“İran səfirinin son açıqlaması ermənipərəst mövqeyə sadiqlik kimi başa düşülür”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputatın sözlərinə görə, İranın Ermənistandakı səfiri Mehdi Sübhani ciddi siyasi səhvə yol verib: “Erməni jurnalistin Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı təxribatçı sualına cavab olaraq Azərbaycan torpağı Qarabağ haqqında danışan səfir İran Prezidenti İbrahim Rəisinin mövqeyilə tamamilə ziddiyyət təşkil edən fikirlər səsləndirib. Məlumdur ki, bir neçə gün əvvəl İqtisadi Əməkdaşlıq Təşkilatının Özbəkistanın paytaxtı Daşkənddə keçirilən toplantısı çərçivəsində Prezident İlham Əliyevlə görüşdə İranın dövlət başçısı İbrahim Rəisi Qarabağın uzun illərdən sonra öz əzəli ərazisinə – Azərbaycana qovuşmasını xüsusi qeyd edib. Bərpa-quruculuq işlərində rəsmi Tehran Bakıya hər cür dəstək verməyə hazır olduğunu bəyan edib. Bu bəyanatdan sonra İranın Ermənistandakı səfirinin Qarabağ ermənilərinin hüquqları kontekstində xalqların öz müqəddəratını təyinetmə prinsipini gündəmə gətirməsi qəbuledilməzdir”.
Könül Nurullayeva
“İran səfiri Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsindən danışırsa, onların “qanuni və legitim hüquqlarının təmin edilməsi”nin tərəfdardırsa, o zaman niyə ölkəsi 30 milyondan çox azərbaycanlının hüququnu təmin edə bilmir və ya etmək istəmir?! İrandakı soydaşlarımız bu gün heç öz doğma dilində təhsil ala bilmirlər. Halbuki, İran konstitusiyası hər bir xalqa öz dilində sərbəst təhsil almaq hüququ və məktəblərdə öz dillərinin tədris olunması imkanı tanıyır. Bununla belə, hakimiyyət heç zaman belə hüquqdan istifadə etmək imkanı vermir. Hüquqlarını tələb edən vətəndaşlar isə hüquq-mühafizə orqanları tərəfindən təqiblərə məruz qalır. Qarabağ ermənilərinə gəlincə, Azərbaycan hökuməti bütün milli azlıqlar kimi onların da hüquqlarının müdafiəsinə və təhlükəsizliklərinə tam zəmanət verir”, – o qeyd edib.
Milli Məclisin üzvü vurğulayıb ki, ölkəmiz bu mənada əsl multikulturalizm və tolerantlıq nümunəsi sərgiləyir: “Yəni bu məsələni müzakirəyə çıxaranların qərəzli məqsədi aydındır. İran səfirinin bu mövzuda danışmağa haqqı çatmır. Səfirin bu açıqlaması ermənipərəst mövqeyə sadiqlik kimi başa düşülür. Onsuz da kövrək olan İran-Azərbaycan münasibətlərinə mənfi təsir edir”.
K.Nurullayeva vurğulayıb ki, İbrahim Rəisi Qarabağ məsələsinin tam bitdiyini qəbul etdiyi halda İranın Ermənistandakı səfiri Rəisinin mövqeyindən fərqli yanaşma sərgiləyir: “Belə çıxır ki, İran Azərbaycana bir söz, Ermənistana başqa söz deyir. Bu, çox ciddi məsələdir. Ona görə də İran Xarici İşlər Nazirliyi məsələyə aydınlıq gətirməlidir”.