Muxtar respublika gəncləri hərtərəfli qayğı ilə əhatə olunublar
1997-ci il fevralın 1-də ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Gənclərin birinci Forumunun keçirildiyi gün-fevralın 2-si Azərbaycanda Gənclər Günü elan edilmişdir.
Ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sağlam düşüncəli gənc nəslin yetişdirilməsini, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlamışdır. Dahi rəhbərin təşəbbüsü ilə hələ Sovetlər Birliyi dövründə Azərbaycan gəncliyinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, milli dəyərlərə və tarixi-mədəni irsə bağlı gənc nəslin formalaşdırılmasının əsası qoyulmuşdur. O dövrdə gənclərin təhsili sahəsində həyata keçirilən tədbirlər, xüsusilə milli hərbçi kadrların hazırlanması ölkəmizin gələcəyinə hesablanmış tədbirlər idi. Müstəqillik illərində də ümummilli liderimizin rəhbərliyi ilə gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəal iştirakı təmin olunmuş, onların sosial problemlərinin həlli istiqamətində lazımi tədbirlə görülmüşdür. Dövlət təşkilatlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək üçün 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılmış, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazası formalaşdırılmışdır.
Bu gün ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı ilə gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevrilmişdir. Bu sahədə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycan gəncləri öz intellektual səviyyələri, bilik və bacarıqları ilə ölkəmizin inkişafında yaxından iştirak edirlər.
Muxtar respublikamızda da gənclərin sağlam, vətənpərvər ruhda böyümələri, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir. “Bu gün bizim qarşımızda bir vəzifə durur: Mənəviyyatca təmiz, intellektli və vətənpərvər gənclər yetişdirmək. Gənclərin bir yolu var. Bu yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur. Hər bir gənc yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və ona göstərilən etimadı doğrultmalıdır”.
Muxtar respublikamızda gənclərin yüksək səviyyədə təhsil alması, intellektual dünyagörüşünün formalaşması və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə tədbirlər görülür. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq muxtar respublikada Gənclər Mərkəzi, elektron kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, məktəb binaları, olimpiya-idman kompleksləri, yaşayış kompleksləri tikilərək və ya əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilmişdir.
Gəncliyə qayğı gələcəyə qayğıdır. Ona görə də gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, bu sahədə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilməsi və onların xidmətlərinin qiymətləndirilməsi kimi mühüm tədbirlər təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” Fərmanı muxtar respublikada gənclərə göstərilən diqqət və qayğının davamıdır. Bu fərmanla Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı” təsis edilmişdir. Naxçıvan şəhərində Gənclər Mərkəzinin istifadəyə verilməsi gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması, gənclərin inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyətə malikdir.
Muxtar respublikada aparılan müasirtipli məktəb quruculuğu, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, xüsusilə də məktəblərdə kompüterləşmə, internetdən istifadənin təmin olunması, elektron lövhəli siniflərin, mütaliə vərdişlərinin artırılması üçün zəngin kitabxanaların yaradılması, ən əsası isə tədrisdə yeniliklərin tətbiqi ən ucqar dağ kəndlərini belə əhatə edib. Şagirdlərdə bilik və elmi dünyagörüşünün inkişafı məqsədilə ümumtəhsil məktəbləri ilə ali təhsil müəssisələri, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, muxtar respublikanın muzeyləri arasında interaktiv dərslər təşkil olunur, ustad dərsləri keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitablar”ın siyahısı təsdiq edilməsi isə gənc nəslin vətənpərvərlik, adət-ənənələrə bağlılıq ruhunda tərbiyəsində mühüm amildir. Muxtar respublikada mütaliə üçün geniş imkanlar vardır.
Muxtar respublikada ali və orta ixtisas məktəblərindəki ixtisaslar müvafiq dövlət orqanlarının hamiliyindədir ki, bu da gənclərin peşəkar kadr kimi yetişməsinə öz töhfəsini verir. Bu gün gənclərin təhsili ilə yanaşı, onların işlə təminatı da əsas məsələlər sırasındadır. İstər dövlət idarəçiliyində, istərsə də ictimai və təsərrüfat fəaliyyətinin digər sahələrində gənclərə böyük etimad göstərilir. Ölkəmizin inkişafında, müstəqil dövlətimizin möhkəmlənməsində və müdafiəsində gənc kadrların potensialından geniş istifadə olunur.
İdman və bədən tərbiyəsi gənc nəslin fiziki inkişafında və sağlam böyüməsində mühüm rol oynayır. Bu amil nəzərə alınaraq muxtar respublikada idmanın kütləviliyinə xüsusi diqqət yetirilir. Son illər muxtar respublikanın şəhər və rayonlarında olimpiya-idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman və şahmat məktəblərinin, orta məktəblərdə idman zallarının və açıq idman qurğularının istifadəyə verilməsi gənclərin hərtərəfli böyüməsinə xidmət edir. Yaradılan imkanlardan istifadə edən gənclər Azərbaycan və dünya miqyaslı yarışlarda və çempionatlarda uğurla iştirak edərək Naxçıvan idman məktəbinin adını yüksəldirlər.
Gənclərə göstərilən diqqət, qayğı və etimadın bariz nümunəsidir ki, Naxçıvan şəhəri 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilmişdir. Bu gün gənclərimiz üzərlərinə düşən vəzifələri dərk edir, muxtar respublikanın dünyada tanıdılması istiqamətində sosial şəbəkələrdə də fəallıq göstərirlər.
Muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən birini də gənclərin sosial problemlərinin həlli, xüsusilə də mənzil şəraitinin yaxşılaşdırılması təşkil edir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhərində yeni yaşayış kompleksi, rayon mərkəzlərində yaşayış binaları tikilərək istifadəyə verilmiş, gənclərin mənzil sahibi olmaları üçün tədbirlər görülmüşdür. Hazırda Naxçıvan şəhərində yeni Gənclər yaşayış kompleksinin tikintisi davam etdirilir.
Bu gün gənclərin sosial şəbəkələrdə fəallığı da artmışdır. “Naxçıvan həqiqətləri”, “Naxçıvan gəncləri”, “Naxçıvan xəbərləri” və “Xaricdə təhsil alan naxçıvanlı gənclər” sosial şəbəkə qruplarında gənclər Azərbaycan həqiqətlərini dünya ictimayətinə çatdırır, muxtar respublikanın turizm potensialını tanıdırlar.
Ölkəmiz inkişaf etdikcə gənclərimiz üçün yaradılan şərait də, onların fəaliyyət imkanları da genişlənir. Bu da Azərbaycanın uğurlu gələcəyini təmin edən əsas amildir.