“Biz gənclərimizi gələcəyimizin təminatçısı olaraq görürük”.
Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
O bildirib ki, gənclər yaradılan şəraitdən uğurla istifadə edirlər: “Biz istəyirik ki, gənclər bu ölkəyə, torpağa töhfə versinlər. İki ay əvvəl zəlzələ oldu. Böyük bir fəlakət yaşadıq. Biz istəyirik ki, müvafiq qurumlar, həmçinin vətəndaş cəmiyyəti təşkilatları əsrin fəlakətinin nəticələrinin aradan qaldırılması üçün hansı addımları atdıqlarını gənclərimizə danışsınlar”.
F.Altun söyləyib ki, təbii fəlakətlərə hər zaman hazır olmaqla bağlı kütləvi ictimai rəyin yaradılması prioritetlərdən biridir: “Maarifləndirmə tədbirlərimiz gələcəkdə də davam edəcək. Belə tədbirlərdə gənclərimiz dövlətimizin onlara yaratdıqları şərait və imkanlarla daha yaxından tanış ola biləcəklər”.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
Hadisə nəticəsində 50 mindən çox insan həlak olub.