Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev ifadə verib.
A.Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə bildirib ki, T.Quliyev işlədiyi dövrdə heç bir qanun pozuntusuna yol vermədiyini, təlimata əsasən fəaliyyat göstərdiyini deyib. T.Quliyevin sözlərinə görə, nazir Eldar Mahmudovun imzaladığı tələbnamə əsasında idarədə nömrələr dinlənilib: “Həmişə bu qayda ilə işləmişik. Məhkəmə qərarının olub-olmamasına baxmayaraq, idarə belə fəaliyyət göstərib. İdarəmiz köməkçi idarə olub. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi də bizə dinləmə ilə bağlı müraciətlər edirdi. Həmçinin, Tağı Əhmədovun da telefon nömrəsi nazirin tələbnaməsi əsasında dinlənilib”.
A.Çovdarov arayışında deyib ki, bəzi açılmayan cinayət işlərinin araşdırılması ilə bağlı baş prokurorun müavini Rüstəm Usubov MTN-ə müraciət edib.
Daha sonra şahid qismində A.Çovdarovun sabiq sürücüsü Nurxan Atakişiyev dindirilib. O bildirib ki, ötən prosesdə ifadə verəndən sonra Dövlət Təhlükəsizlik Xidmətində çalışdığı vəzifədən azad olunub. O, Tağı Əhmədov epizodu üzrə dindirilib: “İttihama əsasən, Tağı Əhmədovun oğlu Ruslan Əhmədov və onun qardaşı oğlu Əhmədov Əli Akif müəllimə pulu verərkən mən orda olmuşam. Bunların hamısı yalandır. İstintaq zamanı Əhmədov Əli ilə üzləşərkən o, məni tanımadı. Müstəntiq ona istiqamət verdi və Əli də başını yellədi. Onların Akif Çovdarova pul verilmə söhbəti doğru deyil”.
Məhkəmənin növbəti prosesi yanvarın 9-na təyin edilib.
Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.