyentlərin valideynləri ilə səmimi görüşlər keçir­mişdir. Ulu öndərin Pedaqoji İnstitutun 50 illik yubileyində dediyi “Azərbaycan Dövlət Pedaqoji İnstitutu böyük və çətin yol keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq maarifi üçün yüksək ixtisaslı kadrlar ocağına çevrilmişdir” sözləri professor-müəllim heyətinin fəaliyyətinə yeni stimul vermiş, institutun inkişaf strategiyasının hazır­lanmasında və həyata keçirilməsində mühüm rol oynamışdır.

Pedaqoji İnstitutun kollektivinə daim xüsusi diqqət göstərən Heydər Əliyev 14 avqust 1978-ci ildə Bolqarıstan Xalq Res­publikasında əmək semestrində (tələbə inşaat dəstəsində) iştirak edən institutun bir qrup tələbəsi ilə Sofiya şəhərində görüşmüş, gənclərə əmək və təhsildə müvəffəqiyyətlər arzulamışdır.

Son illər Pedaqoji Universitet Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəsna diqqət və qayğısı sayəsində dinamik inkişaf yoluna qədəm qoymuşdur. Cənab Prezidentin 26 dekabr 2006-cı il tarixli Sərəncamı ilə ADPU-nun 85 illik, 18 aprel 2012-ci il tarixli Sərəncamı ilə 90 illik yubileyləri qeyd edilmişdir. Elmin və təhsilin inki­şafındakı xidmətlərinə görə universitet əməkdaşlarından 4-ü “Şöhrət” ordeni, 1-i 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 29-u “Tərəqqi” medalı ilə təltif olunmuş, 42-si “Əməkdar müəllim”, 6-sı “Əməkdar elm xadimi”, 5-i “Əməkdar jur­nalist”, 3-ü “Əməkdar mədəniyyət işçisi”, 2-si “Əməkdar rəssam”, 1-i “Əməkdar mühəndis”, 1-i “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarına layiq görülmüş, 3 nəfərə Azərbaycan Res­publikası Prezidentinin fərdi təqaüdləri verilmişdir.

Cənab İlham Əliyevin Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı 20 min nəfərdən çox üzvü olan böyük ADPU ailəsinə böyük sevinc bəxş etmiş, bütün kollektivi daha səmərəli fəaliyyətə ruhlandırmışdır. Müəllim və tələbələrimiz yuxarıda qeyd edilən sərəncamları Pedaqoji Universitetin fəaliyyətinə dövlətimizin xüsusi diqqət və qayğısının təzahürü kimi dəyərləndirərək cənab Prezidentə dərin hörmət və minnətdarlıqlarını bildirirlər.

Yenilənən ali təhsil müəssisəsi

Son illər ölkəmizdə aparılan ardı­cıl və məqsədyönlü islahatlar təhsilin bütün pillə və səviyyələrində yeni dövrün tələblərinə uyğun məzmun və bazanın formalaşdırılması, yaradıcı təfəkkürə və vətənpərvərlik ruhuna malik olan prak­tik səriştəli vətəndaşların yetişdirilməsi kimi ali hədəflərə yönəlmişdir. Nisbətən qısa zaman kəsiyində bu istiqamətdə nəzərəçarpacaq dəyişikliklər baş ver­miş, müəyyən nailiyyətlər əldə edilmiş­dir. Respublikamızın orta ümumtəhsil müəssisələrində kurikulum sisteminin tətbiqi, müəllimlərin elektron müsabiqə yolu ilə işə qəbulu, onların bilik və baca­rıqlarının müxtəlif səviyyələrdə monitorinqi və qiymətləndirilməsi, şagirdlərin məktəbə elektron qaydada qəbulu kimi innovativ yanaşmalar artıq öz müsbət nəticələrini verməkdədir.

Son 18 ildə təhsilin maddi-texniki bazasının təkmilləşdirilməsi məqsədilə istər dövlət, istərsə də Heydər Əliyev Fondu tərəfindən ən yüksək standartlara cavab verən minlərlə yeni məktəb binası inşa olunmuş, universitet və institutların texniki təchizatı yaxşılaşdırılmış, İKT-nin tətbiqinin genişləndirilməsi üzrə dövlət proqramları hazırlanaraq icra edilmişdir. Ötən ildən dünyanı cənginə alan qlobal koronavirus pandemiyası fonunda bütün təhsil sisteminin distant tədrisə keçməsi ilə əlaqədar ən qısa zamanda əhatəli vir­tual təhsil platformasının yaradılması isə dövlətimizin və onun müvafiq qurumları­nın bu sahədə nə qədər çevik və səriştəli olduqlarını bir daha nümayiş etdirmişdir.

Təhsilin bütün pillələrinin inkişafı ilə bağlı hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi istiqamətində də ardıcıl və nəticəyönümlü tədbirlər həyata keçirilir. İlin əvvəlində dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan– 2030: so­sial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı strateji inkişaf sənədində XXI əsrin tələblərinə uyğun təhsil sisteminin for­malaşdırılması dayanıqlı dövlətin əsas hədəflərindən biri kimi öz əksini tapmışdır.

Sözsüz ki, bütün bu islahatlar ali təhsildən, xüsusən də orta ümumtəhsil sisteminə birbaşa təsir edən pedaqoji ali təhsildən yan keçə bilməz. Bu baxım­dan, ölkəmizin əsas pedaqoji ali təhsil müəssisəsi olan ADPU-da da bütün sahə və istiqamətlər üzrə sürətli inkişaf və yenilənmə prosesləri gedir.

Bu gün Bakıdakı 4 tədris korpusu, Quba, Şamaxı, Şəki, Ağcabədi və Cəlilabaddakı filialları, tərkibindəki Azərbaycan Dövlət Pedaqoji Kolleci və Bakı şəhərindəki baza məktəbi ilə ölkənin ən böyük və şəbəkələşmiş ali təhsil müəssisələrindən olan Pedaqoji Univer­sitet, orta məktəblərin tədris proqramla­rına daxil olan bütün fənlər üzrə baka­lavriat səviyyəsində peşəkar və zəruri bacarıqlara malik müəllimlər yetişdirir. Universitetdə, ümumilikdə, 18000-dən ar­tıq tələbənin təlimi ilə 2000-dək əməkdaş məşğul olur ki, onların da arasında 70-dən çox elmlər doktoru, professor, yüzlərlə dosent və fəlsəfə doktoru vardır.

Mübaliğəsiz demək olar ki, son illərdə Pedaqoji Universitet keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ali təhsil müəssisəsində həm maddi-texniki baza, həm tədris, həm sosial həyat, həm də elmi fəaliyyət uğurla inkişaf etməkdədir. Dövlət siyasətinin prioritetlərinə uyğun olaraq, bu gün professor-müəllim və tədris-yardımçı heyətin gəncləşdirilməsi prosesi ge­dir, universitetin məzunları davamlı olaraq doğma təhsil ocağında işə cəlb edilirlər.

Universitetdə imtahanların test üsulun­dan yazılı formaya keçirilməsi isə sözün əsl mənasında təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərmişdir. Bu minvalla ölkədə müəllim hazırlığı prosesinə yeni sistem gətirilmiş və həmin sistem nisbətən qısa zaman kəsiyində özünü tam doğ­rulda bilmişdir. Nəticədə məzunlarımızın müəllimlərin işə qəbulu (MİQ) imtahanla­rındakı nəticələri son illər təxminən 4 dəfə yüksəlmişdir. Həyata keçirilən tədbirlər, təhsil ocağında imtahan sisteminin daha da şəffaflaşdırılması, tələbə-rəhbərlik münasibətlərinin sadələşdirilməsi və demokratikləşdirilməsi inkişafa sanballı töhfə verən amillərdəndir.

Adlı təqaüdlərin təsis edilməsi, həmçinin tələbələrin digər həvəsləndirici tədbirlərə cəlb olunması, universitet və fakültə rəhbərlərinin onlarla müntəzəm (o cümlədən onlayn) görüşlər keçirməsi təhsilalanlarda tədrisə olan marağı daha da artırır. Razılıq hissilə qeyd etmək olar ki, hazırda universitet tələbələrinin 70 faizə qədəri təqaüd alır. Dövlət təhsil siyasətinin tələblərinə uyğun olaraq, yaxın gələcəkdə bu nisbəti daha da artırmaq istiqamətində işlər aparılır.

Universitetdə tələbələrin maraq dairəsinə uyğun fəaliyyətlərin genişləndirilməsi, onların sosial və digər problemlərinin həllinə dəstək göstərilməsi Pedaqoji Universiteti gənclərimiz üçün səmimi təhsil mühiti yaradılmış məkan kimi daha da cəlbedici edir.

Son 5 ildə ADPU-da müəllimlərin şəffaf seçki sisteminin tətbiqi və təkmilləşdirilməsi yönündə aparılan ardıcıl və məqsəyönlü işlər, demək olar ki, artıq başa çatdırılıb. Hazırda yalnız fakültə dekanları və kafedra müdirləri yox, müəllim və tyutorlar da müsabiqə yolu ilə vəzifəyə seçilirlər. Universitetdə tyutor hazırlığı kursları fəaliyyət göstərir. Bütün bu islahatlar tək Bakıda deyil, ADPU-nun bütün filiallarında və nəzdindəki kollecdə də mütəmadi olaraq davam etdirilir.

Universitetin beynəlxalq əməkdaşlığı ildən-ilə genişlənməkdədir. Mübadilə proqramları çərçivəsində bir çox ölkələrə tələbə və müəllimlərin göndərilməsi prosesi davam edir. Hazırda ADPU-nun 53 xarici ali təhsil müəssisəsi ilə bir­başa əlaqələri mövcuddur. Türkiyənin 11 universiteti ilə “Mövlanə” proqramı çərçivəsində əməkdaşlıq edilir. Erasmus+ mübadilə proqramı çərçivəsində Eras­mus+ tərəfdaş universitetləri arasında tələbə, akademik və inzibati heyətin mübadiləsi mütəmadi olaraq həyata keçirilir. Pedaqoji Universitet Avrasiya Universitetlər Birliyi (EURAS), Kafkas­ya Universitetlər Birliyi (KÜNİB) kimi beynəlxalq assosiasiyalarla yaxından əməkdaşlıq edir. ADPU həmçinin Avropa Müəllim Hazırlığı Şəbəkəsi (ETEN) və Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının (İAUP) üzvüdür.

Pedaqoji Universitet bu gün

Şəffaflıq, keyfiyyət və tələbə məmnuniyyətini hədəfləyən kompleks tədbirlər nəticəsində Pedaqoji Universi­tetin əldə etdiyi uğurları və tətbiq olunan yenilikləri qısaca nəzərdən keçirməklə inkişaf dinamikasını izləmək mümkündür.

ADPU-nun 2018–2021-ci illər üçün “Ənənələrə sadiq, yeniliklərə açıq univer­sitet!” şüarı ilə Strateji İnkişaf Planı qəbul olunub və onun icrası artıq tamamlanmaq üzrədir.

Tələbə biliyinin qiymətləndirilməsində test sistemindən yazılı imtahanlara keçid, professor-müəllim heyətinin seçkisinin və işçilərin işə qəbulunun müsabiqə üsulu ilə aparılması nəticəsində tədrisin keyfiyyəti nəzərəçarpacaq dərəcədə yüksəlib.

Keçmiş Azərbaycan Müəllimlər İnstitutu ilə birləşmədən sonra işçi heyətinin sayında və universitetin struktu­runda optimallaşdırmanın apa­rılması, fakültə və kafedraların idarəetmə sisteminin təkmilləşdirilməsi, onlardan bəzilərinin birləşdirilməsi, ixtisasların, təhsil səviyyələri üzrə fənlərin fakültə və kafedralar arasında dəqiq bölgüsü, TÜRKSOY kafedrasının, YUNESKO klubunun yaradılması və s. kimi tədbirlərlə müsbət dinamika əldə olunub (hazırda həmçinin YUNESKO kafedrasının yaradılması ilə bağlı layihə hazırlanır).

ADPU-nun həm də elmi mərkəzə çevrilməsinə yönələn tədbirlər fo­nunda son illər hazırlanmış 6 elmi tədqiqat layihəsi Elm Fondu tərəfindən dəstəklənmiş, universitetdə Elmi-Tədqiqat Mərkəzi yaradılmış, 6 dövri elmi jur­nal təsis edilmiş və onlar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Azərbaycan Respublikasında disserta­siyaların əsas nəticələrinin dərc olun­ması tövsiyə edilən dövri elmi nəşrlər siyahısı”na daxil edilmişdir. Magistrant­ların elmi-tədqiqat işlərinin dərc edilməsi məqsədilə Azərbaycanda ilk dəfə “Magist­rant” dövri elmi jurnalı təsis edilmiş və ilk nömrəsi işıq üzü görmüşdür. Universitetin elmi plagiatla mübarizə üzrə daxili sistemi qurulmuşdur. Əməkdaşların beynəlxalq is­tinadlı jurnallarda çap olunmuş əsərlərinin sayı son 5 ildə dəfələrlə artmışdır. Bu nəticələr “Clarivate Analytics” elmi bazası tərəfindən də qiymətləndirilmiş, ADPU mükafatlandırılmışdır.

Pedaqoji Universitetdə professor-müəllim heyətinin fəaliyyət göstəricilərinin qiymətləndirilməsi üçün işlək mexanizim (reytinq sistemi) yaradılıb. Sistemin tətbiq olunduğu ilk ildə ayda 100, son ildə isə 150 ən yüksək nəticə əldə edən müəllimə əlavə ödənişlərin edilməsinə başlanılıb, keyfiyyət təminatı şöbəsi yaradılıb.

2020-ci ildə universitetin mütəxəssisləri tərəfindən bütün müəllimlik ixtisasları üzrə yeni nəsil təhsil proq­ramları hazırlanıb və Təhsil Nazirliyi tərəfindən təsdiq edilib. Bu proqramlarda müəllim hazırlığı sahəsində bir sıra digər yeniliklərlə yanaşı, pedaqoji internaturanın təşkili də nəzərdə tutulur.

ADPU-nun SABAH qruplarında 4 ixti­sas üzrə tələbələr təhsil alır. Universitetdə cari tədris ilindən bəzi ixtisaslar üzrə ingilis bölməsi yaradılıb. İlk dəfə olaraq magistratura səviyyəsində təhsil üzrə MBA (Təhsilin təşkili və idarə edilməsi), Təlim və tədrisin təşkili və metodikası üzrə SABAH magistratura və Gənclərlə iş ixtisaslaşmaları üzrə mütəxəssis hazırlığına başlanılır. Fizika, texnologiya, riyaziyyat, informatika, kimya və biologiya müəllimliyi ixtisaslarında STEAM bacarıq­ları olan yeni nəsil müəllimlərin hazırlan­ması yönündə işlər aparılır. ADPU-da STEAM laboratoriyası yaradılıb, seçilmiş professor-müəllim heyətinə Təhsil İnstitu­tu ilə birlikdə müvafiq təlimlər keçirilib və yeni tədris ilindən yuxarıda qeyd olunan ixtisasların tələbələrinə “STEAM” fənni tədris ediləcəkdir. Həmçinin inklüziv təhsil yanaşmasının geniş tətbiqinə və mü­vafiq ixtisaslarda inklüziv təhsil fənninin tədrisinə başlanılır.

Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramına uyğun olaraq, yuxarıda qeyd edildiyi kimi, iki ildir ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə magistratura səviyyəsində “Təhsil idarəçiliyi” üzrə beynəlxalq ikili diplom proqramı həyata keçirilir və 50 gənc bu proqramda təhsil alır. Hazırda ölkənin ikinci ən böyük universitet kitabxanasına malik olan ali təhsil ocağı kimi, BP şirkəti ilə birgə kitabxana fondunun elektronlaş­dırılmasını nəzərdə tutan irimiqyaslı layihə yekunlaşmaq üzrədir.

Yeni yüzilliyə daxil olarkən

Bu gün 100 yaşı tamam olan Pe­daqoji Universitet fəaliyyətinin növbəti yüzilliyinə yeni və daha çevik hədəflərlə daxil olur. Necə deyərlər, yubiley, əslində, geriyə baxmaq, görülən işlərə nəzər salıb gələcəyi müəyyənləşdirmək üçün düşünmə imkanıdır. XXI əsrdə – dünya­da elm, təhsil və texnologiyaların misli görünməmiş sürətlə inkişaf etdiyi bir şəraitdə Pedaqoji Universitet yüksək ixti­saslı, müasir dünyagörüşlü, milli dəyərlərə sadiq müəllim kadrlarının hazırlanmasını təmin etmək üçün aşağıda sadalanacaq vəzifələrin yerinə yetirilməsini strateji xətt kimi müəyyənləşdirib. 100 illik yubileydən sonra universitetin 2030-cu ilə hədəflənən yeni strateji inkişaf planında da bu istiqamətlər nəzərə alınacaqdır.

Həmin istiqamətlər, əsasən, aşağıdakıları ehtiva edir:

Təhsilalanlara Vətən, dövlət və tarix sevgisinin aşılanması: Gənc müəllimlər Azərbaycan Respublikasının fəal vətəndaşları kimi Vətənə və müstəqil dövlətimizə bağlı, milli-mənəvi və əxlaqi dəyərlərə sadiq insanlar kimi formalaşdı­rılmalıdırlar. Onların öz xalqına olan sev­gisi valideynlərə sevgidən, torpağa sevgisi böyüdüyü məhəlləyə sevgidən başla­yaraq milli-mənəvi sərhədlərimizədək uzanmalıdır.

Təhsilalanların öz ölkəsinin tərəqqisinə xidmət etməsi: Təhsilalanlar müasir dünyanın elmi-texnoloji nailiyyətlərini dərindən mənimsəməli, istifadə etməli, lakin hazır məhsula aludə olmamalı, onun yalnız istehlakçısı deyil, həm də yaradıcısı və istehsalçısı olmağa çalış­malı, bunun üçün daim öz üzərlərində işləməli, bilik və bacarıqlarını durmadan təkmilləşdirməlidirlər.

Rəqəmsal biliklər və xarici dil bacarıq­larının verilməsi: Hər iki bacarıq mütləq yeni nəslə aşılanmalıdır. Bunlardan birin­cisi, tələb olunan minimum digital biliklər, ikincisi isə, gözəl və zəngin ana dilimizdən sonra xarici dilləri – ilk növbədə, müasir dünyanın elm və texnologiya dili olan ingilis dilini öyrənməkdir.

Ümumiləşdirmə aparsaq, milli-mənəvi dəyərlərə sadiq, Vətənə və dövlətə bağlı, rəqəmsal və xarici dil biliklərinə, geniş və müasir dünyagörüşünə, sağlam və müstəqil maraq dairəsinə sahib olan gənc mütəxəssislər və fəal vətəndaşlar yetişdirmək milli təhsilimizin profilini və prioritetlərini formalaşdırmağa kömək edəcək əsas hədəflərdəndir.

Bu ilin oktyabrında dövlət müstəqilliyimizin 30-cu ildönümü tamam olacaq. Müstəqillik dönəmində bütün həmvətənlərimizin ən böyük və ümdə arzusu işğal altındakı torpaqlarımızın azad edilməsi, ölkəmizin ərazi bütövlüyü­nün bərpa edilməsi olmuşdur. Nəhayət, ötən ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsində rəşadətli Silahlı Qüvvələrimiz müzəffər Ali Baş Ko­mandan cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında təcavüzkar Ermənistan ordusunu darmadağın edərək çoxəsrlik tariximizdə ən möhtəşəm qələbəni qa­zandı. Düşmən təslim aktını imzalamağa məcbur edildi, işğal altındakı torpaqları­mız qısa zaman kəsiyində geri qaytarıl­dı. Fəxr edirik ki, Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin sırasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin 129 tələbə və məzunu da var. Tarixi qələbənin qazanılmasında payı olan Pedaqoji Universitetin təmsilçiləri olmağımızdan haqlı iftixar hissi keçiririk. İllər keçəcək, nəsillər dəyişəcək, amma 44 günlük qəhrəmanlıq savaşımız həmişə haqlı qürur mənbəyimiz olaraq qalacaqdır!

Zəfər sevincini yaşayan Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim və tələbə heyəti universitetin 100 illik yubileyinin keçirilməsinə xüsusi diqqət göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin hörmət və minnətdarlığını bildirir.

Əlamətdar haldır ki, universitetimizin 100 yaşının tamam olduğu gün – 26 av­qust həm də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın doğum günüdür. Xalqı­mız Mehriban xanımı ölkənin ictimai-siya­si həyatında mühüm rol oynayan görkəmli dövlət xadimi, təhsil və mədəniyyətimizin himayədarı, nəcib və xeyirxah əməllər sa­hibi kimi tanıyır. Bu əziz gündə Mehriban xanımı ADPU-nun elmi-pedaqoji kollektivi və tələbələri adından səmimi qəlbdən təbrik edir, ölkəmizin tərəqqisinə, insan­ların rifahının yüksəlməsinə yönəlmiş genişmiqyaslı və çoxşaxəli fəaliyyətində yeni uğurlar arzulayırıq.

Dövlət rəhbərliyini və bütün həmvətənlərimizi əmin edirik ki, mövcud­luğunun növbəti yüzilliyinə qədəm qoyan universitetimizin çoxminli kollektivi elm, təhsil, pedaqoji və elmi-pedaqoji kadr hazırlığı sahəsindəki fəaliyyətini bundan sonra daha böyük əzm və yaradıcılıq ruhu ilə davam etdirəcəkdir.

Cəfər CƏFƏROV,

 ADPU-nun rektoru, tarix elmləri doktoru, professor

Check Also

Türkiyə Qarabağda məktəb açmağı planlaşdırır

Türkiyə Maarif Vəqfi yaxın gələcəkdə Qarabağda da məktəb açmağı nəzərdə tutur. Boyukmillet.com xəbər verir ki, bu …