Bu gün Bakının daşnak və bolşevik işğalçılarından azad edilməsinin ildönümüdür.
Düz 98 il əvvəl, sentyabrın 15-də Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazıldı. Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu böyük şücaətlər göstərərək Bakını düşmən tapdağından azad etdi. Bu, Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasından sonra cümhuriyyət tariximizdə baş vermiş ikinci ən mühüm hadisə idi.
Publika.az 1918-ci ilin 15 sentyabr hadisələri ilə bağlı maraqlı faktları təqdim edir.
İlk olaraq bildirək ki, ADR-in 1918-ci ilin 26 iyunundan etibarən formalaşmış ordusunun ixtiyarında cəmi 600 nəfərlik hərbçinin olması Gəncəni işğalçılardan azad etməyə imkan vermirdi. Buna görə də, milli hökumət kömək üçün qardaş Türkiyəyə müraciət etdi. Mayın sonunda Türkiyənin hərbi naziri Ənvər Paşa qardaşı Nuru Paşaya hərbçilərlə Gəncəyə doğru hərəkət etməyi tapşırdı.
Yazıçı, tərcüməçi Manaf Süleymanov “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında yazır ki, Bakını işğal altında saxlayan bolşevik-daşnak ordusunda nizamsızlıq, şəhərdə aclıq, qətl-qarət hökm sürürdü: “Avqustun axırına yaxın, türk qoşunları Lökbatan ətrafında ingilis əsgərlərinə hücum edir, eyni vaxtda Binəqədi cəbhəsinə də irəliləyirdilər. İngilislər eser-daşnak hissələrinə yardım məqsədilə Şimali Stafford alayının bir bölüyünü Binəqədiyə göndərirlər. Lakin bu bölük cəbhədə bir nəfər də olsa eser-daşnak əsgəri tapmır, təpələri tutmaqda olan iki yüz nəfərlik türk əsgərlərlə vuruşa başlayır və məğlub olur. Lökbatan ətrafındakı şiddətli, qanlı vuruşda türklər ingilislərə qalib gəlirlər.
Vəziyyəti müəyyənləşdirmək üçün ingilis generalı Lyu Bağdaddan təcili Bakıya gəlir. O, xəritədə bir yeri göstərib soruşur: “Bu məntəqə kimin əlindədir?” Qərargah zabiti göstərilən nöqtəyə baxıb deyir: “Maştağa, cənab general, türklərin əlindədir”: “Müharibə uduzulub”, – deyə Lyu qaş-qabağını tökür.
Nuru və Mürsəl paşa son hücum planı əsasında qoşuna “irəli!” əmrini verdilər. İngilislərin bölmələri geri çəkilməyə məcbur olduğundan cəbhənin mərkəzi xətti də artıq türklərin əlində idi. Türklərin atdıqları top güllələrindən dəniz qaynayır, ləpələr şahə qalxırdı.
İrana və Türküstana qaçan dövlətli erməni ailələrinin sayı qat-qat artmışdı, adambaşı biletin də dəyəri ağla gəlməyən dərəcədə bahalanmışdı.
“Sentrokaspi diktaturası”nın menşevik, eser, daşnak qüvvələri Qaraşəhər və Ağşəhər körpülərinə doluşub, canlarını götürüb qaçmaq üçün gəmilərə, barjlara, katerlərə, barkazlara və hətta xırda qayıqlara minməyə tələsirdilər.
İngilislər gecə qaranlığında gəmilərdə işıqları söndürüb şəhərdən uzaqlaşmışdılar. Türklər durbinlə baş verən hadisələrə tamaşa edirdilər. İngilislər ixtiyarlarında olan iki hidroplanı hücuma göndərdilər. Türklər hər iki təyyarəni (hidroplan) vurub şəhərin kənarına, qəbiristanlığa saldılar.
İngilis generalı Denstervilin sonralar xatirələrində yazırdı ki, 3 minlik türk ordusu hücuma keçəndə, şəhərdə və cəbhədə 30 mindən çox menşevik, eser, daşnak əsgəri vardı. Onlar Bakını tərk etməzdən əvvəl bankları, mağazaları, müsəlman dövlətlilərinin evlərini, anbarlarını qarət edib gəmilərə yükləmişdilər. Sentyabrın 14-də küçələrdə xüsusi silahlı gözətçilər qoymuşdular ki, “şübhəli” adamları güllələsinlər. Küçəyə, dama, balkona çıxmağı, pəncərələri açmağı qadağan etmişdilər.
Sentyabrın 15-də səhər saat 9-da Nuru Paşanın Qafqaz islam ordusu şəhərə daxil oldu. Nuru Paşa təntənəli şəkildə parad qəbul etdi. Məscid minarələrindən azan səsi ucalırdı. Nuru Paşa “İsmailiyyə” ilə üzbəüz iki mərtəbəli binaya, Mürsəl Paşa isə yenə həmən küçədə vaxtilə Müzəffərəddin şah qonaq qalmış mülkə düşmüşdülər.
Dələduz adamlar, qoçular qaçıb gizlənmişdilər. Divarlarda xüsusi elan – xəbərdarlıq asılmışdı. Qanunu pozanlar edamla hədələnirdi. Bir günlük ehtiyacından artıq evində ərzaq tapılan adamlar, özünə aid olmayan əşyanı yerdən götürənlər, qarət edənlər, zor işlədənlər cəzalandırılacaqdı. Dükanlarda, həyət-bacada, küçələrdə bir kəsin malına, sərvətinə əyri baxan yox idi. Oğurluğun kökü kəsilmişdi. Əliəyrilər, peşəkar oğrular belə, cürət edib başlı-başına qalmış qiymətli şeyləri götürmür, gözucu belə baxmırdılar.
1918-ci ilin 15 sentyabr hadisələri türk ordusunun hətta hərb şəraitində belə humanist prinsiplərlə davrandığını bir daha nümayiş etdirdi. Təkcə onu qeyd etmək kifayətdir ki, Nuru paşa Bakını tərk edə bilməmiş rus əsgər və zabitlərinə qarşı qisasçılıq addımları atmadı. Halbuki ruslar Nargin adasında türk əsirlərinə qarşı qeyri-insani rəftar nümayiş etdirmiş, amansız davranmışdılar. Nuru paşanın göstərişi ilə rus zabitlərinə maddi yardım edildi.
Bakının azad edilməsi Azərbaycan tarixində müstəsna əhəmiyyət malik idi. Ən azı ona görə ki, əgər 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu şəhəri daşnak-bolşevik işğalından azad etməsəydi, Bakı indi Azərbaycanın paytaxtı deyildi. Çünki bolşevik Rusiyası şəhəri Azərbaycandan ayırmaq barədə planlar qurmuşdu.