Türkiyənin Qara dənizdə yeni kəşf edilmiş qaz yatağı ölkənin yerli təbii qaz istifadəsinin təxminən 30 illik tələbatını təmin edə bilər.
Bunu “Report”a verdiyi açıqlamasında Dünya Enerji Şurası Türk Milli Komitəsinin enerji diplomatiyası üzrə işçi qrupunun sədri, Türkiyənin Ortadoğu Texniki Universitetinin professoru Oktay Tanrısevər birdirib.
Onun sözlərinə görə, hazırda Türkiyənin Qara dənizdə qaz kəşfiyyatı hazırda 710 milyard kubmetr təşkil edir: “Bu həcmin bütün istehlakçılar tərəfindən istifadəsi, sənaye sahələri də daxil olmaqla, ölkənin ümumi qaz istehlakının 1/4-ini təmin edəcək. Amma bununla belə, Türkiyə başda Azərbaycan olmaqla, digər təchizatçı dövlətlərdən də qaz almağı davam edəcək”.
O. Tanrısevər, bu yatağın kəşfindən sonra da Türkiyənin idxal etdiyi qazın həcminin azalacağını düşünmür. Əksinə bildirir ki, Türkiyənin Avropaya qaz qovşağı yaratmaq və qaz satışı mərkəzi olması müzakirə predmeti olarsa, təbii qaz idxalı zamanla daha da arta bilər: “Qara dəniz qazı ilk növbədə təbii qaz təchizatının təhlükəsizliyi ilə bağlıdır və müxtəlif səbəblərə görə yarana biləcək ehtiyacları da asanlıqla aktivləşdirə bilən alternativ olacaq. Bu yanacaq hesabına Türkiyə baş verə biləcək fiziki və iqtisadi dalğalanmalara asanlıqla dözə biləcək, enerji təhlükəsizliyini artıracaq”.
Yeri gəlmişkən, Türkiyənin Qara dəniz qazının istehlakına başlanıldıqdan sonra hər ev üçün 25 kubmetrinin ödənişi dövlət tərəfindən qarşılanacaq. Bununla da Türkiyə dövləti hər evin 130 lirəlik təbii qaz ehtiyacını qarşılayacaq.
Xatırladaq ki, TPAO şirkətinin prezidenti Melih Han Bilginin fikrincə, Türkiyə Qara dənizdəki Sakarya qaz yatağı sayəsində ilin sonuna qədər tədarükdən asılılığını 15 % azaltmağı planlaşdırır: “Birinci mərhələdə “Sakarya” yatağı idxal qazından asılılığı 15 % azaldacaq, bu, ilin sonuna qədər baş verəcək. Sonra ikinci mərhələ ilə bu asılılıq 35 % azalacaq”.