Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Leyla Əliyeva Dubayda panel iclasda – FOTOLAR

Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən COP-28 çərçivəsində dekabrın 4-də Ümumi Qadınlar Birliyinin sədri Şeyxa Fatimə Bint Mübarəkin himayəsi altında “Qadınlar tərəqqiyə liderlik edir: Su və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda panel iclas təşkil olunub.

Boyukmillet.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT), Ümumi Qadınlar Birliyinin və İsveçrə Qadınlar və Gücləndirmə Assosiasiyasının təşkilatçılığı ilə keçirilən iclasda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Almheiri iştirak ediblər.

İclasda bildirilib ki, iştirakçılar BMT Baş Assambleyasının təhlükəsiz və təmiz içməli su hüququnu başlıca insan hüquqlarından biri kimi təsbit edən qətnaməsinə uyğun olaraq, su idarəçiliyi ilə bağlı aktual problemi həll etmək, onun icmalara və ekosistemlərə təsirlərini araşdırmağa yönəlmiş səyləri əlaqələndirməyə və gücləndirməyə çalışacaqlar.

Müzakirələrdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib: “Biz görürük ki, iqlim dəyişikliklərinə görə Kür, Samur, Araz çaylarında suyun səviyyəsi aşağı düşür. Volqa çayında suyun səviyyəsi enir və bu, Xəzər dənizinə də təsir edir. Biz ötən 7-8 ildə Azərbaycanda quraqlığa şahid olmuşuq və bu da aqrar sahəyə təsirini göstərir. Hökumət ölkədə 10 su rezervuarı yaratmağı planlaşdırır və bununla problem həll olunacaq. Digər məsələsi isə odur ki, təəssüf, biz ölkəmizin ərazisinin 20 faizinin 30 il ərzində işğal altında qaldığı dövrdə həmin torpaqlardakı su ehtiyatlarımızdan məhrum olmuşduq”.

Çıxışlar zamanı su problemlərinin həlli ilə bağlı qarşılıqlı məlumatlılığının artırılmasının, davamlı su idarəçiliyi üçün inklüziv və məlumatlı həllərin təşviq edilməsinin, Dayanıqlı İnkişaf Məqsədlərinə və gender bərabərliyinə nail olmağın əhəmiyyəti xüsusi vurğulanıb. Panel iştirakçıları, həmçinin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olunmasını sürətləndirmək baxımından dünya miqyasında icmaların rifahına, sağlamlığına və bərabərliyinə müsbət təsir göstərə biləcək daha yaxşı su idarəçiliyi üçün qabaqcıl təcrübə və mümkün həll mexanizmlərini, eləcə də iqlim məsələlərini müzakirə ediblər.

Xəlifə Universitetinin professoru Mariam Rashed Al Shehihi bildirib: “Biz BƏƏ-də su ilə bağlı vəziyyət haqqında ən yeni məlumata sahib olmalıyıq. Bununla da problemləri daha yaxşı anlayıb su ehtiyatlarının daha səmərəli idarə edilməsinə nail ola bilərik. Biz anlamalayıq ki, məsələn, BƏƏ-də hansı sahələrdə nə qədər su sərf edilir. Bununla da biz problemləri, indiki və gələcəkdə yarana biləcək vəziyyəti daha yaxşı başa düşə bilərik”.

Panel iclasından sonra iştirakçılar COP28 çərçivəsində fəaliyyət göstərən Azərbaycan pavilyonunda olublar. Məlumat verilib ki, dekabrın 12-dək davam edəcək COP28 çərçivəsində Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan milli pavilyon “İqlim dayanıqlığı üçün davamlı həlləri rəhbər tutaq” mövzusunu əhatə edir.

Pavilyonun konsepsiyası Azərbaycanın zəngin flora və faunası üzərində qurulub. İnteraktiv formatda qurulan pavilyonda ölkəmizin iqlim dəyişikliyi sahəsində siyasəti, atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində Azərbaycan hökumətinin tədbirləri, mitiqasiya və adaptasiya üzrə fəaliyyəti və digər layihələr barədə məlumat verilir. Bildirilib ki, ölkəmiz 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasının 35 faiz azaldılması, 2050-ci ildə isə bu hədəfin 40 faizə çatdırılacağına dair öhdəliyi təsdiqləyib. Bu istiqamətdə aktiv fəaliyyət göstərmək Azərbaycan hökuməti üçün prioritet məsələdir.

Dekabrın 4-də, həmçinin Azərbaycan pavilyonunda İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun təşkilatçılığı ilə “İqlim dəyişməsi və ekosistemlərin bərpası” mövzusunda tədbir keçirilib.

Ümumdünya Təbiəti Mühafizə Fondunun Qafqaz ofisinin mühafizə meneceri Maka Bitsadze, layihə meneceri Yerney Strith, Fondun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əskərov və İDEA təşkilatının nümayəndəsi Zərxanım Ağayeva regionda təbiətin mühafizəsi və bərpası layihələri barədə məlumat verib, Azərbaycanın bu layihələrdəki xüsusi rolunu vurğulayıblar. Bildirilib ki, ötən əsrin ortalarında nəsli kəsilməkdə olan ceyranların tarixi arealı bərpa olunmaqdadır və yeni ərazilərə 350 başa yaxın ceyran köçürülüb. O cümlədən işğaldan azad olunmuş ərazilərə 33 baş ceyran reintroduksiya edilib və bu proses davam etdiriləcək.

img
img
img
img
img
img
img

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …