Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

17 il həbs cəzası alan şəxs: “Ana söyüşü söydü, öldürdüm. Əcəb eləmişəm”

Evinə gələn şəxsi qətlə yetirməkdə ittiham edilən İsgəndər Hüseynov hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1963-cü il təvəllüdlü Hüseynov İsgəndər Şükür oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hadisənin əsas şahidi mərhumun və təqsirləndirilən şəxsin kirayədə yaşadığı evin sahibi Xanım İmamverdiyeva dindirilib.

O deyib ki, fərdi yaşayış evini bir neçə hissəyə bölərək kirayəyə verib.

X.İmamverdiyevanın dediyinə görə mərhum İlqar Mirzəyev uzun illər onun evində kirayədə yaşayıb. Daha sonra da İsgəndər Hüseynov onun evində kirayədə yaşamağa gəlib:

“İlqar yaxşı adam idi. Mənə bir insan kimi həmişə köməyi dəyib. Həmin ara İlqar rayona getmişdi. Ev boş olduğundan İsgəndərə verdim. Təsadüfən həmin gün İlqar da rayondan qayıtdı. Amma İsgəndər həmin otaqdan çıxmadı. Mən təklif elədim ki, yan otağa keçsin. Amma keçmədi. Sonra aralarında mübahisə yarandı. İlqar çıxıb getdi. Bir dəfə də qayıdıb gəldi. Yenə də mübahisə elədilər. İlqar İsgəndəri evdən çıxarmağımı istədi. Mən də dedim ki, ev mənimdir, özüm bilərəm”- deyə şahid bildirib.

Qətl hadisəsinin baş verməsini görmədiyini deyən ev sahibi bildiklərini belə danışıb: “İlqar evdən axırıncı dəfə çıxanda dedi ki, bir də bu evə gəlsəm, atama lənət. Amma axşam qonşular dedi ki, İlqar qayıdıb. Gedib otağa baxdım ki, ikisi də otaqdadır. İsgəndər oyaq idi, amma İlqar yatmışdı. Fikirləşdim ki, çöldə qalıb yəqin ki, çox soyuq olub. Kartof da almışdı. Aparıb qızardıb gətirdim. İsgəndərə dedim ki, yeyərsiniz. Sonra da çıxıb evə getdim. Dərman içib yatmışdım. Bir də gördüm ki, qapı döyülür. Dedilər ki, evində adam öldürüblər”.

Təqsirləndirilən İsgəndər Hüseynov deyib ki, ev sahibi də İlqarın onu təhqir etməsini eşidib, amma demir.

İ.Hüseynov İlqar Mirzəyevi öldürdüyünü bir daha etiraf edib: “Bəli, məni söyüb, təhqir edib deyə öldürmüşəm. Ana söyüşü söydü, öldürdüm. Bunu keçə bilmədim. Mən onu vuranda yatmamışdı. Yuxudan oyananda onu otaqda gördüm. Niyə gəldiyini soruşdum. Axırıncı dəfə söyəndə vurdum. Bircə dəfə vurmuşam. Yaxşı eləmişəm, əcəb eləmişəm. Heç də pemman deyiləm. Amma bir ondan narazıyam ki, mənə düzgün ittiham verməyiblər. Onu yatan yerdə, köməksiz vəziyyətdə öldürməmişəm. Onsuz da cəzamı çəkəcəm. Amma ədalətli olan olsun. İlqar narkomanın, alkaşın biri idi. Hər gün içirdi, çəkirdi”.

Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan edilib.

Məhkəmədə dövlət ittihamçısı çıxış edib. Prokuror İsgəndər Hüseynovun törətdiyi əmələ görə 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İsgəndər Hüseynovun vəkili Nəzrin Cəfərova müdafiə çıxışında hüquqlarını müdafi etdiyi şəxsin əməlinin düzgün tövsif olunmadığını qeyd edib.

Söyləyib ki, İsgəndər Hüseynov qətl törətdiyini etiraf edib: “Amma o, mərhumu yatan yerdə öldürməyib. Bunu sübut edən heç bir sübut yoxdur. Müvvəkilim özü qətl törətdiyini səmimi şəkildə etiraf edir. Bildirir ki, onu söydüyü üçün İlqar Mirzəyevi vurub.

Ona qarşı irəli sürülən Cinayət Məcəlləsinin 120.2.9-cu (xüsusi amansızlıqla, köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməlidir”.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən İ.Hüseynov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə Bakının Qaradağ rayonunda baş verib.

Lökbatan qəsəbəsində Bərdə rayon sakini, 1963-cü il təvəllüdlü İsgəndər Hüseynov 1972-ci il təvəllüdlü tanışı İlqar Mirzəyevi bıçaqlayaraq öldürüb.

Məlum olub ki, İsgəndər Hüseynov əvvəllər məhkumluq həyatı yaşayıb. O, Lökbatan qəsəbəsində kirayədə yaşayırmış. Həmyerlisi İlqar Mirzəyev həmin gün onun kirayədə yaşadığı evə gəlib. Yeyib-içən tanışlar sonda mübahisə ediblər. Mübahisə qanlı olayla nəticələnib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (xüsusi amansızlıqla, köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İ.Hüseynov Moskvada saxta sənəd və narkotikə görə 2006-cı ildə məhkumluq həyatı yaşayıb. (musavat.com)

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir