Məlum olduğu kimi, bir çox müxalif partiya seçkilərdə iştirakını bəyan edib. Ancaq onların böyük əksəriyyətinin seçkilərdə blok şəklində deyil, təkbaşına iştirak edəcəyi məlum olur.
Seçkilərə getdiyini bəyan edən bəzi müxalif partiyalar 120 dairənin əksəriyyətindən namizəd irəli sürəcəklərini bildiriblər. Nəzərə alsaq ki, onlar bu seçkiyə blokla deyil, təkbaşına gedirlər, bu say bir qədər şübhəli görünür. Çünki bütün dairələrdən namizəd irəli sürmək üçün kifayət qədər vəkil, səlahiyyətli nümayəndə tələb edilir.
İqbal Ağazadənin rəhbəri olduğu Ümid Partiyası seçki dairələrinin əksəriyyətindən namizədlərini müəyyən etdiklərini bəyan edib.
Seçkidə iştirakı dəqiqləşən Müsavat Partiyasının sədri Arif Hacılı da, demək olar ki, bütün dairələr üzrə namizədləri müəyyən etdiklərini bildirib. O, ad çəkmədən namizədlərin peşələri barədə məlumat verib: “Onların sırasında siyasət və dövlət xadimləri, istiqlalçı millət vəkilləri, keçmiş parlament üzvləri, professorlar, elmlər doktorları, hüquqşünaslar, vəkillər, keçmiş siyasi və vicdan məhbusları, jurnalistlər, politoloqlar, gənc siyasi fəallar var. Bu ölkənin prezidenti olmuş namizədlərimiz də var”. A.Hacılı həftə sonunadək dairələr üzrə namizədlərin tam siyahısının elan ediləcəyini bildirib.
Qeyd edək ki, A.Hacılının “bu ölkənin prezidenti olmuş namizədlərimiz də var” deyəndə kimi nəzərdə tutduğu bəlli deyil. Azərbaycanın 3 sabiq prezidenti var ki, onlardan yalnız Ayaz Mütəllibov həyatdadır.
Təkbaşına bütün dairələr üzrə namizəd irəli sürüb, onların normal kampaniyasını aparmaq müxalif partiyaların hazırkı elektoratı ilə adekvatlıq təşkil edirmi?
- Tamilla Qulami: “Həmin dairələr üzrə kampaniya aparmaq gücümüz olmasa, nəyə görə belə bəyanat veririk?”
Ümid Partiyasının təbliğat və təşviqat məsələləri üzrə sədr müavini Tamilla Qulami “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 9 fevral 2020-ci il növbədənkənar parlament seçkilərində Ümid Partiyası 77 dairə üzrə namizədlərini tam müəyyən edib,10 seçki dairəsi üzrə namizədlərin üst-üstə düşməsi səbəbindən dəqiqləşdirmə aparılır: “Yaxın günlərdə namizədlərin adları açıqlanacaq. Bilirsiniz ki, siyasi institutların üzərinə düşən əsas vəzifə seçkilərdə iştirakdır. Müxalifət bu seçkilərdə qəfildən yaxalanıb. Bu da müəyyən çətinliklər yaradır. Azərbaycan reallıqlarına baxsaq, etiraf etməliyik ki, belə şəraitdə mövcud elektoratla seçki kampaniyası aparmaq çətin olacaq. Biz partiya olaraq, hər zaman seçkilərdə iştirakın tərəfdarı olmuşuq. Bu həm də insanlarda seçkidə iştirakı stimullaşdırır. Bizim Azərbaycanın 70 rayonunda yerli təşkilatlarımız var. Həmin dairələr üzrə kampaniya aparmaq gücümüz olmasa, nəyə görə belə bəyanat veririk? Rayon təşkilatlarımız üzərindən də müşahidəçilərimizi təyin edəcəyik. Biz üzərimizə düşən nə varsa edirik. Ümidvarıq ki, dairə və mərkəzi seçki komissiyalarında həmin müşahidəçilərimiz qeydiyyata alınacaq və bizim üçün hər hansı bir problem yaradılmayacaq. Bəzi dairələrdən biz partiyanın təşəbbüsü ilə bitərəfləri də irəli sürməyi planlaşdırırıq. Bu da tam qanunidir. Bizim hətta ən ucqar region sayılan Naxçıvanda da güclü təşkilatımız var. Demək olar ki, partiyamızın ən aktiv fəaliyyət göstərən təşkilatıdır. Oradan da iki dairədən namizəd irəli sürəcəyik”.
- Samir Adıgözəlli: “Əgər onların belə elektoratı olsaydı, keçirdikləri aksiyalara çoxlu sayda tərəfdar qatılardı”
İctimai-Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, seçki təcrübəsi olan şəxs kimi məsələyə tam obyektiv qiymət verəcək: “Dəfələrlə müstəqil namizəd kimi seçkilərdə iştirak etmişəm. Müxalifətin çox güclü olduğu zamanlar olub. Heç onda bütün dairələr üzrə partiyalar təkbaşına mübarizə aparmadı. Mən ən aktiv seçki kimi qəbul olunan 2005-ci ilə diqqəti yönəltmək istərdim. O vaxt müxalifət seçkidə blok şəklində iştirak edirdi. “Azadlıq” bloku şəklində iştirak zamanı bütün dairələri əhatə edən sanballı namizədləri irəli sürmüşdülər. Bu da ona görə mümkün oldu ki, prosesə bir neçə partiya qatılmışdı. Tam məsuliyyəti ilə deyə bilərəm ki, hazırkı elektoratla müxalifətin heç bir partiyası 120 dairəni əhatə edən təbliğatı təkbaşına aparmaq iqtidarında deyil. Əgər onların belə elektoratı olsaydı, keçirdikləri aksiyalara çoxlu sayda tərəfdar qatılardı. Bütün müxalifət partiyaları bir araya gəlsələr belə, bunu etmək onlar üçün çətin olar”.
Məhəmmədəli QƏRİBLİ