Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

44 günlük müharibədə Azərbaycan diasporunun iki mühüm istiqamətdə işi – Birinci vitse-prezidentin xüsusi vurğusu…

Dünyanın müxtəlif ölkələrində olan diaspor təşkilatlarımız Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatları dönəmində Ordumuza, Dövlətimizə dəstəklə bağlı çoxsaylı etiraz aksiyaları keçiriblər.

Həmin  aksiyalarda soydaşlarımız müxtəlif tələblərlə çıxış ediblər. Bu qısa müddət ərzində keçirilən aksiyaların təhlili göstərir ki, tədbirlərin mahiyyəti ümumi erməni təxribatlarına, ermənilərin mülki obyektleri vurmasina və ermənilərin təcavüz aktlarına lazımi beynəlxalq qiymətin verilməməsinə qarşı olub.

  • 44 günlük savaş dönəmində Azərbaycan diasporunun fəallığı ciddi şəkildə nəzərə çarpdı…

Azərbaycanın növbəti erməni təxribatına qarşı başlamış olduğu əks-hücum əməliyyatı və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı haqq davasında, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ona mane olmağa, dayandırmağa, Ermənistanı Azərbaycanın əlindən, haqlı mübaizəsindən xilas etməyə çalışan beynəlxalq təşkilatlar, qurumlar, eyni zamanda dövlətlər də oldu. Bu da, təbii ki, erməni lobbisinin, erməni diasporunun uzun illər həmin ölkələrdəki məqsədyönül fəaliyyətinin nəticəsidir. Ancaq onu da qeyd etmək lazımdır ki, Azərbaycan diasporu da bu illər ərzində təşkilatlandığı ölkələrdə fəaliyyətsiz qalmayıb, erməni təxribatları, yalanlarına qarşı əzmlə mübarizə aparıb, beynəlxalq aləmdə, ayrı-ayrı dövlətlərdə Azərbaycanın haqq səsini həmin ölkələrin cəmiyyətinə, rəsmi və qeyri-rəsmi qurumlarına çatdırmağa çalışıb. Xüsusilə də 44 günlük savaş dönəmində Azərbaycan diasporunun fəallığı ciddi şəkildə nəzərə çarpdı. Artıq Azərbaycan dövlətinin ən ali rəsmiləri belə diasporumuzun fəaliyyətindəki bu məqamı xüsusi olaraq vurğulayırlar. 

  • “Ermənistan tərəfindən törədilən hərbi təxribatlar bitib-tükənmirdi”

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın qələbə qazanmağımızla bağlı xalqa müraciətində də bu məqama xüsusi diqqət yönəldilir. Müraciətdə deyilir:

“Əziz həmvətənlər!

Bu gün böyük gündür – Qələbə Günüdür! Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu! Tarixi ədalət bərpa olundu! Həqiqətən əlamətdar olan bu hadisə münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm!

Ermənistan özünün tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi! Biz öz nəcib xilaskar missiyamızı şərəflə yerinə yetirdik! Biz öz Vətənimizi qoruduq, əzəli Azərbaycan torpaqlarını işğaldan azad etdik, Azərbaycanın səbirlə gözlədiyi Qələbəni qazandıq! Biz uzun illər boyu həqiqətin və tarixi ədalətin təntənəsini gözləyirdik. Münaqişənin dinc yolla nizamlanmasına dair danışıqlar prosesində 30 ilə yaxın iştirak etməyimiz bizim sülh tərəfdarı olmağımızın əyani göstəricisidir. Ermənistan 27 il ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə etinasızlıq göstərib. Ermənistan tərəfindən törədilən hərbi təxribatlar bitib-tükənmirdi. Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, o, özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir və bunu etdi!”

  • “Vətənimiz, ortaq evimiz uğrunda döyüşürdü…”

Mehriban xanım Əliyeva Ordumuzun əldə etdiyi uğurlardan bəhs edərək bunları söyləyib: “2020-ci il sentyabrın 27-dən davam edən hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad etdi. Azərbaycanın mədəniyyət incisi – Şuşa şəhəri azad ediləndən cəmi bir neçə saat sonra bizim döyüşçülərimiz 72 yaşayış məntəqəsini və 9 strateji yüksəkliyi öz nəzarəti altına almağa nail oldu. Bu, şübhəsiz, Ermənistanın hərbi və siyasi rəhbərini çıxılmaz vəziyyətə saldı. Bizim ordumuz öz müqəddəs dəyərləri –  Vətənimiz, ortaq evimiz uğrunda döyüşürdü və bu müqəddəs mübarizədə dözüb dayandı və qalib gəldi!”

  • “Onun başçılığı ilə biz xalqımızın özünəinamını qaytaran Qələbəni qazandıq!”

Birinci vitse-prezident bu anlarda bütün dünya azərbaycanlılarının  sevinc və qürur hissləri keçirdiyini xüsusi olaraq qeyd edib: “Bizim Prezidentimizə görə, igid əsgərlərimizə və zabitlərimizə görə, Azərbaycan xalqının vətənpərvərliyinə, sıx birliyinə və həmrəyliyinə görə qürur keçirir!

Hər birimiz bizim Prezidentimizə, Ali Baş Komandan İlham Əliyevə hədsiz təşəkkür edirik! Onun rəhbərliyi ilə müasir, güclü Azərbaycan Ordusu yaradılıb! Məhz onun sarsılmaz iradəsi, cəsarəti, əzmkarlığı və qətiyyəti sayəsində Azərbaycan Ordusu düşməni sarsıtdı, müharibənin nəticəsini müəyyən etdi və qələbə nöqtəsini qoydu. Prezidentimizin güc mənbəyi olan Azərbaycan xalqının hörməti, sevgisi, etimadı, inamı və dəstəyi ona Avrasiya məkanında ən uzunmüddətli münaqişələrdən biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini başa çatdırmaqda kömək etdi. Onun başçılığı ilə biz xalqımızın özünəinamını qaytaran Qələbəni qazandıq! Bu Qələbənin möhtəşəmliyi Azərbaycan dövlətinin tarixində əbədi qalacaq!”

  • “Azərbaycanın mövqeyini müdafiə edən və Ermənistanın işğalçı mahiyyətini beynəlxalq ictimaiyyətə göstərən soydaşlarımız sağ olsunlar!”

M.Əliyevanın sözlərinə görə, bu müharibə bizə əsrlər boyu bildiyimiz bir həqiqəti – dost dar gündə tanınar həqiqətini bir daha sübut etdi: “Dünyadakı bütün dostlarımıza minnətdaram! Sağ olsunlar ki, bizim dərdimizə şərik oldular, Azərbaycan xalqını dəstəkləyən prinsipial və ədalətli mövqelərini açıq bildirdilər. Qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana xüsusi təşəkkürümü bildirirəm. Onların həmrəyliyi və dəstəyi hər bir azərbaycanlıda qürur hissi oyadır!

Kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkür edirəm. Onların yüksək peşəkarlığı, obyektivliyi, qərəzsizliyi, operativliyi və məsuliyyəti sayəsində bugünkü Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün oldu. Öz vətənlərinin hüdudlarından kənarda Azərbaycanın mövqeyini müdafiə edən və Ermənistanın işğalçı mahiyyətini beynəlxalq ictimaiyyətə göstərən soydaşlarımız sağ olsunlar! Arxa cəbhədə bir yumruq kimi birləşərək Azərbaycan dövlətinin qüdrətini və bizim həmrəyliyimizi bütün dünyaya nümayiş etdirmiş bütün Azərbaycan xalqına minnətdaram!”

  • “Bu müharibə bizim üzərimizdən məğlub sindromunu götürdü”

Göründüyü kimi, Mehriban xanım Əliyevanın müraciətində bir çox kateqoriya insanlara xüsusi minnətdarlıq ifadə olunur. Onların arasında xaricdəki soydaşlarımızın da adı və fəaliyyəti xüsusi vurğulanır. Bildirilir ki, bu dönəmdə onlar həm Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər, həm də Ermənistanın işğalçı mahiyyətini dünyaya çatdırdılar. Bu istiqamətlər üzrə fəaliyyət barədə Rusiyanın Tatarıstan Respublikasındakı diasporumuzun liderlərindən olan, həmin Respublikanın Milli Elmlər Akademiyasının akademiki Natiq Bədəlovun fikirlərini öyrəndik. O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan dövlətinin işğal altında olan torpaqlarımızı azad etmək üçün apardığı haqlı mübarizədən, Ali Baş Komandanın misilsiz xidmətləri və rəşadətli ordumuzun uğurları bizi hədsiz sevindirdi: “Bu günlər ərzində biz azərbaycanlılar həm də dünyadakı erməni diasporu ilə informasiya müharibəsi içində olduq: “Azərbaycan diasporu doğrudan da həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında böyük əzmkarlıq göstərdi. Bir çox soydaşlarımız ordumuza və mülki şəxslərə humanitar yardımını əsirgəmədi. Biz, xüsusilə də erməni təxribatları və yalanlarının ifşa olunması istiqamətində əvəzsiz mücadilə ortaya qoya bildik. Vətən torpağının hər qarışında, o cümlədən düşmən tapdağından azad olunan ərazilərimizdə əzəmətlə dalğalanan üçrəngli, ay-ulduzlu bayrağımız hər bir azərbaycanlının qəlbində qürur və fərəh hissi yaradır. Biz milli qürur mənbəyimiz olan üçrəngli bayrağımızı dünyanın müxtəlif ölkələrində dalğalandırmağımızla da  fəxr edirik. Bu müharibə bizim üzərimizdən məğlub sindromunu götürdü. Çox böyük tarixi ərazilərimiz özümüzə qayıtdı.  Erməni separatçılarının indiyə kimi arzuladıqları “müstəqillik” xulyalarına birdəfəlik nöqtə qoyuldu”.

  • “Hətta bizim borcumuz olan fəaliyyətimizə görə təşəkkür alırıqsa, bundan böyük xoşbəxtlik ola bilməz”

Diaspor fəalının sözlərinə görə, Mehriban xanımın bu məqamı xüsusi vurğulaması onlarda böyük ruh yüksəkliyi yaradıb: “Demək ki, bizim atdığımız hər bir addım dövlətin diqqət mərkəzindədir. Hətta bizim borcumuz olan fəaliyyətimizə görə təşəkkür alırıqsa, bundan böyük xoşbəxtlik ola bilməz. Təbii ki, diasporumuzu qüvvətli edən Azərbaycan dövlətinin gücünün artması, Silahlı Qüvvələrimizin ölkənin ərazi bütövlüyünün bərpa olunması uğrunda uğurlu əməlliyyatlar keçirməsidir.

Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti ilə yanaşı, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın Heydər Əliyev Fondunun vasitəsilə Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunması ilə bağlı ardıcıl fəaliyyəti, Avropanın qabaqcıl ölkələrində həyata keçirdiyi irimiqyaslı hümanitar layihələr diasporumuzun yeni müstəviyə çıxmasında müstəsna rol oynayıb. Məhz bu cür fəaliyyətinə görə ölkənin Birinci vitse-prezidentinə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Biz bundan sonra da daim dövlətimizin yanında olacağıq. Lazım gəlsə, bu yolda canımızdan belə keçməyə hazırıq.  Azərbaycan bizim qürur, fəxarət yerimizdir. Vətənimizin güclü olması bizi daha da güclü və iradəli edir. Bundan sonra da Azərbaycanın nailiyyətlərini görəcəyik. İşğaldan azad edilən hər qarış torpağı gəzib, orada fəxrlə vaxt keçirmək ən böyük arzumdur. Tez bir zamanda bunu reallaşdıracam. Bax onda biz Azərbaycanın nələri əldə etdiyini daha gözəl dərk edəcəyik. Eşq olsun, başda Prezident olmaqla, Azərbaycanın siyasi rəhbərliyinə və onun ordusuna ki, bizə belə günləri qismət etdi”.

Azərbaycan diasporunun müharibə dönəmində gördüyü işlər doğrudan da təqdirəlayiqdir. Onlar bu çətin dönəmdə bizimlə bərabər müharibənin içində olub, onun doğurduğu bütün ağrı-acını yaşadılarsa, bu gün də sevincini yaşamağı haqq edirlər.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …