Avropa üzrə 1 milyona yaxın müəllimi və iki yüz mindən çox məktəbi vahid virtual məkanda birləşdirən “eTwinning” pedaqoji işçilərə ünsiyyət qurmaq, əməkdaşlıq etmək, təhsil layihələri yaratmaq və birgə icra etmək vasitəsilə Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir.
Boyukmillet.com xatırladır ki, Azərbaycan da 2013-cü ildən etibarən beynəlxalq “eTwinning Plus” layihəsində iştirak etməyə başlamışdır. Bu proqram Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsi olan “eTwinning” layihəsinin genişlənməsidir.
Layihələrin icrası dram, musiqi, yaradıcı yazı, uşaq oyunları, zəka oyunları, kodlaşdırma mozaikası kimi bir çox fərqli fəaliyyətləri özündə birləşdirir. Bu zaman aşağıdakı məqsədlərə nail olunur: şagirdlərə XXI əsr bacarıqlarının aşılanması, öyrənmənin vərdiş halına gətirilməsi, yaradıcı düşünmə bacarıqlarının genişləndirilməsi, şəxsiyyət kimi formalaşmağa dəstək olma, bilik, bacarıq və vərdişlərin fəal şəkildə qazandırılması, ünsiyyət, əməkdaşlıq, özünüifadə və İKT bacarıqlarının inkişafı, şagirdlərdə özünəinamın artması, bir çox veb 2 və veb3 alətlərindən istifadəni öyrənmə.
Hazırda rəqəmsal dünyada yaşayırıq və axtarış sistemləri vasitəsilə müxtəlif növ məlumatları əldə etmək çox asandır. Vaxta qənaət və əlçatanlıq kimi müsbət cəhətlərlə yanaşı, bu cür əlçatanlıq özü ilə kibertəhlükəsizlik və arzuolunmayan məzmun kimi problemlər də gətirir.
Builki layihəmizin əsas məqsədlərindən biri də məhz bu sahədə – internet təhlükəsizliyi ilə bağlı şagirdlərimizi maarifləndirmək idi. Bunun üçün onlara maarifləndirici materiallar izlədildi, bildiklərini yoxlamaq üçün onlayn oyunlar oynanıldı, sertifikatlar qazanıldı, mütəxəssislə görüş qismində Microsoft Azərbaycan və İnnovativ Öyrənmə Şəbəkəsinin (ILN) yaradıcısı və rəhbəri Mehriban xanım Ziya ilə virtual görüş təşkil olundu.
Layihəmizin adı “Digital tourist” (“Rəqəmsal turist”) iki əsas məqsədin qarşıya qoyulduğunu göstərirdi: şagirdlərə rəqəmsal mühitdə daha təhlükəsiz və rahat bir şəkildə fəaliyyət göstərməyin öyrədilməsi və sərhədləri aşaraq, uzaq məsafələri yaxın edərək müxtəlif şəhərlər və ölkələr haqqında bilgi əldə etmək.
Layihə həmçinin şagirdlərdə informasiya araşdırmaq, müxtəlif veb2 alətlərdən (Canva, Wordwall, Storyjumper, Quizizz) istifadə edərək onları təqdim etmək, sosial-kommunikativ bacarıqlara yiyələnmək, mədəni müxtəlifliklə bağlı tolerantlıq sərgiləmək, kreativ düşünmək kimi bacarıqları inkişaf etdirməyə xidmət etdi.
Layihənin davam etdiyi beş ay ərzində yeddi ölkədən – Türkiyə, Azərbaycan, Gürcüstan, Almaniya, İtaliya, Rumıniya və Albaniyadan olan müəllim-şagird heyəti Metaverse (Metadünyalar), Spatial platforması, oradakı iş prinsiplərilə bağlı məlumat aldılar, hər ölkənin şagirdləri öz ölkələri, yaşadıqları şəhər barədə bilgiləri Storyjumper aləti vasitəsilə elektron kitab şəklinə saldılar. Ortaq iş kimi layihənin simvolu olan Digichick obrazını öz ölkələrində gəzdirərək onun sərgüzəştlərindən bəhs edən elektron kitab yaratdılar.
Layihə sonunda Spatial sərgi zalında ən yaxşı iş nümunələri təqdim edildi. Spatial platformasında layihə üçün düzənlənmiş otaqda şagirdlər bir-biri ilə avatarları vasitəsilə ünsiyyət qurdular, hər kəs öz ölkəsinə aid bayraq və digər simvolları, ürək sözlərini orada yerləşdirdilər.
Əyləncəli, şagirdlər üçün maraqlı olmaqla yanaşı, eTwinning həm də birgə və diqqətli iş tələb edir. Məsələn, ümumi işlərimizdən birində hər ölkədən olan müəllimlər siyahıya əsasən layihə adının bir hərfini götürməli, onu WordArt vasitəsilə hazırlamalı, şagirdlər həmin hərflə başlayan və layihəni xarakterizə edən bir söz düşünməli, sonda həmin sözü sinifdə səsləndirərək videoya çəkməli idilər. Nəhayət, bütün ölkə iştirakçılarının göndərdikləri videolar bir ümumi videoda birləşdirilir və ortaya möhtəşəm görüntü çıxır.
İlk baxışdan sadə görünən bu akrostik çalışma əslində müxtəlif zaman və məkan fərqlərinə malik layihə üzvlərinin hər birindən möhkəm əməkdaşlıq, sinxron iş tələb edirdi. Çünki ümumi işlərdə hər kəs işin bir hissəsini görür və zəncirin bir halqasında qırılma son nəticəyə mənfi təsir göstərir.
Bura sinif otaqlarındakı şəraitlərin, texniki təchizatın da fərqli olmasını əlavə etsək, meydana cıxan cətinliklər bəzən kreativ həllər tələb edir. Məsələn, bizim sinifdə elektron lövhə olmadığından hərfin çap olunmuş şəklini lövhəmizə yapışdıraraq elektron lövhə təəssüratı yaratmağa çalışdıq.
Etwinning layihələrini müəllim və şagirdlər ücün maraqlı edən də özündə məhz kreativ düşüncəni və əməkdaşlıq ruhunu birləşdirən təkrarolunmaz eTwinning ruhudur.