Çərşənbə axşamı , 14 Yanvar 2025
Drone Cameras

Ukrayna Şimali Koreya hərbçilərini əsir götürüb

Zelenski deyib ki, Ukrayna Kim Çen İnin əsgərlərini Rusiyada əsir olan ukraynalı döyüşçülərlə dəyişdirməyə hazırdır

Ukrayna Rusiyanın Kursk vilayətində Şimali Koreya hərbçilərini əsir götürüb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında yazıb.

“Bundan sonra Şimali Koreyadan əsir düşən daha çox əsgər olacaq. Qoşunlarımızın digərlərini də tutması an məsələsidir.  Dünyada Rusiya ordusunun Şimali Koreyanın hərbi yardımından asılı olduğuna heç bir şübhə qalmamalıdır. Putin üç il əvvəl NATO-ya ultimatumla və tarixi yenidən yazmaq cəhdləri ilə başlamışdı. Lakin indi Pxenyanın hərbi dəstəyi olmadan idarə edə bilməz. Ukrayna Kim Çen İnin əsgərlərini Rusiyada əsir olan döyüşçülərimizlə dəyişdirməyə hazırdır. Geri qayıtmaq istəməyən Şimali Koreya əsgərləri üçün başqa seçimlər də ola bilər. Xüsusilə, bu müharibə haqqında həqiqəti Koreya dilində yayaraq sülhü yaxınlaşdırmaq arzusunu ifadə edənlərə o fürsət veriləcək”- Zelenski bildirib.

Ötən il dekabrın 4-də Şimali Koreya və Rusiya liderlərinin 2024-cü ilin iyununda razılaşdırılmış “Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi” qüvvəyə minib.

Müqavilə nəzərdə tutur ki, tərəflərdən birinə silahlı təcavüz təhlükəsi yaranarsa, mümkün yardım tədbirlərinin razılaşdırılması üçün məsləhətləşmələr aparılır.

Ölkələrdən birinə silahlı hücum olarsa, digəri dərhal hərbi və ya digər yardım göstərəcək.

Tərəflər müdafiə qabiliyyətinin gücləndirilməsi üçün birgə fəaliyyət mexanizmləri yaradacaqlar.

Sənədə əsasən, Rusiya və Şimali Koreya üçüncü ölkələrin ərazilərindən bir-birinin suverenliyini və təhlükəsizliyini pozmaq üçün istifadə etməsinə icazə vermir.

Bu müqavilə ilə Rusiya və Şimali Koreya çoxqütblü beynəlxalq sistem yaratmaq istəyini təsdiqləyir.

Tərəflər həmçinin beynəlxalq platformalarda birgə koordinasiya və qarşılıqlı fəaliyyəti gücləndirmək barədə razılığa gəliblər.

Moskva və Pxenyan üçüncü tərəf tərəfindən bir-birinə qarşı birtərəfli məcburi tədbirləri dəstəkləməmək barədə razılığa gəliblər.

Ölkələr həmçinin dinc nüvə enerjisi sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

İki ölkə arasında hərbi əməkdaşlığa dair razılaşma Pxenyanın Ukraynadakı münaqişədə iştirakının artdığı, 10 mindən çox Şimali Koreya əsgərinin Ukraynaya qarşı döyüşmək üçün göndərildiyi bir vaxta təsadüf edib.

Rusiya 2022-ci il fevralın 24-dən Ukraynaya qarşı mübaribəyə başlayıb.

Check Also

Tramp Ukrayna və Qəzzadakı münaqişələri necə həll edəcəyini açıqlayıb

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Ukrayna və Yaxın Şərqdəki münaqişələri necə həll edəcəyini açıqlayıb. …