Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş “Müdrik lider, böyük strateq, qalib sərkərdə” adlı “dəyirmi masa” keçirilib.
Boyukmillet.com xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələri, Azərbaycan Milli Elmlər Akademiyası, A.A.Bakıxanov adına Tarix İnstitutu, media və ictimaiyyətin nümayəndələri, Vətən müharibəsi iştirakçıları, eləcə də digər qonaqlar iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyirmi illik fəaliyyəti dövründə ölkəmizdə bütün sahələrdə sürətli inkişafa nail olmasından, Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsində böyük inam və qətiyyətlə çalışmasından danışıblar.
Qeyd olunub ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan öz Zəfər salnaməsini yazaraq, bütün dünyaya öz gücünü nümayiş etdirib. Bu gün Azərbaycanın şanlı üçrəngli bayrağı 30 ildən sonra işğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə dalğalanır. Dövlətimizin başçısının rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri uğurla davam etdirilir.
Sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlətçilik fəaliyyətinin 20 ilindən bəhs edən sənədli film nümayiş olunub.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirib, xatirə şəkli çəkdirilib.